Xəbər lenti

"Çavuşoğlu hamını çaş-baş salıb" - Politoloqlardan açıqlamalar
Ölkə13:00 13.10.2016

"Çavuşoğlu hamını çaş-baş salıb" - Politoloqlardan açıqlamalar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Azərbaycanın işğal olunmuş beş rayonunu qaytarması məsələsinin gündəmdə olduğunu bildirib.

"Rusiya bizimlə bu ideyanı paylaşdı, biz isə dəstəklədik. Biz Qarabağ probleminin həlli üçün çox çalışmışıq. Ermənistanla münasibətin normallaşması üçün də xeyli iş görmüşük. Hətta İsveçrədə saziş də bağlamışıq, lakin bu, nəticə verməyib”, - deyə Çavuşoğlu Avropa Şurasının Parlament Assambleyasının iclasında Milli Məclisin deputatı Qənirə Paşayevanın sualına cavab olaraq bildirib.

Mövlud Çavuğolunun bəyanatı nə qədər realdır? Rusiya beş rayonun Azərbaycana qaytarılmasına razılıq veribmi?

Azərbaycanlı politoloq lar nə düşünür?

Politoloq Qabil Hüseynli Qaynarinfo.Az-a bildirib ki, Türkiyə xarici işlər nazirinin bəyanatı çox ciddi bəyanatdır:"Bu onu göstərir ki, Türkiyə Qarabağ münaqişəsinin həlli üçün ardıcıl olaraq çalışır və bunun müəyyən nəticələri ola bilər. Hələ Türkiyə və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşündə Qarabağ münaqişəsi müzakirə olunmuşdu və müəyyən razılığa gəlinmişdi. Amma Ermənistan bütün mümkün vasitələrlə ona təklif olunan şərtlərə əməl etməməyə çalışdı. İndi görünür ki, enerji sammitində Türkiyə yenidən bu məsələni gündəmə gətirib və 5 rayonun qaytarılması barədə razılıq əldə olunub".

Bununla belə politoloq Ermənistanın bu həll variantına asanlıqla razılaşacağını düşünmür:"Amma əsas Rusiyadır. Sadəcə olaraq, Rusiya bunun müqabilində Azərbaycandan nə istəyəcək və Azərbaycan bu istəkləri yerinə yetirmək istəyəcəkmi sualı da var. İstənilən halda yaxın aylarda Qarabağ münaqişəsinin həlliylə bağlı maraqı proseslərin şahidi ola bilərik".

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, vəziyyət heç də Mövlud Çavuşoğlunun dediyi kimi deyil:"Rusiya Mövlüd Çavuşoğlunun dediyi kimi Azərbaycanın işğal altındakı 5 rayonunun boşaldılmasını dəstəkləyirsə onda niyə bu məsələnin həllini yubadır və Kreml rəsmi İrəvana təzyiq etmir? Məncə, vəziyyət heç də Türkiyə xarici işlər nazirinin dediyi kimi deyil. Ola bilər ki, rusiyalı diplomatlar 5 rayonun azad olunması məsələsiylə bağlı Mövlüd Çavuşoğlu ilə hansısa fikir mübadiləsi aparıblar, ancaq problem ondadır ki, bu baş vermir. Əksinə Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son toplantısında dedi ki, böyük dövlətlər Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması məqsədilə rəsmi Bakıya təzyiq edirlər. Demək ki, Rusiya 5 rayonun qeyd-şərtsiz azad olunmasına razı deyil, bunun əvəzində Dağlıq Qarabağda referendumun keçirilməsini istəyir. Bu isə Azərbaycanın maraqlarına ziddir. Mövlud Çavuşoğlu son açıqlamasıyla hamını çaş-baş salıb. Azərbaycan cəmiyyətinə gerçək olmayan ümid vermək lazım deyil. Növbəti 5 ay da “Rusiya 5 rayonu azad edəcək” ümidi ilə yaşamalıyıq?”.

Qızılgül

Qaynarinfo.Az