Xəbər lenti

"Əgər dövlət baxçalarını da özəlləşdirsək..." – Ekspert problemləri açıqladı
Ölkə08:55 19.10.2016

"Əgər dövlət baxçalarını da özəlləşdirsək..." – Ekspert problemləri açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi təklif edilir.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, rayonların bəzilərinə maliyyə yardımları ayırmaq bir az çətin olur:"Dövlətin tikib-istifadəyə verdiyi bir çox bağçaların inkişaf etməsi və fəaliyyətini davam etdirməsi üçün özəlləşdirməyə ehtiyac var. Belə faktlar rayonlarda müşahidə olunur. Bu səbəbdən təyinatı dəyişmədən məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsini mümkün hal hesab edirik".

Məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi vətəndaşların xeyirinə olacaqmı? Dövlət baxçalarında hazırda vəziyyət necədir və özəlləşdirmə aparmadan da, baxçaların inkişafına nail ola bilərikmi? Qaynarinfo.Az-ın suallarını təhsil üzrə ekspert Kamran Əsədov cavablandırdı və uşaq baxçalarındakı problemləri açıqladı:

"Məktəbəqədər təhsil müəssisələrinə məktəb yaşına qədər olan uşaqların cəmi 27 faizi cəlb olunub. Azərbaycana nisbətdə paytaxtda bu göstərici bir az yüksəkdir. Hazırda Bakı şəhəri üzrə baxçaya gedən uşaqların sayı, baxçaya getməli olan uşaqların sayının 30 faizini təşkil edir. Mən hesab edirəm ki, uşaq baxçaları özəlləşdirilərsə, bu ən böyük yalnış addımlardan biri olacaq. O sahə özəlləşdirilir ki, həmin sahə üzrə özəl sahə yoxdur. Bu gün istər Bakı şəhərində, istərsə də regionlarda kifayət qədər özəl təhsil müəssisələri fəaliyyət göstərir. Özəl uşaq baxçalarında daha çox imkanlı valideynlərin uşaqları təşkil edir. Reallıqla danışsaq, bu gün ən ucuz özəl baxçaların qiyməti 200 manatdan başlayır. Əgər dövlət baxçalarını da özəlləşdirsək, bura cəlb olunan uşaqların sayı 15-20 faiz təşkil etməyəcək".

"Uşaq baxçaları yenidən Təhsil Nazirliyinə qaytarılmalıdır və yaxud da ayrıca bir komitə yaradılmalıdır"

Ekspertin sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrinin, yəni uşaq baxçalarının Təhsil Nazirliyinə deyil, icra hakimiyyətlərinə tabe olması bu işin inkişafının qarşısını alır:"Əgər bu sahədə inkişaf istəyiriksə, ilk növbədə baxçaların yenidən Təhsil Nazirliyinə qaytarılmalıdır və yaxud da ayrlca bir komitə yaradılmalıdır. Necə ki, peşə məktəbləri üçün ayrıca qurum yaradılıb. Uşaq baxçalarına dövlət tərəfindən bütün ərzaq və qida məhsulları verilir.Amma uşaq baxçalarında uşaqlar heç nə yemirlər. Çox ucuz qida ilə təmin olunurlar. Bu səbəbdən, bir neçə dəfə zəhərlənmə hallarına da rast gəlmişik. Uşaq baxçalarında kadr potensialı yoxdur. Düzdür, özəlləşdirilərsə, daha çox təlimli və aktiv müəllimlər cəlb olunacaq. Amma biz özəlləşdirmədən də, bunlara nail ola bilərik. Özəlləşdirilmə aparılan sahələrdə hansı uğurlarımız var?"

"Valideynlər dövlət baxçalarına hər uşağa görə, 30-50 manat qeyri-rəsmi ödəniş edirlər"

Kamran Əsədov deyir ki, bu gün uşaq baxçalarına cəlb olunan müəllimlərin böyük əksəriyyəti peşəkar deyil:"Tərəfimizdən aparılan monitorinq zaman gördük ki, müəllimlər günlərin keçirməklə məşğuldurlar. Baxçalara istər qidalarla, istərsə də müəllimlərin keyfiyyəti ilə bağlı, ciddi nəzarət olunmalıdır. Valideynlər dövlət baxçalarına hər uşağa görə, 30-50 manat qeyri-rəsmi ödəniş edirlər. Onu da qeyd edim ki, dövlət baxçaları ödənişsizdir. Orta məktəb müəllimlərində olduğu kimi, yaxşı olar ki, baxça müəllimlərini imtahana cəlb edilsin. Özəlləşdirmə olmadan da baxçaların inkişafına nail olmaq mümkündür. Əgər özəlləşdirilərsə, dövlət baxçaları satılacaq. Onsuz da, bütün baxçalar respublika uzrə uşaqların cəmi 40 faizini qəbul edə bilir. Özəlləşdirmə aparılsa, dövlət baxçalarının yerinə məmurların, biznesmenlərin özəl uşaq baxçaları olacaq. Belə olan halda kasıb balaları yüksək qiymətli özəl baxçalarında məhrum olacaq. Əslində, dövlət baxçalarına qeyri-rəsmi ödəniş edilən məbləği, yəni 30-50 manatı rəsmi rüsuma çevirmək olar. Bu yolla da dövlətin maliyyə yükünü azaltmış olarıq".

Pərvin Zeynal

Qaynarinfo.Az