
Günel Mövlud: "Qorxurlar ki, xalq bunlardan üz döndərər"
"Biz heç yaşıdımız Emin Millini Anardan imtina etməyə məcbur edə bilmirik, o ki qaldı o ilan yuvasına girənlərə izah eləmək".
Bunu Qaynar.info-ya açıqlamasında yazar Günel Mövlud Elnur Astanbəylinin istefa çağrışına münasibət bildirərkən deyib.
O bildirib ki, Cəmil Həsənlini Yazıçılar Birliyindən istefaya çağırmaq mənasızdır və o, istefa verməyəcək: "Tamamilə Seymur Baycanla razıyam. İlham Əliyevə qarşı mübarizə aparan adamların əksəriyyəti bu hakimiyyətin sütunlarından olan Anara söz deməyə qorxurlar. Anar onlar üçün müqəddəsdir, toxunulmazdır. Anarı xalqa elə bir dəyər, elə bir yazıçı kimi sırıyıblar ki, qorxurlar ona bir söz desələr, xalq bunlardan üz döndərər. Anarı bu xalqın ədəbiyyatına, teatrına, kinosuna soxublar. Hansından çıxarasan? Mümkün deyil.
İllər sübut elədi ki, Yazıçılar Birliyi adlanan bu kahin yuvasının öz sirri, öz gizlin qatları var. O qatlarda biri ayağından zəncirlənib, biri dilindən, biri qələmindən. Birinin də qapısının ağzında yeddi başlı əjdaha yatıb. Ona görə də Cəmil Həsənlini oradan istefaya çağırmaq, İsa Qəmbərə Anarın kim olduğunu izah eləmək bizim gücümüz çatan iş deyil. Bunlar kahin söhbətləridir, onların öz dərnəkləri, ocaqları, ritulları var. Biz heç yaşıdımız Emin Millini Anardan imtina etməyə məcbur edə bilmirik, o ki qaldı o ilan yuvasına girənlərə izah eləmək".
Xatırladaq ki, tanınmış şair, köşə yazarı Elnur Astanbəyli Milli Şuranın sədri, prezidentliyə keçmiş namizəd Cəmil Həsənliyə çağırış edib. O, Cəmil Həsənlini Azərbaycan Yazıçılar Birliyindən (AYB) istefa verməyə çağırıb. Yazar çağırışı "Azadlıq" qəzetinin bu gün dərc olunan sayındakı köşə yazısı vasitəsilə edib. Elnur Astanbəylinin bu fikrinə digər yazarlar Seymur Baycan və Rasim Qaraca da qoşulub. Cəmil Həsənli isə yazarlara AYB-ni siyasi proseslərə qoşmamağı tövsiyə edib.
Qaynar.info