Xəbər lenti

"Bunların hamısı gözə kül üfürmək üçündür" - MÜNASİBƏT
Ölkə17:17 05.08.2013

"Bunların hamısı gözə kül üfürmək üçündür" - MÜNASİBƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vurğun Əyyub: “Savadsız abituriyentlər ali məktəblərdə də oxuya bilmir və potensial rüşvət və qanunsuzluq mənbəyinə çevrilirlər”

“Mən dəfələrlə demişəm ki, test təhsil vermək üsulu deyil. Test sistemi verilmiş təhsili ölçür və dəyərləndirir. Bu dəyərləndirmə, hətta indiki halında qüsurlu olsa belə, Azərbaycan təhsilinin hansı biabırçı vəziyyətdə olmasını göstərir”.

Bunu Qaynar.info-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyub ali məktəblərə qəbul imtahanlarının keçid ballarının aşağı salınmasına münasibət bildirərkən deyib. 

O bildirib ki, hazırda tətbiq edilən sistem və müsabiqə balının müəyyənləşdirilməsi qüsurlu olsa da, Azərbaycan təhsilinin eybəcər vəziyyətdə olduğunun göstəricisidir: “Ümumiyyətlə, müsabiqə balının 280-dən aşağı salınması faktını aradan qaldırmaq lazımdır. Çünki 700 ballıq sistemdə 280-dən aşağı bal toplamaq ənənəvi qiymətləndirmədə “2” qiymətə bərabərdir. “2” qiymət alanı isə müsabiqəyə buraxmazlar. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası isə müsabiqəyə buraxılış həddini getdikcə aşağı salmaqdadır. Bu, iki məqsəd güdür: Birincisi, ali məktəblərin planını doldurmaq, ikinci isə orta təhsildəki biabırçı vəziyyəti az da olsa, gizlətməkdir. Fikir verirəm, mətbuatda orta təhsilin pis vəziyyətdə olduğunu sübut etmək üçün yazırlar ki, filan sayda abituriyent 1-100 bal arası toplayıb. Guya ki, 150-200 bal toplamaq yaxşı göstəricidir. Bu, əslində orta təhslidəki vəziyyəti malalamaqdır. Belə bir araşdırma aparırıqsa, 1-100 bal arasında bal toplayanlardan deyil, 1-280 arasında bal toplayanlardan danışmalıyıq. Savadsız abituriyentlərin, 150-200-250 bal toplamış abituriyentlərin ali məktəblərə qəbul edilməsi ölkədə ali təhsili biabırçı vəziyyətə salıb. Bu savadsız abituriyentlər ali məktəblərdə də oxuya bilmir və potensial rüşvət və qanunsuzluq mənbəyinə çevrilirlər. Belə olan halda gələcəkdə savadsız, bacarıqsız mütəxəssis meydana gələcək. Azərbaycan hakimiyyətinin ölkədəki təhsilin vəziyyətini dəyişmək, problemləri aradan qaldırmaq iradəsini görmürəm. Təhsili korrupsiya mənbəyinə çevirmək qayğı deyil. Bunlar hamısı gözə kül üfürmək məqsədi güdür.

V.Əyyub ölkədə qiyabi təhsilin ləğv olunması məsələsinə də münasibət bildirib: “Bunlar təhsilin formalarıdır. Bu formalardan birini aradan qaldırmaqla başqasını gətirmək olar. Bunlar mahiyyətcə təhsildə dəyişiklik və islahat deyil. Biz ağacın kökünü qoyub, budaqlarından yapışırıq. Bir məmləkətdə ki, müəllimə 150 manat maaş verəcəklər və ondan keyfiyyətli iş tələb edəcəklərsə, əhəmiyyəti olmayacaq. Bunlar uydurma iddialardır. Heç bir şəkildə bu vəziyyətdə orta təhsili düzəltmək mümkün deyil. Mən problemlərdən birinin adını çəkdim. Ölkədə təhsilin xeyli problemləri var”.

TQDK-nın sabiq sədri “Bir çoxları yeni təhsil nazirinin təhsil sahəsi ilə bağlı olmadığını əsas gətirərək belə bir kadrın nazir postuna gətirilməsini yanlış addım hesab edirlər. İddia edirlər ki, bundan sonra təhsilin vəziyyəti daha da acınacaqlı olacaq. Siz də mi belə düşünürsüz?” sualına belə cavab verib: “Xeyir, mən belə düşünmürəm. Bunu şərt kimi qoymaq da yanlışdır. Hesab edirəm ki, nazir təşkilatçı, siyasi iradəli, korrupsiya və rüşvətdən uzaq şəxs olmalıdır. Ən əsası da başçılıq etdiyi sahədə inkişafa nail olmaq arzusunda olmalı və bunu gerşəkləşdirməyə cəhd göstərməlidir. Azərbaycanda isə təhsilin problemi siyasi sistemdən asılı məsələdir. Burada nazirin təhsillə bağlı olub-olmaması arqument kimi göstərilə bilməz. Əvvəlki nazir təhsil sahəsində uzun illər çalışmış adam idi. Təhsilə nə fayda verdi? Yeni naziri tanımıram, onun iş keyfiyyətlərinə də bələd deyiləm. Amma indiyə qədər olan müddətdə açıqlamalarını oxumuşam və bu qənaətə gəlmişəm ki, o da Azərbaycan təhsilində heç bir şey edə bilməyəcək. Çünki hazırki sistemi dəyişmək iqtidarında deyil və bu, ondan asılı məsələ də deyil".

Şəmşad AĞA
Qaynar.info