
Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın təhsil alan qızların geyimi ilə bağlı fikirləri birmənalı qarşılanmayıb. Rektor qızların açıq-saçıq geyimi ilə bağlı aşağıdakı fikirləri səsləndirib:
"Mən Azərbaycan Pedaqoji Kollecində 26 il direktor işləmişəm. Hələ yetkinlik yaşına çatmamış bizim qızlarımız göbəyini açıb bayırda qoyurdu. Hər insanın geyim tərzi olmalıdır, yerinə görə. Sən bu koftanla dram teatrının tamaşasına baxmağa gedərsən? Mən bura brilliantlar taxım gəlim, zər -zibanın içində olum, mənə necə baxarsız? Ümumiyyətlə, mən toya da heç elə geyinmirəm. Elə geyinsəm, bu tələbələr məndən nə götürərlər?"
Qaynarinfo.Az-a münasibət bildirən siyasi-ictimai xadim Ramin Hacılı rektorun səsləndirdiyi fikirləri tənqid etdi:
"Mənə elə gəlir ki, əgər bir ölkədə qadınların geyimi ilə bağlı bu qədər ajeotaj varsa ki, təhsil ocağına gələn qadın açıq-saçıq geyinməməlidir, deməli, o ölkənin kişiləri manyakdır. Deməli, həmin universitetin rektoru hesab edir ki, Azərbaycan kişiləri manyakdır və qadının açıq bir yerini görən kimi hücumu keçəcək. İkinci məsələ ondan ibarətdir ki, yaxşı təhsil vermək əvəzinə, təlim-tərbiyə və təhsili gücləndirmək əvəzinə kosmetik məsələlərlə məşğul olunur. Universitetə gələn tələbə başa düşməlidir ki, öz gələcəyini qurur.
Təhsil mərkəzləri diskoteka deyil, bar deyil ki, ora başqa məqsədlərlə gəlsinlər. Əgər bizim təhsil mərkəzlərində rüşvət varsa, müəllimə hörmət yoxdursa, bir tələbə alacağı təhsillə gələcəyini qurmağı düşünmürsə, təbii ki, o başqa niyyətlərə düşüb başqa şeylər axtarmağa başlayır. Mən təklif edərdim ki, rektor təhsilin güclənməsində, rüşvət yığışdırılmasında, tələbələrin praktikalarının artırılmasında, tələbələrin gələcəyi haqqında düşünsün. Nəinki bu cür kosmetik məsələlərlə məşğul olsun. Əsas mühim təyinat - təhsildir. Orada təhsil olmayacaqsa, insanların necə geyinməyi heç nəyi dəyişmir. Göbəyi açıq qızla, göbəyi bağlı olan qızın alacağı təhsil eynidir".
Pərvin Zeynal
Qaynarinfo.Az