Xəbər lenti

"Azca fürsət, münbit şərait yaranan kimi yenidən güclənməyə başlayır" - Elnur Astanbəyli
Ölkə14:30 27.01.2017

"Azca fürsət, münbit şərait yaranan kimi yenidən güclənməyə başlayır" - Elnur Astanbəyli

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son aylarda Dövlət Təhlükəsizlik Xidfməti (DTX) silahlı dini ekstremistlərin məhv edildiyinə dair bir neçə açıqlama yayıb. 

Bu qəbildən dünən yayılan yeni məlumatda bildirilirdi ki, DTX dini ekstremist, Azərbaycan vətəndaşı Ocaqov Ceyhun İslam oğlunun tutulması üçün xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı cinayətkar silahlı müqavimət göstərib.

DTX-nın İctimai əlaqələr üzrə şöbəsindən bildirildiyinə görə qurum əməkdaşları, qanuna uyğun olaraq, silah tətbiq ediblər. Cinayətkar məhv edilib. 

Bəs Azərbaycanda silahlı dini ekstremistlərə rastlanması nədən xəbər verir? Bu təhlükəni kökündən önləmək üçün hansı addımlar atılmalıdır?

Qaynarinfo.Az-ın bu suallarına cavab verən şair-publisisit Elnur Astanbəyli deyib ki, son illərdə başda Suriyaya döyüşməyə gedən “cihadçılar” olmaqla, ayrı-ayrı dini terror qruplaşmalarının sıralarına qoşulan azərbaycanlıların sayının artması təəssüf doğursa da, təəccüb doğurmamalıdır: “Sovet ənənəsi göstərdi ki, sadəcə, sərt qadağalarla, insanların cibinə zorla “allahsızlar bileti” dürtməklə radikal dini meyllərin güclənməsini həmişəlik önləmək mümkün deyil. Bu elə bir bəladır ki, azca fürsət, münbit şərait yaranan kimi yenidən güclənməyə başlayır. Ona görə də dini ekstremizmin, radikalizmin kökünü birdəfəlik kəsmək yolları barədə düşünmək lazımdır. Bunun üçünsə hüquqi-demokratik cəmiyyət qurmaq vacibdir. Elə bir cəmiyyət qurmaq vacibdir ki, orada insanların əli yerdə ədalət tapmaqdan üzülməsin, onlar ədaləti göydə axtarmaq fikrinə düşməsin. Modern hüquq var gücü ilə işləməlidir ki, kimlərsə gedib şəriət hüququna sığınmasınlar, ondan mədət ummasınlar”. 

E.Astanbəyli digər vacib məsələ kimi, ölkədə təhsilin durumunu göstərir: “Bunu dəfələrlə qeyd etmişik, Mirzə Fətəli Axundovla başlayan maarifçi hərəkat Azəırbaycanın ən qiymətli mənəvi irsidir. Məhz bu aydınlanma hərəkatı imkan vermədi ki, Azərbaycan digər müsəlman ölkələri kimi, radikal dini təmayüllərin ağuşuna düşsün, məzhəb çatışmalarının meydanlarından biri olsun. Hər cür, o cümlədən də dini ekstremizmin, radikalizmin anti-virusu maarifçilikdir, təhsildir, bilikdir. Son illərdə Azərbaycan təhsilinin real durumunu əks etdirən acı rəqəmlərlə rastlaşırıq. Şagirdlərin qiymətləndirməsi ilə bağlı  ortaya çıxan dəhşətli göstəricilər hamıya məlumdur. Aydın görünür ki, cəmiyyətdə savadlılıq səviyyəsi sürətlə aşağı düşür. Bilirsiniz, Azərbaycanda yazıb-oxumaq bilənlərin sayının çox yüksək olması hələ hər şey demək deyil. Əsas odur, yazıb-opxuma bacarığının faydalılığı nə qədərdir, insanlar bu bacarıqlarından biliklərini, şüurlarını, dünyagörüşlərini zənginləşdirmək üçün nə qədər  istifadə edirlər? İnsan hərfləri tanıya, oxuya bilər, amma əsas odur ki, nə oxuyur? Bu onun sağlam düşüncəli insan kimi formalaşmasına xidmət edirmi? Yazıb-oxuma bilərsən, amma gedib ələmuçuranlar, cinçıxaranlar, falabaxanlar barədə oxuyacaqsansa, bunun mənası nədir, faydası nədir? Böyük Kamyunun çox sevdiyim, tez-tez təkrarladığım bir sözü var: “Cəhalət  bütün  pisliklərin anasıdır”. Ona görə də çalışıb maarifçiliyi gücləndirmək lazımdır. İnsanlarımızı yanlış yollardan, xəstə vərdişlərdən, istənilən ekstemist meyldən ancaq bu yolla qoruya bilərik. Sadəcə, inzibati-administrativ üsullara güvənmək yetərsizdir, dünyəvi dəyərləri möhkəmləndirmək adına maarifçi meylləri dəstəkləmək, bu istiqamətdə sağlam mədəni və mənəvi təşəbbüslərə meydan açmaq daha da önəmlidir”. 

E.Astanbəyli əmindir ki, bu baş verərsə, Azərbaycanda siyasi və mədəni dini radikalizmin özünə geniş dəstək əldə etmək imkanları azdır: “Mirzə Cəlillərin, Axundovların, Həsən bəy Zərdabilərin Haqverdiyevlərin, Sabirlərin, Üzeyir bəylərin, Ömər Faiqlərin yetişə bildiyi bir toplum olmağımızı unutmamalıyıq. Bu cür yüzlərlə tarixi simanın varlığı bizim şansımızdır ki, Azərbaycanı radikal dini təmayüllərin təhdidindən qoruyaq, uyğar dünyanın bir parçası kimi qoruyub saxlaya bilək. Bir sözlə, gələcəyimiz Axundovla başlayan, Zərdabi, Nemanzadə, Mirzə Cəlil, Sabir,  kimi aydınlarımızla davam edən maarifçi-mədəni irsə sahib çıxmaqdan keçir. Onların müəyyənləşdirdiyi şüarlar birilərinin bizi sürükləməyə çalışdığı bataqlığa yuvarlanmamağımız üçün ən böyük təminatdır: Təhsil, təhsil, yenə də təhsil! Mədəniyyət, mədəniyyət, yenə də mədəniyyət!”        

Qaynarinfo.Az