Xəbər lenti

"Biz işğala son qoymalıyıq və qoyacağıq" - İlham Əliyev
Ölkə19:30 12.11.2016

"Biz işğala son qoymalıyıq və qoyacağıq" - İlham Əliyev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Başqa mənbələrdən pul, kredit, silah verilməsə, Ermənistan ayaqda dura bilməz".
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, aprel döyüşlərindən sonra növbəti tapşırıqlar verildi, maliyyə vəsaiti ayrıldı: "Ordumuza nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq. Ermənsitan isə başqasının yardımına möhtacdır, başqa mənbələrdən pul, kredit, silah və digər materiallar verilməsə, Ermənistan nə iqtisadi cəhətdən, nə də hərbi cəhətdən ayaqda dura bilməz. Bunu hamı yaxşı bilir, dünya bilir. Onların əlində olan, nəzarətində olan müxtəlif KİV-lərin xətti ilə rəy formalaşdırmağa çalışırdılar, mif, əfsanə yaradırdılar ki, guya bunların yenilməz ordusu Azərbaycana zərbə vurub, torpaqları işğal ediblər. Ancaq həyat göstərir ki, xarici yardım olmadan onlar nəinki işğal edə bilməzlər, heç tutduqları torpaqları saxlaya bilməzlər".
İlham Əliyev bildirib ki, aprel döyüşləri onu göstərdi ki, heç nəyə baxmadan Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirərək torpaqlarımızı işğalçılardan azad edib: "Yəni biz öz hesabımıza yaşayırıq, heç kimdən asılı deyilik və imkan daxilində öz həyatımızı qururuq. Və bugünkü Azərbaycan indi dünya miqyasında uğurlu bir inkişaf yolu ilə gedən ölkə kimi tanınır".
Prezident əlavə edib: "Aprel döyüşləri onu göstərdi ki, bu işğala son qoyulmalıdır. Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin".
"Biz işğala son qoymalıyıq və qoyacağıq". Bunu isə İlham Əliyev Azərbaycanın hərbi təhsil müəssisələrinin Füzuli rayonundan olan kursantları ilə və şagirdlərlə söhbətində deyib.
Dövlətimizin başçısı qeyd edib ki, ölkəmizin hərbi potensialı gündən-günə güclənir: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordu quruculuğu prosesi uğurla gedir. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Bu gün Azərbaycan Ordusunda olan texnika, silah-sursat ən yüksək texnologiyalara malikdir. Döyüş qabiliyyətimiz artır, peşəkarlıq artır. Kadr potensialı da güclüdür. Və sizin kimi gənclər gələcəkdə ordumuzun, bütün hərbi birləşmələrimizin inkişafında öz rolunu oynayacaqdır.
Siz hərbçi peşəsini seçmisiniz. Çox şərəfli peşədir. Bu peşə ölkəmizə lazımdır, dövlətimizə lazımdır. Bax bu ərazi işğal altında idi. 1994-cü ildə Azərbaycan Ordusu uğurlu hərbi əməliyyat keçirərək bu ərazini və Füzuli rayonunun digər ərazilərini işğalçılardan azad etmişdir. İndi bu ərazilərdə binalar, qəsəbələr salınır, inkişaf gedir və bu, ölkəmizin gücünü göstərir. Biz işğaldan azad edilmiş ərazilərdə belə yüksək səviyyəli şərait yarada bilmişik".
İlham Əliyev vurğulayıb ki, bu il Azərbaycan Ordusu növbəti tarixi qələbə qazanıb: "Füzuli rayonunda Lələtəpə zirvəsinin işğalçılardan təmizlənmə əməliyyatı bizim şanlı tariximizdir. Biz ordumuzla fəxr edirik. Şəhidlərimiz Vətən uğrunda qan töküb. Biz işğala son qoymalıyıq və qoyacağıq".
Prezident bildirib ki, ordumuzun gücü ilk növbədə ordumuzda hökm sürən vətənpərvərlik ruhundadır: "Döyüş qabiliyyətimiz də buna bağlıdır, Vətən sevgisi də buna bağlıdır. Hər bir Azərbaycan gənci, hər bir vətəndaş vətənpərvər olmalıdır, Vətəni hər şeydən çox sevməlidir və Vətən uğrunda qəhrəmanlıq göstərməlidir. Bizim ordumuz belə ordudur, bizim hərbçilərimiz belə hərbçilərdir. Biz ordumuzla, hərbçilərimizlə fəxr edirik.
Sizin qarşınızda çox gözəl nümunələr var. Bu gün Lələtəpə ərazisində olarkən düşmənlə üz-üzə dayanan hərbçilərlə görüşərkən bir daha gördüm ki, bizim gənclərimiz nə qədər vətənpərvərdir, peşəkardır, Vətənə bağlıdır. Peşəkarlıq, nizam-intizam, vətənpərvərlik, döyüş qabiliyyəti - bu bizim böyük üstünlüyümüzdür. Bu gün istənilən düşmən hədəfini məhv etməyə qadirik. Aprel döyüşləri bir daha ordumuzun gücünü göstərib.
Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Çox şadam ki, uşaqlar, gənclər orduda xidmət etmək üçün böyük maraq göstərirlər. Hərb peşəsini seçərək siz ölkəmizin hərbi potensialını gücləndirəcəksiniz. Sizə uğurlar arzulayıram, həmişə Vətənə bağlı olun! Sağ olun!"
Qaynarinfo.Az