Xəbər lenti

"125 deputatın içindən futbol oynayan tapmaq çətindir" - Oqtay Abdullayev
İdman15:00 12.05.2016

"125 deputatın içindən futbol oynayan tapmaq çətindir" - Oqtay Abdullayev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, yaxınlarda deputatların Türkiyədə beynəlxalq turniri olub. Azərbaycanlı deputatlar finalda türklərə uduzaraq II yeri tutublar.

Qaynarinfo.az bu turnirdə deputatlarımız tərəfindən oynamış "Neftçi"nin sabiq futbolçusu, Azərbaycan Veteran Futbolçular Birliyinin sədri Oqtay Abdullayevin fikirlərini öyrənib: "Türklərlə oyunda axsamağımın səbəbi ilk matçda zədə almağım idi. Ona görə də çox oynaya bilmədim. Nə qədər çalışsam da, alınmadı. Amma ilk matçda yaxşı oynamışdım. Türklərlə görüşdə oynasaydım, mərkəzi götürəcəkdim və qalib gələcəkdik".

Abdullayev finalda onlara qarşı edilmiş haqsızlıq barədə bunları deyib: "Bu turnirdə ən güclü komanda Polşa idi. Türklər onlardan qorxurdu. Çünki əvvəllər 2 və ya 3 dəfə polyaklar türkləri məğlub edib. Elə oldu ki, biz Polşa ilə düşdük. Biz də onları məğlub etdik. Ancaq Türkiyə ilə oyunda bizim qələbə qazanmağımıza imkan vermədilər. Hakimlər bizi çox sıxışdırdılar. Oyundan sonra özləri də dedilər ki, siz 11 nəfərlə, biz isə 14 nəfərlə oynayırdıq. Oyun vaxtı narazılığımız olsa da, matçdan sonra türklərlə görüşüb-öpüşüb ayrıldıq. Vurduqları 2-ci qol təmiz olsa da, ilk qol penalti deyildi. Bunu özləri də etiraf etdilər. Hakimlər peşəkar idilər. Ancaq görünür, onlara tapşırıq verilmişdi ki, türklər qalib gəlməlidir". 

Bu turnirdə biz tərəfdən "lipa"lar da oynayıb. Onlardan biri Oqtay Abdullayevin özüdürsə, digəri millimizin və "Neftçi"nin sabiq qapıçısı Hüseyn Məhəmmədovdur. O bunu məcburiyyətdən etdiklərini bildirdi: "Deputatların qapıçıları yox idi. Mən onlara təklif etdim ki, əsas qapıçıdır. Hüseyni onlara təklif etdim, onlar da razılaşdı. Əvvəlcədən bu razılaşdırılmışdı. Çünki bizim Milli Məclisdə 125 deputatdan elə 25-30-u qadınlardır, qalanları da yaşlı nəsildir. Türkiyədə 600 deputat (əslində 550 - red.) var, Polşada isə bir az da ondan çoxdur (əslində 460 - red.). Onlarda bu qədər deputatın içindən futbol oynayan tapmaq asandır, bizdə isə 125 nəfərdən çətindir. Bizə gənc deputatlar lazım idi. Gənclərin də hamısı futbol oynaya bilmir ki... Ona görə də məcburiyyətdən belə addım atdıq".

Qaynarinfo.az