
Deputatların etik-davranış qaydaları” Milli Məclisdə mübahisə yaratdı
Siyavuş Novruzov: "Deputatların özünü apara bilməməsi ilə bağlı 3000-dən artıq şikayət daxil olub"
“Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi bu gün parlamentin müzakirəsinə çıxarılıb. Qanun layihəsi haqda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Onun sözlərinə görə, qanun layihəsi lakonik şəkildə hazırlanıb və 13 maddədən ibarətdir. «Sənəddə göstərilib ki, hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur. Qanun layihəsində göstərilir ki, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan kobud, təhqiramiz sözlərə yol verməməlidir. Deputat öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur və vəzifələrinin icrası ilə bir araya sığmayan sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır.
Deputat vətəndaşlarla, o cümlədən seçiciləri, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli, həssas və təmkinli olmalıdır. Deputat qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlərdən imtina etməlidir. O, öz səlahiyyət müddətində maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir».
Qeyd olunub ki, etik davranış qaydalarına əməl olunmasına nəzarət Milli Məclisin İntizam komissiyası tərəfindən həyata keçirilir. İntizam komissiyası deputatın etik davranış qaydalarına riayət etməsi uyğunluğuna nəzarət edir, bu qaydalar üzrə rəy və tövsiyələr verir, qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görür. Komissiya, eyni zamanda, deputatın etik davranış qaydalarına riayət etməsi məsələlərinə dair mütəmadi ümumiləşdirmələr aparır, bu məsələlərlə bağlı məruzələri və tövsiyələri Milli Məclisin sədrinə təqdim edir, qaydaların tələblərinin pozulması halları ilə bağlı müraciətlərə baxır. Həmçinin qaydaları pozmuş deputatlar barəsində intizam tədbirlərinin görülməsi haqqında qərar qəbul edir.
Deputatlar tərəfindən etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ictimaiyyətə məlumat verilir.
Zahid Oruc layihəyə etiraz edib. “Bununla parlament məhkəmə səlahiyyətlərini mənimsəmiş olacaq. Onun sözlərinə görə, dünya təcrübəsində belədir ki, cəzanın sərtləşdirilməsi cinayətin qarşısını almır. Biz məhkəmənin qərarı ilə səlahiyyətlərimizə başlayırıq, onun qərarı ilə də sonlandırırıq. Ancaq biz daxili nizamnamədə dəyişiklik edəcəyiksə, bununla parlamentin nüfuzuna zərbə dəyə bilər. Eyni zamanda, əgər Milli Məclis öz üzvünü deputatlıq səlahiyyətindən məhrum edirsə, onda məhkəmənin səlahiyyətini mənimsəmiş olacaq. Ancaq, məsələn, region ölkələrində belə bir kodeks yoxdur. Bu yaxınlarda Gürcüstan parlamentində kimsə qələmlə başqasının başını yarmışdı. Buna görə heç bir cəza almamışdı. Amma Gürcüstan parlamenti dövlət quruculuğunda mühüm yer tutur. Yaxud da bu cür qanunu olmayan ölkə olan Danimarkada korrupsiya səviyyəsi sıfırdır, əksinə, belə qanunu olan İndoneziya Korrupsiya səviyyəsinə görə 88-ci yerdədir. Deputat vurğulayıb ki, bu, qanun layihəsi qəbul olunsa, parlamentdə qorxaqlıq yaradacaq, özünü senzuraya gətirib çıxaracaq. Bu, parlamentin nüfuzuna zərbədir. Düşünməyin ki, dövlət güclü, parlament zəif ola bilər. ”.
Milli Məclis sədri Oqtay Əsədov isə Zahid Oruca belə cavab verib. “Heç qorxana oxşamırsan, bayaqdan elə danışırsan. Burada səlahiyyət mənimsənilməsindən söhbət gedə bilməz”.
Deputat Tahir Kərimli də layihəyə etiraz edib. O, ən yumşaq halda qanun layihəsinin 5, 6, 10 və 11-ci maddələrinin dəyişdirilməsini istəyib. Bu layihələr deputatın fəaliyyəti, mandatdan məhrum edilməsi, kobud pozuntulara görə xəbərdarlıq və hədiyyələr almaqla bağlıdır."Biz indi necə bilək ki, hansı hərəkətimiz pozuntudur, hansı yox”, - deyə T. Kərimli qeyd edib
Deputat Fərəc Quliyev də qanun layihəsinə etiraz edərək, həmkarlarının fikirlərinə şərik olduğunu bildirib. O, layihədə deputatı kiçildən məqamların olduğunu bildirib. F. Quliyev daha çox deputatın hədiyyə götürməsi ilə bağlı maddəyə etiraz edib.
Deputat Fazil Mustafa da qanun layihəsinə etirazını bildirib, qanunun qəbulu ilə deputatın fəaliyyətinin məhdudlaşdırılacağını deyib.
Siyavuş Novruzov isə bildirib ki, qanun layihəsinin lehinə səs verəcək: “Həmkarlarım narazılıqlarını nəzəri cəhətdən əsaslandırmağa çalışdı. Amma mən praktik cəhətdən əsaslandıracağam. Çünki 5 il İntizam komissiyasının sədri olmuşam. Bu müddətdə həmkarlarımın parlamentdən kənar fəaliyyəti ilə bağlı 3000-dən çox şikayət daxil olub. Biz bunu araşdıranda məlum oldu ki, şikayətlər ən çox onların özlərini apara bilməməsi ilə bağlı idi.
Müzakirə elədiyimiz qanun bu məsələləri daha yaxşı nizamlayır. Əgər deputat özünü yaxşı apara bilirsə, niyə narahat olur? O zaman mən də Cinayət Məcəlləsinə etiraz edim ki, niyə mövcuddur? Yəni, bu narazılıq düzgün yanaşmaq deyil. Bu qanun layihəsini qəbulu parlamentin fəaliyyətini daha da şəffaflaşdırır. Düzdür, mandatın ləğvi ilə bağlı parlamentin qərarının 50+1 yox, 2/3 formulu ilə qəbul olunmasına baxıla bilər. İkinci oxunuşda bunu edə bilərik. O zaman həmin deputat səs çoxluğu ilə mandatını saxlamağa çalışa bilər.
Bundan başqa, deputatın 50 manata qədər məbləğdə hədiyyə ala biləcəyi ilə bağlı məhdudiyyətdə miqdarı qaldırmaq məsələsinə də baxmaq olar. Məsələn, ABŞ Konqresində bu məbləğ 300 dollardır”.
Deputat onu da deyib ki, Konstitusiya Məhkəməsi deputatın fəaliyyətini fərdi qaydada təsdiq etmir, Milli Məclisə çağırışla bağlı seçkilərin nəticələrini ümumilikdə təsdiqləyir.
Spiker Oqtay Əsədov da bildirib ki, qanun layihəsi üzərində yenidən işləmək lazımdır: “Bəzi maddələr bir qədər yumşaldılmalı, bəzi təkliflər ikinci oxunuşda nəzərə alınmalıdır”(bizimyol.info)
Qaynar.Az