Xəbər lenti

"İcra başçısına 10 min manat vermişəm..." (ŞİKAYƏT)
Ölkə09:06 16.03.2013

"İcra başçısına 10 min manat vermişəm..." (ŞİKAYƏT)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suraxanı rayon sakini Emma Şoşanova (Mustafayevə, həmin vaxt o, keçmiş həyat yoldaşının soyadını daşıyıb) qanunsuzluqla üzləşib. O, hüquqlarının icra hakimiyyəti və yerli idarələr tərəfindən kobud şəkildə pozulduğundan şikayət edir. Bu barədə Qaynar.info-ya Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 1, mənzil 39-da yaşayan Emma Şoşanova özü məlumat verib. 

Vətəndaşın sözlərinə görə, İcra Hakimiyyəti ona məxsus, 11 000 (on bir min) manatlıq məişət əşyaları olan yardımçı təsərrüfat otağı kimi istifadə etdikləri obyekti 10 min manat almaqla sərəncamla İlyas Şahverdiyev adlı başqa bir şəxsə satıb. Şikayətçi bildirir ki, sözügedən obyekt uzun müddət onlara məxsus olub. 2006-cı ildə həyat yoldaşından ayrılıb, iki qızı ilə yaşamağa başlayıb. Lakin keçmiş həyat yoldaşı heç bir etibarnamə, rəsmi sənəd olmadan obyekti 15 min dollara İlyas Şahverdiyevə satıb. 

Suraxanı Bələdiyyəsi də hüquqi sənədlər olmadığı halda vətəndaşa məxsus obyektin İlyas Şahverdiyevə verilməsinə yardım edib və onunla müqavilə bağlayıb. Bundan sonra vətəndaş məhkəməyə müraciət edib: "Mən məhkəməyə müraciət etdim. Bütün sənədlər məndədir. Ancaq məhkəmə mənim iddiamı rədd edib saxta yolla satılmış yardımçı otağımı qaytarmaq istəmədi. Keçmiş həyat yoldaşım Ramiz Mustafayev də həmin otağı 15 min dollara sənədsiz satıb. Otağı alan İlyas Şahverdiyev isə deyir ki, mən icra başçısına 10 min manat verib sərəncam almışam və heç kim məni məcburi şəkildə məhkəməyə gətirə bilməz. Belə çıxır ki, İlqar Abbasov onu şəxsən müdafiə edir. Biz bu otağı 04 dekabr 1998-ci ildə Suraxanı rayon İcra Hakimiyyətinin sərəncamı əsasında birgə nigah dövrümüzdə tikdirmişik. 2002-ci idə prezidentin qərarı var ki, torpaq və obyektlər icra hakimiyyətləri tərəfindən satıla bilməz. Ancaq Suraxanı rayon İcra Hakimiyyətinin başçısı bu tələbləri kobud şəkildə pozur".

E.Şoşanova bildirir ki, 27 aprel 2011-ci il tarixində Apellyasiya məhkəməsinin mülki Kollegiyası da onun xeyrinə qərar çıxarıb, ancaq İlyas Şahverdiyev rayon rəhbərliyinin köməyi ilə obyekti geri qaytarmır: "Suraxanı rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 07 dekabr 2010-cu ilə tarxili "Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin 2127 saylı, 04 dekabr 1998-ci il tarixli Ramiz Mustafayevə yardımçı otağın verilməsi haqqında sərəncamın etibarsız hesab edilməsi" hissəsi ləğv edilsin. Ancaq heç kim bu qərara məhəl qoymur. Polisə də müraciət etmişəm ki, Şahverdiyev qanunla həmin obyektdən çıxarılmalıdır. Onlar da deyirlər ki, gücümüz çatmır. Gedin özünüz çıxarın. Əslində onu məhkəmə icraçıları çıxarmalıdır. Amma icra hakimiyyəti buna mane olur".

Vətəndaş həmin yardımçı oatağın ona məxsus olduğunu sübut etmək üçün əlində kifayət qədər sənədin olduğunu deyir. Həmin sənədlərin bir hissəsini də yazıya əlavə edirik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Qaynar.info