
Dövlət İmtahan Mərkəzi bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə keçid ballarını aşağı salıb. Belə ki, aşağı bal toplayan abituriyentlər də müvafiq ixtisas üzrə ali təhsil ala biləcəklər. Qurumun bu addımı təhsilin gələcəyi üçün nə vəd edir?
Məsələni "Qaynarinfo"ya şərh edən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu bunun təhsildən daha çox siyasi əhəmiyyət daşıdığını bildirib:

"Təbii ki, universitetə 150 balla qəbul olan şagirdin necə oxuyacağı da sual altındadır. Bu təhsildən daha çox siyasi əhəmiyyəti var. Dövlət heç bir abituriyentin xarici ölkələrə axın etməsinə imkan vermək istəmir. Onsuz da xarici ölkələrə axın edənlərin əksəriyyəti aşağı bal göstəricisinə malik olanlardır. Təqribən 7 il əvvəl yazmışdım ki, müsabiqədə iştirak balları ya aşağı salınmalıdır, ya da elə etmək lazımdır ki, testlərin tərkibindəki çətinliklər aradan qaldırılsın. Əvvəllər 700 balı toplamaq çətin idi, amma indi maksimum balı toplayanların sayının artdığını görürük. Bu da onunla bağlıdır ki, testlərin məzmununda müəyyən qədər asanlaşdırılma aparılıb. Bu, eyib deyil. Zəif oxuyan tələbə oxuyub diplom alsa və ölkənin əmək bazarında tələbat yüksək səviyyədə olsa, qorxusu yoxdur. Dediyim kimi, əsas məsələ ayrı-ayrı şəxslərin ölkə üçün pul xərcləməsidir. Güman edirəm ki, bu, düzgün taktikadır. Yəqin ki, hökumət bu addımı davam etdirəcək, lakin yenə də qeyd edirəm ki, bu, təhsilin məzmunu baxımından arzuolunan deyil".

Təhsil eksperti Şahlar Əsgərov isə bunun təhsil sistemimizdəki qüsurlardan qaynaqlandığını bildirib:
"Bu çox ciddi məsələdir. 700 baldan 100-200 bal toplamaq çox aşağı göstəricidir. Onillərdir bu problem var. Amma bununla bağlı əsaslı bir iş görmək lazımdır. Təhsil sisteminə fəlsəfi baxış olmalıdır ki, bu niyə baş verir? Test üsulu tətbiq olunandan bu günə kimi proses davam edir. Səbəbləri də çoxdur. Deyək ki, direktorların, müəllimlərin qüsuru var, təhsil sisteminin özü parçalanmış vəziyyətdədir, məktəbəqədər təhsil icra hakimiyyətlərinə, orta və ali məktəblər Təhsil Nazirliyinə, ondan da yuxarılar akademiyaya tabedir. Yəni pərakəndəlik var, müəssisələr bir-birlərindən çox aralı düşüb. Demokratik qaydada rektorların seçimi məsələsi gündəmə gəlməlidir, təyinat da ola bilər, amma seçim elə olmalıdır ki, məsuliyyətli idarəetmə foması yaradılsın. DİM-in bu qərarını doğru saymaq olar. Çalışmalıyıq ki, təhsil sistemimizi özümüz quraq. Mən demirəm təyyarə, avtomobil yaradaq, amma bu, bizim öz əlimizdədir, bunu edə bilərik və etməliyik də, çünki başqa çıxış yolumuz yoxdur".
Çingiz Səfərli
Qaynarinfo.Az