
Yazar Elnaz Eyvazlı Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcidin Ayxan Ayvaz, Babək Göyüş, Elnaz Eyvazlı, Mövlud Mövlud haqqında "Bu kimi adamlar heç yazıçı adına layiq deyillər. Bizim onları AYB-yə üzv qəbul etməyimiz səhv olub" fikrinə münasibət bildirib.
O, Qaynar.info-ya verdiyi açıqlamasında bildirib ki, əslində, AYB-nin buraxdığı "səhv"i özü düzəltmək məcburiyyətində qalıb: "Rəşad Məciddən fərqli olaraq, mən onun fikirlərinə hörmət edirəm. Onun dediyinə görə, yazıçı adına layiq olmadığım halda, məni AYB-yə üzv etməklə səhvə yol veriblər. Baxmayaraq ki, o, bir zamanlar mənim yaxşı şeirlər yazdığımı deyirdi. Mən onların buraxdığı səhvi onlara zəhmət olmasın deyə, özüm düzəltdim. Hansı ki, bu gün “yazıçı adına layiq deyil” dedikləri adamları vaxtı ilə özləri yığmışdılar ora. Bu boyda yanlışlıqmı olar? Mən bu addımı, heç kimə hörmətsizlik etmədən atdım. Layiq olmadığım yerdən, özümün getməyim məsləhətdir, mənim əqidəmə görə".
Yazarın sözlərinə görə, o verdiyi açıqlamalarda fikrini kifayət qədər aydın ifadə edib: "Bu qərarımın konkret olaraq, heç kəslə əlaqəsi yoxdur, lakin Şərif Ağayarın birlikdən qovulması məsələsi və bu gün Rəşad müəllimin verdiyi məlum açıqılamadan sonra atdığım addımın heç də səhv olmadığını anladım. İstənilən məqamda istənilən bucaqdan insanları yaralamaq nə haqq-salama, nə də insanlığa sığır. Yaradıcılığımı davam etdirərəmsə, bunun üçün hər hansı bir qurumun üzvi olmam mütləq deyil. Etdirmərəmsə də, heç kəsin qarşısında öhdəliyim, gözükölgəliyim yoxdur. Bu qərarımın nə AYB üzvlərinə, nə qeyrilərinə olan insani münasibətlərimə, sayğıma heç bir aidiyyəti yoxdur. Mən insanı, insanlığı və sözü sevirəm, siyasi mövqeyindən, milliyətindən, daşıdığı vəzifə və titulundan asılı olmayaraq. Hamıya uğurlar!"
Cavid
Qaynar.info