
Quba rayonunun Bakı-Quba yolunun üstündə yerləşən Paşaoba kəndinin sakini Habil Məmmədov 9 ildir çətin duruma düşüb və heç cür bu durumdan qurtula bilmir.
Məsələ belədir: Habil Məmmədovun yaşayış evi olan həyətyanı sahəsindən rayonun 5 kəndini qazla təmin edən əsas qaz xətti keçir. Samur-Abşeron kanalından ayrılan su qolu da onun həyətyanı sahəsindədir. Müsahibim həyətindən keçən sovetdən qalma qaz xəttinin olduqca təhlükəli və köhnə, yararsız olduğunu deyir. Bildirir ki, qaz xətti o qədər köhnəlib, təhlükəli hala düşüb ki, burada tez-tez qaz sızması və yanğın baş verir. Onun sözlərinə görə, dəfələrlə qaz xəttinin alt hissəsinə dəmir parçaları yerləşdirib, amma bir müddətdən sonra qaz xətti yenidən su kanalının içinə düşür və sızma halları yenidən baş verir.
Habil Məmmədov deyir ki, bu faktla bağlı bir neçə dəfə Quba qaz istismarı idarəsinə müraciət eləyib, gəlib baxıblar, amma, qaz xəttinin bərpası üçün heç bir iş görülməyib. Vətəndaş qaz idarəsi rəsmilərinin bu məsələdə onu həmişə yalan vədlərlə aldatdığını, ona bu məsələdə heç bir köməklik göstərmədiklərini qeyd etdi.
Bildirdi ki, 2 uşağı həyətdə oynaya bilmir, hər an qaz xəttinin partlayacağından, yanğın baş verəcəyindən ehtiyat edirlər. Bu xətdən yaxınlıqdakı İcnovqışlaq, Vəlvələ, Aşağı Bərqov və Yuxarı Bərqov kəndlərinə mavi yanacaq verilir, əgər hansısa bədbəxt hadisə baş versə, həmin kəndlər qazsız qalacaq.
Şikayətçi Habil Məmmədov bildirir ki, bu xətt vaxtında bərpa olunmalıdır ki, sonradan böyük xərclər ortaya çıxmasın. İstiPress-dən yaşadığı problemin həllində kömək gözləyən Paşaoba kənd sakini Habil Məmmədovun şikayətini Xaçmaz regional qaz idarəsinin Quba qaz istismarı sahəsinin rəisi Kamran Abbasova çatdırdıq. Bu vəzifəyə yeni təyin olunduğunu söyləyən Kamran Abbasov problemlə yerində tanış olub məsələni təcili olaraq həll edəcəyini dedi. (istipress)
Qaynarinfo.Az