
Hərbi ekspert Üzeyir Cəfərov hərbi qulluqçuların pensiyaya çıxmaq üçün xidmət müddətinin 20 ildən 25 ilə qaldırılması ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliyə münasibət bildirib.
Ekspert Qaynarinfo.Az-a açıqlamasında bildirib ki, təklifi verən şəxslər çox böyük yanlışlıqlara yol veriblər:
"Bu gün Milli Məclisin bir sıra məsələlər ilə əlaqədar növbəti iclasının keçiriləcəyi gözlənilir. Başqa məqamları deyə bilmərəm, amma hərbi qulluqçuların pensiyaya çıxmaq üçün xidmət illərinin 20 ildən 25 ilə qaldırılmasının qanunvericiliklə təsdiq edilməsi də gündəlikdə olan məsələlərdən biridir. Bir neçə gün bundan əvvəl, sosial mediada, həmçinin bəzi mətbu orqanlarda mən bu dəyişikliklərin qəbul ediləcəyi təqdirdə hansı ciddi fəsadların ola biləcəyi ilə bağlı öz narahatçılığımı dilə gətirmişdim. Bir daha təkrar edirəm ki, bu təklifi verən şəxslər çox böyük yanlışlıqlar, mən deyərdim, böyük səhvə yol veriblər. Gözlənilən dəyişikliklərin reallaşacağı təqdirdə, Silahlı Qüvvələrin, bütün güc strukturlarının demək olar ki, tam əksəriyyətində kadr axını başlayacaqdır. Yəni, bəzi "ağıllı" məmurların "qaş düzəltdiyi yerdə vurub gözü çıxartması" hadisəsi baş verəcək. Artıq, saysız-hesabsız zabit və gizirlər, hətta müddətdən artıq xidmət keçən hərbi qulluqçular yuxarı komandanlığa rəsmi ərizələrlə (raport, təqrir) müraciət edərək xidmətdən getmək istədiklərini bəyan ediblər. Müharibə vəziyyətində olan bir ölkənin, torpaqları işğal altında olan dövlətin əli silahlı insanlarına qarşı planlaşdırılan bu dəyişiklik açıq sabotaj və hətta deyərdim ki, təxribatdır. Bu uğursuz ideyanı, təklifi verən şəxs və ya şəxslər necə böyük yanlışlıq etdiklərinin fərqini bir neçə gündən sonra hiss edəcəklər. Nə qədər ki, bu dəyişiklik qəbul edilməyib, mən Milli Məclis rəhbərliyinə, Prezident Adminstrasıyasına müraciət edirəm ki, bu məsələnin müzakirəsi təxirə salınsın və bir daha müvafiq güc strukturlarının rəhbər şəxslərinin rəyi və fikri alınsın".
Üzeyir Cəfərov onu da qeyd edib ki, Silahlı Qüvvələr ilə bağlı hər hansı addımı atmazdan öncə hər bir xırda detal ölçülüb biçilməlidir:
"Hansısa sahə ilə eksperiment, ya təcrübə aparmaq olar. Amma, ölkənin ən böyük şəxsi heyəti olan Silahlı Qüvvələr ilə bağlı hər hansı addımı atmazdan öncə min dəfə, yüz dəfə yox ha, məhz min dəfə hər bir xırda detal ölçülüb biçilməlidir. Və hesab edirəm ki, bu baş versə, belə lazımsız ajiotaj və narahatçılıq da baş verməz. Çox təəssüfləndirici haldır ki, Prezident Adminstrasiyasının hərbi məsələlərlə məşğul olan şöbəsi də nədənsə bu məqamı diqqətdən qaçırıb. Mən başa düşürəm ki, son vaxtlar hörmətli general-leytenant Vahid Əliyevlə MN-nin rəhbərliyində təmsil olunan birinci şəxslərdən biri ilə münasibətlərində xoş olmayan gərginlik var. Amma, bu əsla ona imkan verməməlidir ki, bəzi "balaca Çapayevlər" dövləti maraqları öz cılız maraqlarına qurban versinlər. Yəqin ki, ordu sıralarında olan dostlar və həmkarlar mənim nəyə işarə vurduğumu gözəl anladılar.
Sonda onu xüsusi olaraq bir daha vurğulamaq istərdim ki, mənim bu qeydlərimi təkcə öz fərdi arzu və istəklərim deyil, Silahlı Qüvvələrin, bütün güc strukturlarının demək olar ki, tam əksəriyyətinin xahiş və müraciəti kimi qəbul olunmasını istərdim. Hərbi Qanunlar və Nizamnamələr hərbi qulluqçulara öz fikirlərini mətbuatda yuxarı komandanlığın icazəsi olmadan açıq şəkildə açıqlamağa imkan vermədiyinə görə, bu missiyanı öz üzərimə götürməyə qərar verdim. Bizdən demək və xəbərdar etmək, səlahiyyətli şəxslərdən isə bu məsələni nəzarətə götürmək qalır".
Pərvin Zeynal
Qaynarinfo.Az