Bakıda binaların həyətində "qulağında qarışqa var” deyib azyaşlı qızın qulağından qızıl sırğalarını oğurlayan şəxsin cəzası məlum olub.
Qaynarinfo-nun məlumatına görə, hadisəni törədən 1985-ci ildə Bakı şəhərində anadan olmuş Sabir (şərti) adlı şəxs saxlanılıb. Onun eyni üsulla başqa azyaşlılara qarşı da cinayət törətməsi istisna edilməyib. Amma Aylin adlı azyaşlıya qarşı törətdiyi əməl həbs edilməsinə səbəb olub.
Sabir Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək deyib ki, əvvəllər çörək sexində çörək bişirən işləyib, hazırda isə rəsmi işi olmadığından fəhləlik edir. 13 avqust 2022-ci il tarixdə binanın həyətindəki oturacaqda əyləşərkən həyətdə 2-3 yaşlı uşaqların oynadığını, onlardan birinin qulağında qızıl sırğa olduğunu görüb. Sabir uşağın qulağındakı qızıl sırğanı oğurlayaraq, satmaq qərarına gəlib. Bu məqsədlə saat 15 radələrində azyaşlıya yaxınlaşaraq "qulağında qarışqa var, icazə ver qarışqanı qulağından götürüm” deyib. Uşaq icazə verib, o isə sırğanı qızın qulağından açaraq hadisə yerindən uzaqlaşıb.
Daha sonra polisin hər tərəfdə onu axtardığını bilib, əməlindən peşman olaraq polisə yollanıb və sırğanı təqdim edib.
Məhkəmənin qərarı ilə Sabir Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və ona 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Əhməd