
“QUEST NET” şirkətinin fəaliyyəti ilə bağlı yayılan qalmaqallı məlumatlar yenidən gündəmə gəlib.
Belə ki, bir qrup şəxs şirkət tərəfindən aldanıldığını iddia edir və bu məsələdə “QUEST NET” şirkətinin Nəsir Hüseynov, Əhliman Camalov, Hüseyn Nuruyev, Ağalar Mehdiyev, Asim, Qalıb, Elşən Xatirə və Leyla adlı işçilərini günahlandırırlar.
Adı bu məlumatlarda hallandırılan şirkətin keçmiş işçisi Hüseyn Nuriyev isə bu ittihamları təkzib edərək böhtan xarakterli məlumatlar adlandırır. O, Qaynar.info-ya göndərdiyi müraciətində qeyd edir ki, adıçəkilən şəxslərlə bağlı mediaya məlumat ötürən şəxslər kimlərinsə sifarişi ilə onları şantaj edirlər:
"Son günlər informasiya vasitələrinə Rasim Qəhrəmanov, Fərhad Abdulov, İbrahim Məmmədov, Rahim Cəfərov, Müşfiq Kazımov, Əbülfəz Rzayev, Ramilə Cəfərovanın adından məlumat daxil olur ki, guya mənə - Hüseyn Nuriyevə pul verib "LNS" şirkətinə üzv olublar. Bundan əvvəl bu cür məlumatları “QUEST NET”lə bağlı yayırdılar. Amma faktiki olaraq biz özümüz də QUEST NET tərəfindən aldadılmışıq və bununla bağlı hüquqi addımlar da atılıb. Bizi və çoxsaylı vətəndaşları aldadanlar hazırda həbs olunublar. İndi onlara yaxın şəxslər bizdən qisas almaq üçün dövlət orqanlarına və informasiya vasitələrinə qərəzli şəkildə bizdən şikayət edirlər. Bu insanların dövlət orqanlarına yalan məlumat verməkdə məqsədləri nədir? Əllərində heç bir dəlil, sübut olmadan məni - Hüseyn Nuriyevi günahlandırmaq istəyirlər.
Bu insanların saytlarda yaydıqları məlumata görə 17-ci Polis bölməsinə H.Nuriyevlə bağlı şikayət verilib. Lakin şikayətlərə baxılmayıb. Əslində bu insanlardan 17-ci Polis bölməsinə heç bir şikayət daxil olmayıb. İkinci bir məlumat başqa bir informasiya saytında yayılıb ki, guya onlar 18-ci polis bölməsinə şikayət ediblər, ancaq 18-ci polis bölməsi də şikayətlərə baxmayıb. Bütün bunlar yalandır və heç bir fakt təsdiqin tapmayıb, çünki şər və böhtandır. Məqsədlərinə çata bilmədiklərinə görə haqqımda başqa yalan informasiyalar uydurublar. Məni "Nurçu", "Vəhabi" adlandırıblar. Heç bir dəlil, sübut olmadan.
İddia edirlər ki, guya mənə "Parkda", "Nur" çay evində "LNS" şirkətinə üzv olmaq üçün pul veriblər. Yenə də heç bir dəlil olmadan. Bu insanlar yuxarıda qeyd olunan informasiya saytlarında axrıncı dəfə tam başqa bir oyunla çıxış etdilər. Bu dəfə verdikləri yalan məlumat onların guya 2012-2013 cü illərdə mənə pul verdikləri ilə bağlı idi. Əgər bu insanlar 2012-2013 cü illərdə "QUEST NET" şirkətində mənə pul verib aldanılıblarsa, bəs niyə 2014-cü ildə "LNS" şirkətinə üzv olmaq üçün yenidən pul veriblər? Bu yalanları hətta mediaya da ötürüblər.
Bundan başqa, bu insanların yazdıqları yalançı izahatlarda, məlumatlarda qeyd etdikləri uydurma məbləğlər gah 1500 AZN, gah 1700 AZN, gah da 1200 AZN-dir. Dediklərinə görə gah 2012-ci ildə, gah 2013-cü ildə, gah da 2014-cü ildə pul veriblər. Bir dəfə "LNS" şirkətində, bir dəfə də Qnet şirkətində pul verdiklərini deyirlər. Görəsən, bu insanlar, heç olmasa bir dəfə verdikləri məlumatı oxuyublarmı?! Hər dəfə çıxışlarında ayrı-ayrı yalanlar yazırlar. Ayrı-ayrı tarixlərdə yazdıqları informasiyalar bir-birini təsdiqləmir. Özləri-özlərinin yalan danışdıqlarını ortaya çıxarıblar. Onların yaydığı yalan məlumatlar, şər, böhtanlarla bağlı materiallar toplanılıb və məhkəməyə müraciət olunub. Mən bu şər və böhtan kampaniyasına görə onları məhkəməyə vermişəm.
Bu adamların başqa bir yalanı 18-ci polis bölməsinə yazdıqları şikayətdə də əksini tapıb. Yazırlar ki, biz Hüseyn Nuriyevi 2013-cü ilin dekabr ayından tanımışıq, bir ay sonra, yəni 2014-cü ilin yanvarında "Nur" çay evində ona pul vermişik ki, bizi LNS-ə üzv eləsin. Amma başqa bir şikayətdə yazblar ki, Hüseyn Nuriyev bizdən 2012-ci ildə də "QUES NET" şirkərinə üzv olmaq üçün pul alıb. Görəsən, bu adamlar yazıqlarını özləri oxuyurlarmı? Elə bilirlər ki, mənə atdıqları böhtana görə onlardan əl çəkəcəm. Əsla. Mən mətbuat nümayəndələrindən də xahiş edirəm ki, bu məsələdə diqqətli olsunlar, bu cür yalançı informasiyalara inanmasınlar. Biz onsuz da xüsusi ittiham qaydasında həmin adamlara məhkəmə davası açmışıq və hüququn ədaləti ilə haqqı-nahaqdan ayırmağa nail olacağıq".
Hüseyn Nuriyev sonda qeyd edir ki, həqiqətən də, "QUEST NET" şirkəti ilə bağlı cinayət işi açılıb, həbs olunanlar var. Ancaq o bəyan edib ki, bu ittihamların ona heç bir aidiyyatı yoxdur.
Xatırladaq ki, bir neçə gün öncə Daxili İşlər Nazirliyinin mətbuat xidməti də "QUEST NET"lə bağlı məlumat yaymışdı. Həmin məlumatda bildirilirdi ki, faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bir neçə il əvvəl də “QUEST NET” şirkətinin məsul əməkdaşları barəsində dələduzluq faktı ilə bağlı cinayət işi başlanmış, bir neçə nəfər dələzduzluqda itiham olunaraq həbs olunmuşdu.
Qaynar.info