
Bu gün Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsinin Norveç millisi ilə oyunda 1:0 hesabı ilə qalib gələrək xallarını 6-ya yüksəldib və liderliyə qalxıb.
Qaynarinfo.Az xəbər verir ki, oyundan sonra hər 2 komandanın baş məşqçisinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Per-Matias Höqmo (Norveç): "İlk növbədə Azərbaycanı qələbə münasibəti ilə təbrik edirəm. Son anda çərçivəyə düşməyi bacarmadıq. Uduzduğumuz üçün məyusuq. Qazon futbol oynamaq üçün qaydasında idi. Ötən seçmə mərhələdə Azərbaycandan 4 xal qazanmışdıq. İndi isə ilk dəfə Azərbaycana uduzduq. Diqqətimizi San-Marino ilə oyuna yönəldəcəyik. Ötən tsikldə Azərbaycan Xorvatiya və eləcə də bizdən xal almışdı. Bu komanda yüksəlişdədir. Qol buraxdıqdan sonra hesabı ona görə bərabərləşdirmədik ki, artıq Azərbaycan millisi yarımmüdafiəni gücləndirmişdi".
Robert Prosineçki (Azərbaycan): "Xoşbəxtəm ki, komandam əzmkar oyunla 3 xal qazandı. Məncə, bu bütün Azərbaycan üçün vacib qələbədir. Belə çətin rəqiblə oyunda qələbə qazandıq. Artıq sabah Çexiyaya yola düşürük. Səfərdə də bu cür oynamaqla yaxşı nəticə qazanmaq istəyirik. Çexiya ilə oyunda bir neçə dəyişikliklər olacaq. Bərpa məşqindən uğurla çıxanlar həmin matçda start heyətdə yer alacaq. Norveç millisinin heyətində əsasən İngiltərə Premyer Liqasında çıxış edənlər oynayır. Bu komandaya qalib gəlmək yaxşı nəticədir. Subyektiv fikrim budur ki, Rauf Əliyevlə Araz Abdullayev bugünkü oyuna tam hazır deyildilər. Ona görə də meydana onları buraxmadım".
Qaynarinfo.Az