Keçmiş nazir Avropa Məhkəməsinin qərarından məmnun qalıb
“Əli İnsanov bunu illərdir gözləyirdi və bu qərar onun üçün böyük qələbədir”. Bunu, dünən həbsxanada keçmiş səhiyyə naziri Əli İnsanovla görüşən vəkili Toğrul Babayev “Azadlıq”a açıqlamasında deyib. Onun sözlərinə görə, Ə.İnsanov Avropa Məhkəməsinin qərarından olduqca məmnun qalıb: “Avropa Məhkəməsinin qərarı göstərir ki, Azərbaycan məhkəmələrinin Əli İnsanovla bağlı çıxardığı qərarlar ədalətsizdir. Prosedur qaydalarına görə, Azərbaycan hökuməti 3 ay ərzində qərardan Böyük Palataya şikayət verə bilər. Əgər şikayət verməsələr, qərar qüvvəyə minmək və icra olunmaq üçün Azərbaycan hökumətinə göndəriləcək. Burada işə Ali Məhkəmənin Plenumunda baxılmalı və Əli İnsanov barəsində yerli məhkəmələrin çıxardığı hökm ləğv olunmalıdır”.