
"Adınızı kişi qoymusuz, belə ucuz və mənasız işlərdən əl çəkin!"
Tanınmış hərbi ekspert Üzeyir Cəfərov bəzi çevrələrdə və media orqanlarında onun haqqında səsləndirilən fikirlər və təhqirlərlə bağlı bəyanat yayıb.
Qaynar.info xəbər verir ki, bəyanatda deyilir:
"Əziz dostlar!
Son günlər mənim həm mətbuatda, həm də sosial şəbəkələrdə Müdafiə Nazirliyi, onun rəhbərliyinin apardığı kadr "islahatları" ilə bağlı verdiyim açıqlamalar, bəzi şəxslər tərəfindən çox aqressiv qarşılanır. Hətta bəziləri mənim şəxsiyyətimə, ailəmə ünvanlanmış səviyyəsiz fikirləri yazmaqdan belə çəkinmirlər. Burdan onlara göstəriş verən şəxslərə səslənirəm ki, belə ucuz və mənasız işlərdən əl çəksinlər.
Maraqlıdır ki, adlarını kişi qoymuş bu cılız və səviyyəsi şübhə doğuran bir çoxları müxtəlif niklər, adlar altında "cuşa" gəlib məni təhqir edirlər. Mənim onlara sadəcə yazığım gəlir. Gördüyünüz kimi mən sizlərdən fərqli olaraq kişi kimi hər yerdə açıq şəkildə öz fikrlərimi bildirirəm. Və heç nədən və heç kimdən də çəkinmirəm. Mənim ailəmə ünvanlanmış təhqirlərə gələndə isə, xahiş edirəm ehtiyatlı olun. Çox qısa zamanda mən həmən o şəxsləri ifşa edə bilərəm və lazım olarsa, edəcəyəm də.
Elə burdan mənim guya oğlumun xəstəlik adı ilə ordudan yayınrırmağımı yazanlara demək istəyirəm ki, sizə bu məlumatı verən yaramaz sizi gülünc vəziyyətə qoyub. Mənim oğlumun saglamlığı, əhval-ruhiyyəsi də yerindədir və o Azərbaycanın ali təhsil ocaqlarından birinin ən sanballı ixtisaslardan biri üzrə tələbə kimi təhsil alır. Özü də 3-cü kurs tələbəsidir. İnşallah zamanı-vaxtı gələndə Vətən qarşısında öz borcunu da verməyə hazırdır.
Mənim uğursuz zabit olmağımı və ştablarda podpolkovnik (hərçənd ki bizdə belə rütbə yoxdur) rütbəsini almağımı yazanlara da demək istəyirəm ki, gözlərini açıb ətrafa baxsınlar. Mən hərbi jurnalist olsam da, Qarabağ savaşının ən ağır nöqtələrində həm hərbi jurnalist kimi, həm də Füzuli döyüş briqadasının komandir müavini kimi, eləcə də H.Z.Tağıyev qəsəbəsindəki hərbi hissənin komandir müavini kimi şərəfli yol keçmişəm. Peşəkar zabit kimi 25 ilə yaxın müxtəlif şəhərlərdə hərbçi kimi xidmət keçmişəm. 1994-cü ildə polkovnik-leytenant hərbi rütbəsini də döyüş bolgəsində atəşkəs rejiminə kimi almışam.
Şükürlər olsun ki, mənim əsgər və zabitlərim mənim necə zabit olduğumu təsdiq edə bilərlər. Mən onlarla hər zaman fəxr etmişəm və edirəm. Mənim Prezident yaninda İdarəçilik Akademiyasında təhsil verdiyim tələbələrim bu gün Azərbaycanın ən müxtəlif idarə və müəssisələrində rəhbər vəzifələrdə çalışırlar. Müdafiə Nazirliyinin hazırkı rəhbərliyinin guya mənə vəzifə verməməsini, ona görə də onları davamlı tənqid etməyimdən dəm vuran, yazan bədhaxlara da demək istəyirəm ki, mən heç bu cür səviyyəsiz və səriştəsiz hərbi rəhbərliklə bərabər xidmət keçməyi də özümə sığışdırmazdım və necə ki, sığışdırmıram. Mənim indi gördüyüm işlər də cəmiyyət və mətbuatdakı dostlarım üçün çox böyük əhəmiyyət kəsb edir. Hər halda, mən xalqıma və cəmiyyətimizə göstərdiyim işlərdən böyük zövq almışam və alıram. Bir sözlə, mənim şəxsi nüfuzuma xələl gətirməyə çalışan şəxslərə deyirəm ki, özlərinə ciddi məşğuliyyət tapsalar yaxşı olar. Məni heç bir şantaj, heç bir hədə-qorxu yolumdan döndərə bilməyib və bilməyəcək. Mən HAQQ sözünü demişəm və deməkdə də davam edəcəyəm. Mənim bu müraciətimi səbrlə oxuyan dostlara və tanışlara da təşəkkürümü bildirirəm".
Qaynar.info