
Bir qrup jurnalist və incəsənət xadimi Azərbaycan prezidentinə Avropaya inteqrasiya kursundan imtina etmək barədə düşünməklə bağlı çağırış edib.
Jurnalistlər prezidentə müraciətlərində bildiriblər ki, Avropa Birliyinin qarşıdan gələn “Şərq tərəfdaşlığı” sammitində iştirak məsələsinə yenidən baxılsın. Müraciət müəllifləri qeyd edib ki, sabitliyin təmin olunması, enerji təhlükəsizliyi və insanlar arasında əlaqələrin inkişafı məsələlərində AB lazımi ardıcıllığı göstərmir və zaman-zaman hətta vacib operativ qərarların qəbulunda tormozlayıcı faktor rolunda çıxış edir. Demokratik inkişaf məsələsində isə avropalı tərəfdaşlar tez-tez yersiz öyüdverici ritorikaya əl atırlar.
Məsələ ilə bağlı Qaynar.info saytı politoloq Azər Qasımlıyla əlaqə saxlayıb. Azər Qasımlı saytımıza açıqlamasında bildirib ki, görünür bu müraciətə imza atdırmaq üçün hakimiyyət 4 nəfərdən daha çox adam tapa bilmədi: "Bu da ilk növbədə onun göstəricisidir ki, məktubda yer alan fikirlər milli maraqlarımıza uyğun gələn fikirlər deyil. Digər trəfdən də hakimiyyəti dəstəkləyənlər arasında intellektual hesab oluna biləcək insanların sayı o qədər çox deyilmiş! Bu məktub Prezident Administrasiyasında hazırlanıb və Ramiz Mehdiyevin nəzarəti altında saytda yerləşdirilib. Yəni bu məktubun məzmunu elə hakimiyyətin və hakimiyyətdə olan bir qanadın, Rusiya partiyasının maraqlarını, dünya görüşünü və düşüncələrini əks etdirir".
Politoloq həmçinin müraciətin məzmunu məsələsinə də toxunub. Məktubun məzmununa gəlincə onu deyə bilərm ki, olduqca savadsız mülahizələr və yalan məlumatlar üzərində qurulmuş bir yazıdır: " Məsələn, məktubda ölkəmiz nəyə görə Şanxay Əməkdaşlığı Təşkilatına üzv olmalıdır sualına heç cavab belə verilməyib. Amma ciddi şəkildə İlham Əliyevə məhz bu təşkilata üzv olmağı təklif edirlər. Əslində bununla da əsl məqsədlərini - Gömrük İttifaqı və Avroasiya İttifaqı məsələlərini bilərəkdən hələ ki, gündəmə gətirmirlər. Digər tərəfdən də ölkəmizin nədən Avropa Birliyiylə münasibətləri kəsmək təklifləri yetərincə əsaslandırılmayıb".
Azər Qasımlının sözlərinə görə, əslində versiyalardan biri də ondan ibarətdir ki, seçkiqabağı Rusiya prezidenti Vladimr Putin Azərbaycana gəlidiyi zaman İlham Əliyev ölkəmizin Gömrük İttifaqına üzv olacağıyla bağlı söz verib: "Bu bir ehtimaldır, amma məncə olduqca əsaslı bir ehtimaldır. Əgər hakimiyyət xarici siyasətində ciddi dəyişikliklər etsə və Rusiyaya doğru meyillənsə, bunun ciddi nəticələri olacaq. Hesab edirəm ki, həm ölkə daxilində, cəmiyyətdə buna ciddi etirazlar olacaq həm də xaricdən və ilk növbədə Qərb ölkələrinin, ABŞ və Avropa Birliyinin buna olduqca mənfi reaksiyaları olacaq.
Aydın məsələdir ki, belə olan təqdirdə ölkəmizdə avtoritar rejimin daha da sərtləşməsini, siyasi represiyaların çoxalmasını, insan hakları və azadlıqlarının daha kobud şəkildə pozulmasını, müstəqil medianın sıxışdırılmasını gözləmək olar. Bu da öz növbəsində Azərbaycanla Qərbin demokratik təsisatları arasında bir qopuqluğa gətirəcək. Sonuc etibarilə ölkəmiz gələcək inkişafından olacaq və bir daha zaman itkisinə yol vermiş olacağıq bir toplum olaraq. Bunun da məsuliyyəti ilk növbədə İlham Əliyevin üzərində olacaq", - deyə Azər Qasımlı qeyd edib.
Elkin Xəlilov
Qaynar.info