
Nabatəli Qulamoğlu: «Bu hökumət bəzən öz yazdığı qanunlara hörmət etmir»
Mikayıl Cabbarovun təhsil naziri təyinatından xeyli vaxt keçib. Bu dəyişikliyi çoxdan gözləyənlərin ümidi doğrulubmu? Yeni nazir təhsil sahəsində illərdən bəri yığılıb qalan problemlərin həlli istiqamətində hər hansı addım atıbmı? Bu və başqa suallarımıza təhsil eksperti Nabatəli Qulamoğlu ilə aydınlıq gətirməyə çalışdıq.
- Artıq yeni təhsil nazirinin təyinatından xeyli vaxt keçib, amma 100 günə bir az qalıb, necə bilirsiniz, təhlil aparmağa tələsmirik ki?
- Xeyr, görünən kəndə nə bələdçi? Gözləntilər özünü, təəssüf ki, doğrultmaqdadır.
- Niyə təəssüf edirsiniz? Dediyinizdən belə nəticə hasil olur ki, təzəyə nisbətən köhnə toya getməli imiş.
- Əslində, nə köhnədən, nə də təzədən gözləntilərim olub. Əvvəlki nazir çiynində rejimin ağır yükünü daşıyanlardan biri idi. O, heç kimin xətrinə dəymək istəmirdi. Bu da öz növbəsində təhsili talayanlara göz yummaq idi. Hesab edirdi ki, əsas məsələ talançı iqtidarın oyun qaydalarından kənara çıxmamaqdır və bu yolla öz canını qoruyurdu. Yeni nazirin də fərdi keyfiyyətləri barədə yalnız pozitiv məqamları söyləmək olar. Eyni zamanda vəzifə başında atdığı ilk addımlar onu göstərir ki, xeyirxah məramla gəlib.
- Hansı addımlar?
- Attestatların qeyd-şərtsiz məzunlara verilməsi. Bu göstərir ki, nazir attestat bazarını bağlamaq niyyəti güdür, baxmayaraq ki, bunun da ciddi fəsadları var, yəni çalışqan və tənbəl eyni qiymət alanda təhsilin dəyəri itir. Ikinci bir addım, nazir 28 iyun 2013-cü il tarixdə 712 nömrəli əmrə 1 saylı əlavə edib. Burada işə qəbulla bağlı yeniliklər mövcuddur. Diqqətlə oxuyanda hiss edirsən ki, kadrlarla bağlı spekulyasiyalara son qoymaq məqsədi var, baxmayaraq ki, bunun işlək mexanizmi yoxdur. Bir neçə bənddə qeyd edilir ki, qeyri-pedaqoji təhsilli, eləcə də ali təhsilini başa vurmamış kadrlar işə qəbulda iştirak edə bilməzlər. Amma son bəndlərdə istisna halları göstərilir: əgər ucqar rayonlarda zəruri ehtiyac olarsa, Təhsil Nazirliyi bu məsələni araşdırıb qərar verə bilər. Yenə də gəlib subyektiv amillərin ümidinə qaldı, bu isə öz növbəsində korrupsiyadır.
- Mikayıl Cabbarovun kadr islahtlarını necə dəyərləndirirsiniz?
- Birmənalı cavabım yoxdur. Azad etdiyi kadrların içərisində düzgün seçim etmədikləri də var. Ilk olaraq azad olunası xeyli şəxslər var idi ki, onlara toxunulmayıb.
- Konkret ad çəkə bilərsiniz?
- Fərzəli Qədirov. Daha soruşmayın.
- Deməli, yeni nazir korrupsiyaya qarşı mübarizə aparır, işə qəbul prosesində süni maneələri aradan qaldırmağa çalışır və nazirlikdə kadr islahatı aparır. Belə nazirə irad tutmaq nə dərəcədə düzdür?
- Cabbarovun intellektual qabiliyyəti imkan verir ki, çağdaş təhsilin durumunu dəyərincə qiymətləndirsin. Inana bilmərəm ki, kosmetik dəyişikliklərlə təhsili düzətməyin mümkünsüzlüyünü yeni nazir dərk etməsin. Yeganə iradım odur ki, o, bunu bilə-bilə boynuna məsuliyyət götürməməli idi.
- Axır bir nəfər nazir olmalı idi, ya yox?
- Hələ 1896-cı ildə L.N.Tolstoy Yasnaya Polyanadan zamanəsinin mübariz ziyalısı sayılan A.M.Kalmıkovaya yazdığı məktubda qeyd edirdi: “Axı hökumətdə və onun rəhbərliyi altında işləyənlər özlərini elə göstərirlər ki, onlar mübarizə aparırlar, həm özlərini, həm də həmfikirlərini aldatmış olurlar, çünki yaxşı bilirlər ki, bacarmazlar, sadəcə, görüntü yarada bilərlər”. Bax, bu yerdə istərdim Misir Mərdanovla Mikayıl Cabbarov arasında oxşarlıq axtarım: hər ikisi fəaliyyətlərinin mənasız bir iş olduğunu dərk edirlər, lakin görüntü yaradırlar. Indi gəlin hipotetik bir məsələni düşünək. Deyək ki, dövlət başçısının təklifindən M.Cabbarov və onu kimi beş nəfər imtina edir. Səbəb kimi isə mövcud ictimai-siyasi durumu göstərirlər. Sizcə, bu imtinalar dövlət başçısını islahatlara sövq edər, ya yox? Birdən belə hal digər sahələrdə baş versə? Güman edirəm ki, “yox” cavabı vermək üçün arqumentiniz qalmadı.
- Elə keçmiş nazir də işdən imtina edib çıxa bilərdi.
- Düşünürəm ki, tamamilə fərqli situasiyalardır. Keçmiş nazir xeyli müddətdir ki, işləyirdi və hakimiyyətlə birgə layihələrin iştirakçısı idi. Bu layihələr haqqında nələr yazıldığını da bilirsiniz. Deməli, işdən çıxdıqdan sonra təhlükəsizliyinə ümidi yox idi. Yeni nazir isə hələ ki, bu bataqlığa sürüklənməyib və dirəniş göstərə bilərdi, heç nədən də çəkinəcəyi yox idi.
- Bayaq təhsil nazirinin yeni əmri barədə danışdınız. Mətbuatda elə şərh edilib ki, qiyabi təhsil alanlar işə qəbulda iştirak edə bilməzlər. Bu da ciddi etirazla qarşılandı.
- Bu barədə ANS kanalına müsahibə vermişəm. Qısa olaraq onu deyə bilərəm ki, əmrə əlavə çox naşılıqla hazırlanıb, burada dilin normaları pozulduğu üçün yanlış başa düşülüb. “Təhsil alan” ifadəsi indiki, “təhsil almış” isə keçmiş zamanı nəzərdə tutduğu üçün söhbət ali təhsilini başa vurmamış şəxslərdən gedir.
- Məlum əmrdə xaricdə özəl ali məktəbi bitirmiş şəxslər üçün də məhdudiyyətin olduğunu söyləyirlər.
- Bu hökumət bəzən öz yazdığı qanunlara hörmət etmir. Konstitusiyada təhsilin müxtəlif sektorları arasında bərabərlik işarəsi qoyulsa da, həmişə dövlət sektoruna üstünlük verilib. Amma özləri də yaxşı bilir ki, əksər maxinasiyalar dövlət sektorlarında baş verir. Slavyan Universitetindəki yeyintilər dediklərimə aydın sübutdur. Maraqlıdır, kəndçi süd verməyən inəyini saxlamır. Dövlət isə təhsildə nailiyyəti olmayan müəssisələri nəinki saxlayır, hələ əzizləyir də. Istənilən ölkədə qanuni fəaliyyət göstərən özəl ali məktəbi bitirmiş şəxslərin diplomları tanınmalı və onlar işə qəbul prosesində iştirak etməlidirlər. Bu, qanunun tələbidir./azadlıq.az/