
Sevindirici haldır ki, Azərbaycan hüdudlarından kənarda təhsil alan tələbələrin sayı günbəgün artır. Ölkənin aparıcı qüvvəsi sayılan gənclər təhsil almaq üçün artıq Azərbaycan sərhədlərindən kənara çıxmaqla dünyanın ən məşhur və reytinqli universitetlərində təhsillərini davam etdirilər. Azərbaycanlı tələbər, dünyanın 4 bir tərəfində müxtəlif ixtisaslar üzrə təhsil almaqla yanaşı, eyni zamanda Azərbaycanı layiqincə təmsil edirlər.
Qaynar.info-nun bugünkü müsahibi də bu gənclərdən biridir. Emin Rüstəmov Xəzər Universitetinin Beynəlxalq Münasibətlər ixtisasını fərqlənmə diplomu ilə bitirib. Tələbə olduğu illərdə ictimai-siyasi fəalllığı ilə universitetin həyatında aktiv gənclərdən biri olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra, bir sıra ölkənin aparıcı şirkətlərində, daha sonra təhsil sahəsində çalışaraq uğurlu karyera qurmağı bacarmışdır. Bir sıra yerli və beynəlxalq tədbirlərin iştirakçısıdır. Hazırda Avropanın və İtaliyanın ən böyük və qədim universtetlərindən biri olan La Sapientsa Universitetinin “İnkişaf üçün Beynəlxalq Əməkdaşlıq” ixtisasında magistr dərəcəsi üzrə təhsilini davam etdirir. Rüstəmov eyni zamanda İtaliyada fəaliyyət göstərən Azərbaycan-İtaliya Gənclər Assosasiyasının həmsədridir.
- Azərbaycan - İtaliya münasibətləri haqqında nə deyə bilərsiniz?
- Bu gün dövlətimizin qüdrəti günbəgün artmaqdadır. Əlbəttə ki, xaricdə təhsil alan bir azərbaycanli kimi bu məni də sevindirir. Təhsil aldığım İtalya, bildiyiniz kimi Avropanın ən dərin sivilzasiyaya malik ölkələrindən biridir. Və bu gün də, Avropanın siyasi-iqtisadi həyatında çox böyük əhəmiyyətə malikdir və önəmli yer tutur. Sevindirici haldır ki, hal-hazırda Azərbaycan-İtaliya əlaqələri özünün yüksəliş dövrünü yaşayır. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Təhsil sahəsində də eyni fikirləri söyləmək yerinə düşər. İtaliyaya təhsil almaq üçün üz tutan azərbaycanlı tələblərin sayı günbəgün artmaqdadır. Bu, çox müsbət haldır. Gənclər həm təhsil alır, həm də təhsil aldıqları şəhərlərdə Azərbaycanı layiqincə təmsil edirlər. Hal–hazırda Roma, Milan, Bolonya, Turin kimi şəhərlərin ən qabaqcıl universitetlərində azərbaycanlı tələbələrin sayı kifayət qədərdir.
- İtaliyada Azərbaycanın təbliğatını necə aparırsınız ?
- Təbliğatı aparmağın müxtəlif üsulları var. Bu, dövlət səviyyəsində də ola bilər, tələbələrin öz aralarında da. İtalyan cəmiyyətinin insanları xarakter baxımından azərbaycanlılara bənzəyir. Ona görə də çox vaxt çətinliklə rastlaşmırıq. Hər bir azərbaycanılının kifayət qədər italiyalı dostu var. Azərbaycanla bağlı tədbirlər təşkil olunanda italyan dostlarımızı da dəvət edirik. Bu kimi tədbirlərdə, ölkəmizin adət-ənənələrindən, mədəniyyətindən, musiqisindən, mətbəxindən, zəngin tarixi keçmişindən ağızdolusu danışırıq. Bacardıqca bunu praktiki şəkildə göstərməyə çalışırıq. Bəzən xarici tələbələr bizə sual verirlər: "Siz Azərbaycanı niyə bu qədər çox sevirsiniz?" (gülür) Təbii ki, təbliğat bununla bitmir. Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi bu istiqamətdə xeyli işlər görür. Səfirliyimiz İtaliyadakı gəncləri ətrafında cəmləşdirməyi bacarıb. Bütün rəsmi və qeyri-rəsmi tədbirlərdə azərbaycanlı və xarici, xüsusilə italiyalı tələbələri dəvət edirik. Əlbəttə ki, məqsədimiz Azərbaycan həqiqətlərini, yaralı yerimiz olan Qarabağ problemini İtalya cəmiyyətinə çatdırmaqdır. Azərbaycanın təbliğatı məqsədilə həmsədri olduğum Azərbaycan-İtaliya Gənclər Assosasiyası xüsusi fəallıq göstərir. Ölkəmizin təbliği ilə bağlı bir sıra mühüm tədbirlər təşkil etmişik. Eyni zamanda, demək olar ki, İtaliyada təhsil alan azərbaycanlı tələbələrin əksəriyyəti ilə daima əlaqədəyik. Amma, ən böyük məqsədimiz italiyalı gəncləri ətrafımıza toplaya bilməkdir. Bu işin də öhdəsindən gələcəyimizə inanıram.
- İtalyanlar Qarabağ münaqişəsi haqqında nə dərəcədə məlumatlıdırlar? Siz bu istiqamətdə hansı işləri görürsünüz?
- Bilirsiniz, əslində bu mövzu bütün siyasət sahəsində təhsil alan tələbələr üçün çox yaxşı araşdırma mövzusudur. Məhz mən təhsil aldığım La Sapientsa Universiteti nəzdində Azərbaycan üzrə Araşdırmalar və Tədqiqatlar Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz vasitəsilə italiyalı professor və tələbələr Azərbaycan haqqında araşdırmalar və tədqiqatlar aparırlar. Əslində bunu uğur kimi qiymətləndirmək olar. Bundan əlavə olaraq, azərbaycanlı tələbələr dərslərində, əksər hallarda təqdimat mövzusu kimi Qarabağ münaqişəsinə müraciət edirlər. Bundan sonra artıq xarici tələbələr bu münaqişə ilə bağlı maraqlanmağa başlayanda ən asan mənbə kimi azərbaycanlı tələbələrə üz tuturlar. Əlavə olaraq, bayaq qeyd etdiyim kimi, tədbirlərdə, görüşlərdə, diskussiyalarda, sosial şəbəkələrdə tələbələrimiz xeyli aktivlik nümayiş etdirirlər. Əslində, bir məsələni qeyd etmək lazımdır ki, təbliğatı diplomatik yolla aparmaq lazımdır. Aqressiya varsa, təbliğatda uduzacaqsan. Qarabağ münaqişəsi də konflikt olduğu üçün burda ən azı 2 tərəf var. Çox təəssüf ki, digər tərəf də (ermənilər) hər yerdə özlərini haqlı çıxarmaq üçün əllərindən gələni edir. Və bəzən dinləyən insanlar arasında kimin haqlı olması ilə əlaqədar çaşqınlıq yaranır. Məqsəd bu çaşqınlığı aradan qaldırmaq, prinsipləri ortaya qoymaq və Dağlıq Qarabağ münaqişəsində haqlı tərəfin kim olduğunu sübut edə bilməkdir. Çox şükür olsun ki, biz İtaliyada üzərimizə düşən bu işin öhdəsindən layiqincə gəlməyi bacarırıq.
- Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar hansı işləri planlaşdırırsınız?
- Xocalı soyqırımı bəşəriyyətin ən böyük faciələrindən biridir. Bu gün dövlətimiz bu sahədə ciddi işlər görür. Hər il dünyanın müxtəlif yerlərində Xocalı soyqırımının ildönümü ilə əlaqədar kütləvi tədbirlər təşkil olunur. Mən düşünürəm ki, harda olmağından asılı olmayaraq, hər bir azərbaycanlı bu işlərdə aktiv olmalı və əlindən gələni əsirgəməməlidir. Bəli, bu il Xocalı faciəsinin 24-cü ildönümüdür. Azərbaycan-İtaliya Gənclər Assosasiyası olaraq, bu tədbiri İtaliyanın paytaxtı Roma şəhərində qeyd etməyi planlaşdırırıq. Burda təhsil alan azərbaycanlı tələbələr də böyük aktivlik nümayiş etdirirlər. Eyni zamanda səfirliyimiz də hər zaman bizim yanımızdadır. Hər zaman Azərbaycan üçün gördüyümüz bütün işlərdə bizi dəstəkləyir və əllərindən gələn hər cür köməkliyi edirlər. Düşünürəm ki, biz həmişə olduğu kimi, haqq səsimizi bütün dünyaya çatdırmaq üçün var-gücümüzü ortaya qoya biləcəyik. Bütün xaricdə təhsil alan tələbələrimizi, gənc dostlarımızı bir olmağa səsləyirəm. İnanıram ki, gec-tez dünya birliyi bizim səsimizə səs verəcək və müqəddəs tarixi torpaqlarımız işğaldan azad olunacaq!
Qaynar.info