
Sumqayıt şəhərində iri ticarət mərkəzlərindən biri olan “Karvan” Ticarət Mərkəzinin Nizami parkı hissəsində başlayan yanğın tamamilə söndürülüb.
Binanın birinci mərtəbəsində başlayan yanğın 4-cü mərtəbəyə kimi qalxıb. Bir necə geyim dükanı tamamilə yanaraq kül olub.
Yanan mağazalar arasında “Garda” dükanı da var. Sahibkarlara külli miqdarda ziyan dəyib. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib və heç kim buraxılmır.
“Karvan” ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəhər sakinləri kütləvi şəkildə əraziyə axışıblar. Polislə insanlar arasında mübahisə yaranıb.Hadisə yerinə Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gəlib.
"Karvan" Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində 1 nəfər tüstüdən boğularaq ölüb, 5 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Bu barədə Nazir müavini jurnalistlərə açıqlamasında bildirib.
E. Mirzəyev qeyd edib ki, yanğın təxminən 350 kv.m. sahəni əhatə edib.
Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, ötən il oktyabrın 19-da “Karvan” ticarət mərkəzi tamamilə yanıb kül olmuş, nəticədə sahibkarlara külli miqdarda ziyan dəysə də, sığortaları olmadığından dəyən ziyan qarşılanmamışdı.