
Azərbaycanda hakimin qərarı olmadan baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə yeni səlahiyyətlər verilməsi nəzərdə tutulur. Bununla bağlı “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 10-cu maddəsinə əlavə və dəyişikliklər təklif edilir.
Layihəyə əsasən, qanunvericilik ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxslərin yaxalanması üçün də binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə biləcəklər.
Vəkil Fariz Namazlı Qaynarinfo.Az-deyib ki, əslində indiyədək də müvafiq situasiya yarananda əməliyyatçılar məhkəmənin qərarı olmadan müvafiq yerlərə baxış keçirirdilər:"Yəni praktikada bu, onsuz da tətbiq olunmurdu. Bu, sadəcə əməliyyat - axtarış tədbirlərinə bir əlavədir ki, məhkəmənin qərarı olmadan azadlıqdan məhrumetmə yerindən qaçmış şəxslər bu halda qapalı yerlərə evlərə baxış keçirə bilsinlər. İndiyə qədər də əməliyyatçılar məhkəmənin qərarı olmadan ümumi bir qərar verirdilər, əsas göstərirdilər ki, ağır və ya xüsusilə ağır çinayətin törədilməsi ehtimalı var, ona görə də filan ünvana təxirəsalınmadan baxış keçirilib.Ola bilər gələcəkdə hansısa halda bu səlahiyyətdən əməliyyatçılar sui istifadə etsinlər. Amma ümumi halda, bu, təhlükəli bir dəyişiklik deyil".
Qızılgül
Qaynarinfo.Az