Rusiyada kommersiya təyinatlı daşınmaz əmlak biznesi ilə məşğul olan “Torqovıy kvartal” şirkəti Krasnoyarskda tikilməkdə olan ticarət mərkəzinin yarısını tərəfdaş banka - “İnterprombank”a verib.
Bankın idarə heyətinə “Kiyevskaya ploşad” developer şirkətinin sahibi, “Forbes” tərəfindən Rusiyanın daşınmaz əmlak kralı elan edilən Zarah İliyev başçılıq edir.
Oliqarx Zarah İliyev Azərbaycanın Quba rayonunun məşhur “Qırımızı qəsəbə”sindəndir, milyarderdir və prezident Vladimir Putinin tələbəlik dostu kimi tanınan azərbaycanlı oliqarx İlham Rəhimovun biznes ortağıdır.
Rusiya mətbuatı xəbər verir ki, Zarah İliyev və “Qırmızı qəsəbə”dən olan digər yəhudi milyarder Qod Nisanov İlham Rəhimovun Kremldəki əlaqələri hesabına sürətlə varlanmaqdadır.
Virtualaz.org saytının verdiyi xəbərə görə, “Kommersant” yazır ki, “Torqovıy kvartal” developer şirkəti eyniadlı ticarət mərkəzləri şəbəkəsini inkişaf etdirir və Mixail Kirsanovun “Eastward Capital” şirkətinin tərkibinə daxildir.
Şirkətin Krasnoyarskda inşa etməkdə olduğu ticarət mərkəzinin yarısını Zarah İliyevin bankına verdiyini Mixail Kirsanov özü də təsdiq edib.
“Bank şirkətin kapitalına daxil olur, layihəni idarə edəcək və onun nəzarət səhm paketini əldə edəcək”- deyə biznesmen bildirib.
Sonrakı mərhələdə tərəfdaşlar bankın tikintiyə 9 milyard rubl kredit ayırmasını rəsmiləşdirəcəklər. “İnterprombank” bu biznes sövdələşməsini şərh etmir.
“İnterprombank” özəl Rusiya bankıdır. Aktivlərinin həcminə görə 120-ci yerdədir. Bankın əsas səhmdarları Dmitri Mazurov (21,19 faiz) və “Qırmızı qəsəbə”dən olan maqnat İsrail Yakubovdur (19,3 faiz).
2010-cu ildən etibarən bankın idarə heyətinin rəhbəri “Kiyevskaya ploşad” Qapalı Səhmdar Cəmiyyətinin sahiblərindən biri olan Zarah İliyevdir.
Mixail Kirsanov deyib ki, cənab İliyev özü Krasnodarskdakı tikintiyə investisiya qoymayacaq, layihədə ancaq bank iştirak edəcək.
240 min kvardratmetr sahəsi olan ticarət mərkəzinin tikintisi 2013-cü ildə başlayıb, obyekti gələn ilin birinci kvartalında təhvil verməyə hazırlaşırlar. Lakin hazırda tikinti meydançasında işlər dayanıb, partnyorlara tikintini davam etdirmək üçün 9 milyard rubl lazımdır.
“Capital Global Partners” konsaltinq şirkətindən Svetlana Kara deyir ki, Rusiyadakı hazırkı maliyyə və iqtisadi böhran şəraitində heç bir bank bu cür layihələrə 23 faizdən aşağı kredit vermir. Ona görə də developerlərin çoxu belə layihələri ya dayandırır, ya da öz pulları hesabına davam etdirməyə çalışır.
“Belə şəraitdə tikmək iqtisadi baxımdan sərfəli deyil, çünki gələcəyin necə olacağı bəlli olmur. Layihələrin iqtisadi əsaslandırması alt-üst olur. Xüsusən regionlarda, icarəçilərin olmadığı bir vaxtda iri ticarət mərkəzləri tikmək risklidir, gərək bu layihələri təxirə salasan və bazarın sabitləşməsini gözləyəsən”- bunu isə JLL konsaltinq şirkətinin direktoru Natalya Tişendrof deyir.
Qeyd edək ki, digər azərbaycanlı biznesmen Araz Ağalarov bankların kredit faizlərini qaldırmasına görə iri tikinti layihələrini donduracağını açıqlayıb.
Qubalı oliqarxların “Kiyevskaya ploşad” şirkəti isə icarəçilərin qaçmasını əngəlləmək üçün icarə haqlarını aşağı salıb və il ərzində dəyişməyəcəyini elan edib. Qərdən tətbiq edilən sanksiyalar, rublun ucuzlaşması və iqtisadi fəallığın azalması Rusiyada kommersiya təyinatlı daşınmaz əmlak biznesinə də zərbə vurur.//virtual.org
Qaynar.info