Orxan Saffari

Blogger
Yazılar
14
Qulağımız olmasaydı...

Qulağımız olmasaydı...

Orxan Saffari
 
Qulaqlar haqqında düşünürəm. Bəli, düz düşündünüz siz də. Bədən üzvümüz olan qulaqları deyirəm. Sözüm Van Qoqun "qulağından" iraq, nədənsə, mənə qulaqlar çox qəribə gəlib həmişə. Düşünürəm ki, bu üzv bədənimizdə artıq olan yeganə hissədir. Nəyə lazımdır? Hə, eşitməyə? Ta o qədər də yox, orasını mən də bilirəm. Əlhəmdülillah, oxumuşluğumuz, görmüşlüyümüz, eşitmişliyimiz də var.

Amma zarafatsız, simamızı korlamasa, təkamüldə eşitmə orqanımız başqa cür olsa, daha yaxşı olardı. Məsələn, elə gözlərimizlə həm görə, həm də eşitsək və həm də əzəldən belə olsaydı, heç kimin qulaq haqqında təsəvvürləri olmasa, daha yaxşı olardı. Bu ət parçası insanın başına elə ancaq bəlalar açır. Azmış kimi, mənasız mahiyyət də yükləyirlər. Nəymiş, qulaq gündə bir söz eşitməsə, kar olarmış. Yaxşı görək.

Amma belə də, həqiqətən adamın başına həmişə bəla gətirir bu qulaqlar. Çiməndə tutulur, içindən hərdən mənasızca kir çıxır, hətta bir ara məlumunuz üzrə, dava vaxtı ancaq qulaqları da kəsirdilər. Keçənlərdən yenidən belə xəbər gördüm ki, bir nəfər qısqanclıq zəminində birinin qulağını dişləyib qopardıb. Müharibədə də döyüşçülərin qulaq fetişi olur, onu bilirsiniz.

Sanki bir ara "mod" düşmüşdü. Çatan çatanın qulağına ilişirdi. Şapalağı da qulağın dibinə vururlar, "sevilməyən" bir qulağın dalı qalır, daha nələr-nələr.
Düzdü, qulaqlar olmasa, qadınlar daha çox əziyyət çəkərdi, bizlər eynək taxa bilməzdik. Saçlarını da arxaya yığa bilməzdilər, amma yenə də, təkamül belə getməsə, yəqin ki, onun da bir çıxış yolu olardı. Olsa, həqiqətən yaxşı olardı. Əslində, bu qərara hələ uşaq ikən gəlmişəm. Atam qulağımı tutub dartmağa başlayandan. Eşşəyin qulağından yekə olurdu, nə bilim, cingildəyirdi. Hələ bu mənasızlıq da var. Biri arxanca danışır, sənin də qulağın cingildəyir.

Olduqca mənasız bir üzv olan bu qulaqlar gələcək üçün də təhlükəlidir. Qocalırsan, bir də gördün ki, kar oldu. Pərdədi, nəsə oldu, partladı, onunla da bədbəxt olursan. Soyuqda da sənə əziyyət verir. Ən çox xeyri də idmançılar üçündü. Qırılmaqla nəyəsə nail olmaq olur. Amma bu qulaqlar həqiqətən də çox mənasızdır. Eyni ilə balaca (çeçələ) barmaq kimi. Bilmirsən, nəyə yarayır, niyə var? Olmasa, problem də olmur. Mən çeçələ barmağı olmayan adamlar tanıyıram, olduqca xoşbəxtdirlər. Ən azından, ora-bura dəyib sızıldamırlar. Ən azından dırnaq gəlib ətə girmir, mazol olmur tez-tez. Nə bilim, ilahi, nə bilim, təkamül...

OXŞAR XƏBƏRLƏR