
İllər öncə idi, Bakıda yeni kitab mağazası yaranmışdı. Hər birimizin çox sevdiyi və bizi dünyada ən çox tanıdan, Şərqlə Qərbi birləşdirən, Cənubi Qafqazda sülh çağırışı edən, hər bir nüansı tarixdən daha gözəl təsəvvür bir əsərin adı qoyulmuşdu bu mağazaya: “Əli və Nino”.
Sevindik və bunu Azərbaycanda kitab bazarının dirçəlməsində bir addım hesab etdik. İllər keçdikcə bu mağaza böyüməyə başladı: 1, 2, 3... Və beləcə sayı getdikcə artır, hər mağazasının yanında da bir kafe yaranırdı. Dostlarla görüş yeri seçəndə həmin kafeni seçir, kitab almaq istəyəndə o mağazalara gedirdik.
Mağaza "ƏDV-yə yox" kampaniyasına başladı. Artıq sosial şəbəkələr də populyarlaşmağa başlamışdı. Hər birimiz bu kampaniyaya qoşulduq. Facebook-da hətta profil şəklimi belə dəyişib bu kampaniyanın posterini qoymuşdum. Və mən tək deyildim. Tanıdığım bütün kitab oxuyanlar, bu millətin gələcəyini düşünənlər edirdi bunu.
Mağaza böyüdü, genişləndi və yenə sevindik. Ancaq böyüdükcə ətrafında müzakirələr də başladı. Yerli yazarla, nəşriyyatların narazılığı başladı. İlk öncə dedik yalandı, zəhmətini yerə vururuq, şər atırıq. Amma getdikcə gözlərimizlə görməyə başladıq. Qısqanclıqlar, monopolistlik, saymamazlıq, yerli müəlliflərə aşağıdan yuxarı baxmaq və s.
Dünən Azadlıq Radiosunun "Pen klub"unda "Əli və Nino"nun rəhbəri Nigar Köçərlini dinlədim. Nələr deyirdi, ilahi?! Şərif Ağayarla debatda Nigar Köçərli deyir ki, dedektiv janrda yazan Elxan Elatlı sizdən daha çox satılır, ona görə də o sizdən daha güclü yazıçıdır. Dediklərini hissə-hissə qeyd edim: "Azərbaycanda ən yaxşı satılan müəllif Çingiz Abdullayev, Varis, Elxan Elatlı, Ziya Səfərbəyov və təbii Elxan Qaraqandır. Elxan Elatlıya biz gülürük, qınayırıq, “yazıçı deyil” deyirik. Amma o öz oxucusunu tanıyır, oxucuya lazım əsər yaradır, hər əsəri bestsellerdir, belə olmaq lazımdır".
Daha sonra Şərif Ağayarın kitabının zəif satılmasını onun zəif yazıçı olması ilə izah edir. Tamam deyək, Nigar xanım. Bu verilişdən sonra kulis.az-a müsahibə verib deyirsiz ki, "Paolo Koelyonun 1988-ci ildə yazılan “Kimyagər” kitabı hələ də dünya bestseller siyahısındadı və minlərlə insanın həyatlarında müsbət dəyişiklər edib. Bu yazıçı Borxes, Kastanedanın təsiri altında əsərlər yaradır".
Bu gün sizin kitab mağazanıza Xose Luis Borxesin bir kitabını gətirdim. Mağazanız kitabı qəbul etmədi. Sadəcə biz öz kitablarımızı satırıq, dedilər. Bunu necə izah edirsiz?
Şərif Ağayara deyirsiniz ki, Elxan Elatlı daha çox satılır. Hələ Şərif Ağayarı demirəm, bəs Şərifin verilişdə adını çəkdiyi Həmid Hersçiyə öz mağazanızda yer verdinizmi ki, onlar satılsın? Borxesin kitabını gətirəndə Həmid Hersçinin yeni çapdan çıxmış "Portretlər" adlı kitabını da gətirmişdim. Nə anbarınızda, nə də anbardan verilən ünvanda kitabı qəbul etmədilər. Siz bu müəllifləri qəbul etməyəndə, ön cərgədə “dahi” saydığınız müəlliflərin əsərlərini qoyanda təbii ki, o daha çox satılacaq.
Bütün bunları da unudaq. Müsahibənizdə deyirsiz ki, “Bizim yazıçılarımız öz oxucularını tanımırlar və tanımaq istəmirlər. Əsərlər sanki abstrakt bir bəşəriyyət üçün yazılır, oxucu üçün yox.”
Siz bu gün yerli müəllifə heç yer vermirsiz, imkan vermirsiz ki, o oxucusuna çatsın. Hansı haqqla o yazarı qınayırsız?
Nigar xanım, özünüzə öz müsahibənizdə vətənpərvər deyirsiz. Hərçənd bu anlayışı heç vaxt qəbul etməmişəm. Amma sizin məntiqinizə görə bu anlayış Azərbaycan dilində yazılmış, tərcümə edilmiş əsərləri önə çəkməkdir. Gedək istənilən kitab mağazanıza baxaq, özünüzün və "Qanun"la birgə nəşr etdiyiniz kitabların hamısını ən öndə qoymusuz, ön sırada bircə başqa nəşriyyat yoxdur. Bu vətənpərvərlik deyil, bu bazara işləməkdir. Yalanmı deyirəm? Gedək baxaq. Cib kitabları seriyasından "Zero" Nəşriyyatı tərəfindən çap olunan bir kitab belə ön cərgədə yoxdur. Sizi əmin edirəm ki, özünüz belə mağazanın ön cərgəsində o kitablardan birini tapa bilməzsiniz.
Əziz oxucu, məncə Nigar xanıma müraciətlə yazmağım yetər. Hər şey göz önündədir. Ölkədə kitab satan mağaza çoxdur. Mən bü gündən etibarən "Əli və Nino" kitab mağazasını boykot edirəm və bütün dostlarımı da bu kampaniyaya qoşulmağa çağırıram. Səbəb çox sadədir: hakimiyyətin monopolist iqtisadiyyatına qarşı çıxdığımız bir dövrdə, kitabçının monopolistliyinə dözəcək halım yoxdur. Bu ölkədə kifayət qədər istedadlı yazıçı var və onların aşağılanacağı bir yerdə mən yoxam. Siz də boykot edin. Edin ki, qoy hər kəs hardan-hara gəldiyini anlasın.