Xəbər lenti

"Avropa" hotelində baş verənlərlə bağlı yeni təfərrüatlar- Fotolar
Ölkə08:41 24.04.2015

"Avropa" hotelində baş verənlərlə bağlı yeni təfərrüatlar- Fotolar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nəsimi rayonu ərazisində yerləşən “Avropa” hotelinin idman zalında naməlum şəxsin Bakı şəhər sakinləri - Azər Məmmədov və Ruslan Əfəndiyevin bıçaqla xəsarət yetirilməsi və hadisə yerini tərk etməsi ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Qeyd edək ki, aprelin 21-də baş verən hadisənin nəticəsində A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı şübhəli şəxs qismində saxlanılan Sənan Quliyevin dostu Mövludun (vəkil bu şəxsin soyadını təhlükəsizlik baxımından açıqlamayıb – red.) vəkili Cavid Rzazadə “Qaynar.info”ya açıqlama verib.

Vəkilin sözlərinə görə, hadisə aprelin 21-də Avropa hotelində baş verib: “Sənan və Mövlud əvvəldən dost olublar. Onlar hoteldəki həmin zalda ilk dəfə olublar. Elə həmin gün hoteldəki idman zalında məşq etmək üçün yazılıblar. Bunun üçün 200 manat ödəniş də edirlər. Mətbuatda dərc olunan xəbərlərə görə, guya S.Quliyev kiminsə mühafizəçisidir, çox güclü, boy-buxunlu biridir. Amma qeyd edim ki, Sənan Quliyevin 1.70 sm boyu var və bu cür ölçüsü ilə heç kimi mühafizəçi götürmürlər. Bundan başqa o heç kimin mühafizəçisi də deyil, heç bir rəsmi orqanda da işləmir və heç bir vəzifəli şəxslərin qohumları da deyil. Sadəcə adi bir insandır. Üzərlərində idman paltarı olduğu üçün dostlar idmana yazıldıqları gün məşq etmək qərarına gəlirlər. Hər ikisi güləş zalına keçir və 10-15 dəqiqə ərzində güləşməyə başlayıblar.  Bu vaxt Ruslan Əfəndiyev ( həmin zalda məşqçi vəzifəsində çalışır) 3-4 tələbəsi ilə birlikdə zala daxil olub. Zala daxil olan kimi Sənan Quliyevə öz iradını bildirib ki, bu idman ayaqqabısı (barsovka – red.) ilə tataminin üzərinə çıxmazlar. Sənan Quliyev də bildirib ki, müəllim, bağışlayın biz ilk dəfədir bura gəlirik, üzrlü sayın, bir də olmaz. Bundan sora Sənan və Mövlud həmin zaldan çıxıb, trenajor zalına keçib məşqlərinə davam ediblər. Məşqlərini bitirdikdən sonra yuyunmaq üçün hamama keçiblər”.

Vəkil əlavə edib ki, yuyunmağa keçəndə Sənan Quliyevin yadına düşür ki, dəsmalı güləş zalındakı tataminin üzərində qalıb: “Bunun üçün də Mövludu göndərib ki, onu gətirsin. Mövlud bu dəfə zala keçəndə ayağlnda hotelin idman zallarında geyinmək üçün icazə verilən başmaq olub. Mövludun dediyinə görə, hətta zala daxil olanda tataminin üzərinə çıxmamaq üçün onun kənarı ilə addımlayıb. Bu zaman Ruslan Əfəndiyev yenidən öz iradını bildirir ki, belə ayaqqabılarla tataminin üzərinə çıxmamağınızı demədimmi: “Ponyatkan olsun. Dedim axı ayaqqabı ilə tatamiyə çıxmayın”.

Mövlud yenə üzr istəyib bildirir ki, bayaq mənə yox, Sənana dediniz. Həm də bayaq “barsovka”da, indi isə hotelin öz başmaqlarında  olduqlarını idman müəlliminin nəzərinə çatdırıb və üzr istəyib. Əlavə edib ki, ilk dəfədir bura gəlirlər və qaydaları bilmirlər. Bundan sonra Mövlud hamama qayıdıb. Dostlar yuyunduqdan sonra Sənan Quliyev yenidən deyib ki, şkafın açarları qalıb güləş zalında. Həmin açarları da sonradan hotelin qeydiyyat şöbəsinə təqdim etməlidirlər. Yenidən Mövlud zala daxil olanda qapıdaca Ruslan Əfəndiyevlə rastlaşıb. Mövlud bayaqkı anlaşılmazlığa görə bir də Ruslan Əfəndiyevdən üzr istəyib və səhvlərin üzrlü sayılmasını bildirib. Bunu dedikdən sonra Ruslan Əfəndiyev bu sözlərin qarşılığında Mövluda “ belə mərifətsiz, qanacaqsız hərəkətləri bir də etməyin”cavabını verib. Bu zaman Mövlud R.Əfəndiyevə belə deyir: “Biz qanacaqsız deyilik, bizi qanacaqsız sayanın özü qanacaqsızdır”.

Vəkil sayta açıqlamasında vurğulayıb ki, məhz bu sözdən sonra Ruslan Əfəndiyev Mövludun boğazından tutaraq sıxmağa başlayıb: “Həmin zaman Mövlud müqavimət göstərmək istəsə də alınmayıb. Çünki Ruslan Əfəndiyev çox güclü biri olub, həm də məşqçidir. Bundan sonra məşqçinin tələbələri də bu hadisəni görüblər və Mövludun üstünə düşərək onu əməlli-başlı döyüblər. Bu zaman Sənan Quliyev gəlib və Mövludu onların əlindən almağa çalışıb. Elə bu vaxtı qarşısındakıları (4-5 nəfər olublar – red.) qorxutmaq məqsədilə bıçaq çıxarıb onlara tərəf tutub. Ruslan Əfəndiyev, 4-5 nəfər canlı-cüssəli adamları gördüyü üçün Sənan Quliyev bilir ki, bunlar azlıqdadırlar və döyüləcəklər. Ona görə də, onları qorxutmaq məqsədilə bıçağı havada onlara qarşı bir neçə dəfə oynadıb. Buna baxmayaraq, döyüşmə davam edib. Bu vaxt Sənan onların arasına girib, bıçaqla onlara xəsarət yetirib və onların sadəcə qollarını, sinələrini cızıb. Qeyd edim ki, xəsarətlər o qədər dərin olmayıb”.

Cavid Rzazadə artıq Ruslan Əfəndiyevin xəstəxanadan çıxdığını bildirib: “Ruslan bıçaqla qorxutmaq məqsədilə həmlələr etsə də bu zaman bu bıçaq həmləsi Azər Məmmədovun ürək nahiyyəsinə dəyib. Və bu zaman hamı qaçmağa başlayıb. Bundan sonra Sənan Quliyev və Mövludda hadisə yerindən gediblər. Dostlar hadisə yerindən uzaqlaşdıqdan sonra Sənan Mövluda bildirib ki, yadımda deyil deyəsən bıçaq orda kiməsə dəydi. Mövlud o zaman bilib ki, Sənanda bıçaq olub və o, kiməsə xəsarət yetirib. Bundan sonra dostlar evə gəliblər. Hadisə zamanı Sənanın burnu sınıb, gözü partlayıb. Bu xəsarətləri Sənana Azər Məmmədov yetirib, o Sənanı yerə yıxaraq çox möhkəm zərbələr endirib. Azər bıçaq yarasını da bu zaman alıb”.

Vəkil hadisənin bu cür olmasına baxmayaraq mətbuatda tamamilə başqa xəbərlər dərc olunduğunu qeyd edib: “Bu hadisələrin 6-7 dəqiqə ərzində baş verməsinə baxmayaraq mətbuatda yazılıb ki, guya Sənan Quliyev bu dəqiqələr ərzində kimisə çağırıb. Bu müddət ərzində heç kim gəlib ora çat bilməzdi. Bütün yazılanların hamısı yanlış xəbərlərdir”.

C.Rzazadə Sənan Quliyevin və Mövludun dünən saat 07:00 radələrində könüllü olaraq Nəsimi Rayon Polis Bölməsinə gələrək təslim olublar. Artıq Sənan Quliyev 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 221.2.1, 221.2.2, 221.3 maddələri ilə, Mövluda isə 221.2.1, 221.2.2 və 221.3 maddələr ilə ittiham olunublar.

Vəkil sonda bir daha vurğulayıb ki, mətbuatda yazılan xəbərlər tamamilə yanlışdır: “Çünki hadisənin təfərrüatları, necə baş verməsi hotelin  təhlükəsizlik kameralarında qeydə alınıb və həmin sübutlar istintaqdadır. İstintaq bizim dediklərimizi və kamera görüntüləri haqqında heç bir şeyi təkzib etməyib”.

Orxan Aslanlı

Qaynar.info