
Avropanın bir çox ölkəsi 31 Oktyabrı Ölülər və ya Cadugərlər Bayramı (Halloween) kimi qeyd edir. Əvvəllər Ölülər Bayramı adı ilə qeyd olunan bu bayram xristianlıqda bəyənilmədiyi üçün Cadugərlər Bayramı adlandırırlıb. Məlum olduğu kimi, mövcud dinlərin heç biri, o cümlədədn də islam ruhlarla hər hansı bir əlaqə yaratmağı tərcih etmir. Lakin son illər Azərbaycanda da dəb düşən bu bayram son günlər orta məktəblərə də ayaq açıb. Bir aıra məktəblərdə pərakəndə şəkildə bu bayram qeyd olunub ki, bu da valideynlər tərəfindən birmənalı qarşılanmayıb.
"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı Qaynarinfo.Az-a açıqlamasında Helloween bayramının keçirilməsinə qarşı çıxıb. Lalə Mehralı bildirib ki, ilkin yarandığı vaxtlar məhsul bayramı kimi qeyd olunan bu bayrama sonradan qərb dünyası əcaib detallar əlavə edib. “Təsadüfi deyil ki, xristianlığın ilkin təşəkkül tapdığı dövrlərdə bu bayram bəyənilməyib, bəzi hallarda qadağan olunub. Çünki xristianlıq cadugərliyi təbliğ etməyə qadağan edib”.
Sosioloq bildirib ki, bu bayram xüsusən uşaqlarda başqasını qorxutmaqdan həzz almaq kimi insanlığa yad olan cəhətlər təbliğ edib, aşılaya bilər.
İlahiyyatçı Emil Rahiloğlu bildirib ki, Halloween bayramından danışarkən bayram məvhumunun mahiyyətinə diqqət yetirmək lazımdır. “Fikrimizi daha aydın ifadə etmək üçün biz bayramın nə olduğuna diqqət yetirməliyik. Bayram nədir? Bayram hər bir xalqın taleyində xüsusi iz buraxan, onun inkişaf və tərəqqisinə yeni qapılar açan, insanı düşünməyə vadar edərək dirçəldən, yeni nəslin tərbiyəsində xüsusi rol oynayan əlamətdar günə deyilir. Təbii ki, hər bir xalqın, millətin dini və milli bayramları mövcuddur. Dini bayramlar insanlara ruh yüksəkliyi, mənəvi dirçəliş bəxş edir, milli bayramlar isə xalqa tarixini xatırladaraq, onu bir daha özünə qaytarır. Xalq həmin gün münasibəti ilə özündə qürur duyur. Əlbəttə hər bir bayramın özünə görə yaranma tarixi və müxtəlif səbəbləri mövcuddur. Mümkündür ki, bizim gələcəkdə milli bayramlarımız çox olsun. O cümlədən Qarabağımızın düşmənlərdən azad olunması kimi. Biz övladımıza 18 oktyabr, müstəqillik günündən qürurla danışa bilirik. Və ya Həzrəti İbrahimin uzun illər həsrətində olduğu oğlu, əzizi, bir dənəsi olan Həzrət İsmaili qurbangaha aparmaqla Allaha itaətin və bəndəçiliyin necə olmasını düşünərək mənəvi baxımdan daha da inkişaf edə bilirik. Yəni bu bayramlar sonda bizə nələrsə bəxş edir. Novruz bayramının ümumi ictimayi faydalarından nə qədər danışsaq bitməz. Amma Allahın Quranda dəfələrlə lənətlədiyi, onların yerinin əzablı olacaqğını, insanların onlardan uzaq olması əmri verilən şəxslərin bayramı bizə nə verə bilər”?
İlahiyyatçı cadugərliyin bütün dinlərdə pisləndiyini deyib. “Bu çirkin əmələ bizim dinimzdə yer var, yoxsa xalqımızın ulu tarixində? Ümumiyyətlə azəri xalqı nə vaxtsa tarixin səhifəsinə belə bir adla düşübmü? Fərz edirik bu, yeni bayramdır. Bunun bu günkü və gələcəkdə olan Azərbaycanımıza nə kimi faydası var? Bundan biz maddi və mənəvi ibrət, düşüncə, tərəqqi götürə bilirikmi? Bəlkə bu məqsədli şəkildə beyinlərər yeridilir”?
Psixoloq Elnur Rüstəmov isə bu bayramın fəlsəfəsinin müsbət məqsədə bağlı olduğunu deyib. “Bu bayramın fəlsəfəsi insanları ölümdən qorxmamağa çağırmaq, qorxunu enməyə kömək etmək və sairə kimi məsələlərdir”.
Psixoloq hesab edir ki, bu bayramın yaxşı ya pis olması haqda mübahisələrə son qoyulması üçün maarifləndirilmə aparmaq lazımdır. “Qoy seçimi insanlar özləri etsinlər. Biz istədik istəmədik, qloballaşan dünyada yaşayırıq, bu cür tendensiyaların qarşısını almaq çətin məsələdir. Ona qalsa, biz də uşaqlarımızı “xoxan”la, küpəgirən qarı ilə qorxutmuşuq. Azərbaycanda uşaqları ölümlə və ya həkimlə qorxutmaq prosesi dədə-babadan tərbiyə prosesində olub”.
Elnur Rüstəmov deyib ki, bayramın qadağan edilməsi fayda verə bilməz. “İnsanlar qadağan olunmuş işlərə daha çox meyllənirlər”.
Təhsil Nazirliyinin məsələyə münasibətini öyrənmək isə mümkün olmayıb.
Qızılgül
Qaynarinfo.Az