Xəbər lenti

Qoy kasıblar da doğsun, Musa Urud!
Ölkə08:07 07.03.2014

Qoy kasıblar da doğsun, Musa Urud!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Arzu Abdulla 

Milli Məclisin Sosial siyasət Komitəsinin sədr müavini Musa Quliyevin (Musa Urud) sən demə, ötən ildən mənə acığı soyumayıb. Səbəbini bilməyənlərə xatırladıram. Deməli, ötən il Xətaidə yerləşən yataqxanalardan birində yaşayan kasıb ailəsində üçəmlər dünyaya gəlmişdi. Hər şey bir yana, ailə gündəlik uşaq qidasını da borc pulla alırdı. Ailəyə təcili yardım etmək gərək idi. O zaman Musa Quliyevə zəng vurdum və soruşdum ki, Azərbaycanda doğulan üçəmlər üçün hansı imtiyazlar nəzərdə tutulub? Sualıma aldığım cavabdan dəhşətə gəldim. İlahi, telefonun o başındakı gerçəkdənmi Mİlli Məclisin deputatı idi? Gerçəkdənmi bu adam Sosial Siyasət Komitəsinin sədr müavinidir?

İnanın, cavab çox dəhşətli idi. İxtisasca həkim olan, Musa Urud imzasıyla şeirlər yazan deputat Musa Quliyev mənə belə cavab verdi: "Kasıbdı, canı çıxsın doğmasın". Bəli, biz belə bir ölkədə yaşamağa məhkumuq. Neyləyək, valideynləri və doğulacağımız məkanı öncədən seçmək kimi şansımız yoxdur.

Amma Musa Uruda bəzən qəlbimin dərinliyində haqq qazandırıram. Çünki bu kasıblıq məsələsi həmişə ana olmaq istəyimin qarşısında sipər olub. Düşünmüşəm ki, dünyaya gətirdiyim ciyərparam kasıblıq ucbatından xəstələnər və elə kasıblıq ucbatından naşı həkimin qurbanı olar. Analıq sevgisini içimdəcə boğub ölkədəki Musa Urud kimi kasıblara qarşı amansız olan məmurların at oynatmağı və etdiklərinin cavabsız qalmağı!

Analıq sevgimi içimdəcə boğub kasıb olmağım, kirayələrdə yaşamağım!

Müqəddəs hissimi yeganə övladını əsgərliyə yola salan ananın oğlunun başına arxadan iki güllə vurulmuş meyitinin şəkilləri boğub. Müdafiə nazirliyi o zaman əsgərin intihar etdiyini iddia edirdi. Bəli, əsgər başına arxadan, hətta ikinci gülləni də "vura bilmişdi" intihar edəndə. Anasının "mən varlı olsaydım, oğlum əsgər getməzdi" fəryadından dəhşətə gəlmişdim, mətbuat konfransından qaçıb bayırda hönkürə-hönkürə , dəli kimi ağlamışdım. Onda özümə söz vermişdim, heç vaxt ana olmayacağıma. Çünki bir anlığa o şəhid oğlunu, o əsgəri oğlum bilmişdim.

Ötən gün Musa Quliyevə yenidən zəng vurdum. Çünki yenə də üçəmlər doğulmuşdu və yenə də bu üçəmlərin gündəlik qidasını valideynləri borc pulla alırdılar. Zəng edib özümü təqdim etdim və işlədiyim saytın adını dedim. Sözüm ağzımda qaldı. Yenə telefonun o başında acıqlı, qəzəbli səs. Üstəlik, bu dəfə kinlə, qəzəblə dolu: "Arzu Abdulla adlı adama açıqlama vermirəm. Sən mənə haqsızlıq etmisən. Yalandan ağzına gələni yazmısan". Deputata anlatmağa çalışdım ki, şəxsi qərəzi kənara qoysun, söhbət ac qalan 3 körpədən gedir, günahsız körpədən. Onlar acdır və təcili kömək etmək gərəkdi. Deputat isə Nuh dedi, peyğəmbər demədi: "Mən hər zəng eləyənə cavab verməyə borclu deyiləm. Cavab vermirəm" və telefonu bağladı. Yenidən yığanda şair qəlbli, ağ xalatlı həkim-deputata anlatmağa çalışdım ki, o, deputatdır, millətin vəkili cavab verməyə, özü də hər zəng edənə cavab verməyə, üstəlik, jurnalistə ikiqat cavab verməyə borcludur.

Sən demə, mən deputatın kasıblara ünvanladığı "canı çıxsın doğmasın" ultimatumunu yazmamalıydım. Digər saytlarda olduğu kimi onun mələk obrazını yaratmalıydım.

Mən isə üzümü Musa Quliyevə və onun kimilərə tutub deyirəm, nolar, siz Allah, qoyun kasıblar da doğsunlar. Əvvəli Allah bütün yaratdıqlarına törəmə qabiliyyəti verib. Siz Allahdan daha çox bilmirsiniz, bunu dəqiq bilirəm. İkincisi, kasıbların hamısının sizə düşmək, sizinlə telefon əlaqəsi qurmaq imkanı olmadığı üçün doğmaq məsələsini planlaşdıranda məsləhət ala bilmirlər. Üçüncüsü, bəlkə icazə verəsiniz kasıblar da doğsun? Həə, sizinləyəm, həkim-şair-deputat! Bəlkə, icazə verəsiniz kasıblar da doğsun. Axı bəzən kasıbların da balası gərək olur sizlərə. Məsələn, siz bu kasıbların doğduqlarını ölkəni başına götürən "Urud" obyektlərinizdə süpürgəçi, fəhlə, nökər kimi işlədə bilərsiniz. Axı o obyektlərin həyətini süpürmək, şüşələrini silmək lazımdı. Görürsünüzmü, kasıbların da uşaqlarına bu vətəndə bəzən ehtiyac olur.

Tez-tez Abdulla məndən soruşur: "Bibi, niyə bizim evimizin pəncərəsi yoxdu?". Hər dəfə "Bu dəfə pəncərəli evə köçərik" deyirəm. Amma hər dəfə maaşım üzümə dirənir, uşağın yanında yalançı edir məni. Kasıb uşaqları dünya adlı evimizi film kimi izləyirlər. O filmin içinə köçə bilmirlər. Bu, ancaq müharibələr başlayanda alınır. O zaman baş rolda kasıblardır. 

...Ermənilər tez-tez sərhədlərimiz pozurlar. Musa Urud, qoyun, kasıblar da doğsunlar. Onların uşaqları müharibələr zamanı gərək olur vətənə. Axı bu vətəni qoruyan lazımdır. Axı bu vətəndə bu kasıbların heç nəyi olmasa da, sizin çoxlu obyektləriniz var. Musa Urud, axı ölkəmizə hücum edən düşmənlərin qabağına o kasıb uşaqları çıxmasa, gəlib sizin o "Urud" adlı obyektlərinizi dağıdarlar. O zaman siz nə edərsiz "Urud"suzluqdan?

Musa Urud siz Allah, izn verin, qoyun kasıblar da doğsun! 

İnterpress.az