Xəbər lenti

"Kubok sol üzümdən sıyırmışdı" - Qəbələ stadionuna düşən paraşütçü
İdman05:00 15.08.2015

"Kubok sol üzümdən sıyırmışdı" - Qəbələ stadionuna düşən paraşütçü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bildiyiniz kimi, iyunun 3-də "Qarabağ" və "Neftçi" arasında kubokun final matçı ilə Azərbaycanda 2014/15 futbol mövsümünə yekun vuruldu. Bu matçın əvvəlində ölkə kuboku stadiona paraşütlə yerə endirilmişdi. Paraşütçü isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin əməkdaşı Rəsul Musayev olub. 
Qaynar.info yeni mövsümün başlaması ilə əlaqədar olaraq 1991-ci ildən Balakən Aviasiya Mərkəzində paraşüt təlimatçısı işləyən, Azərbaycanın idman ustası olan Rəsul Musayevi axtarıb tapmaq qərarına gəlib. Onunla işlədiyi quruma yaxın olan Zabitlər Bağı adlanan parkda görüşdük.
- Bildiyimə görə, ilk dəfə futbol tədbiri ilə əlaqədar olaraq paraşütlə yerə enirdiniz...
- Bəli, ilk dəfə idi. Gəncədə, Sumqayıtda dövlət tədbirlərində iştirak etmişəm. 2 dəfə Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısındakı meydançaya düşmüşəm. Ancaq ilk dəfə futbolda paraşütlə yerə enirdim.
- Sizə kim tərəfindən belə bir təşəbbüs gəldi?
- Federasiya (PFL-i nəzərdə tutur - S.T.) tərəfindən bizim mərkəzə müraciət olundu. Qurumumuzun rəhbəri Şahvələd müəllim də bu işi mənə həvalə etdi. 3 mindən artıq yerə paraşütlə tullanışlarım olub. Prezidentimizin şəkli olan xalça ilə neçə dəfə dövlət tədbirlərində yerə paraşütlə düşmüşəm. Mənim paraşütümdə Azərbaycan bayrağı əks olunub və bu, xüsusi sifarişlə Rusiyada yığılıb. Demək olar ki, bu mənim şəxsi paraşütümdür, dövlət tərəfindən mənə hədiyyə olunub. Həmişə bununla tədbirlərdə iştirak edirəm.
- Nə qədər dövlət əhəmiyyətli tədbirlərdə tullanışlarınız olsa da, ilk dəfə futbolda bu işi yerinə yetirəcəkdiniz. Xüsusi həyəcan vardımı?
- Sözsüz, həyəcan vardı. İlk dəfə yüngül xalça ilə yox, 5-6 kq çəkisi olan kubokla yerə enəcəkdim. Bunun təhlükəsi daha çoxdur. İnsan həyatında belə şeylər görmüşük. Ancaq bu da mənim üçün yeni bir təcrübə oldu. Meydança azarkeş kütləsi ilə dolu idi. Burda dəqiq olmaq lazım idi ki, kiminsə üstünə düşməyəsən. Bununla belə, problem yoxdur. Mənə Zabitlər Bağına düş desələr də, yenə düşərəm.
- Bunun üçün kubokla olmasa da, ona oxşar nə ilə isə xüsusi məşq keçdinizmi?
- Bəli. Bundan əvvəl Balakən Aviasiya Mərkəzində kubokun özü ilə də olmasa, maketi ilə yerə enişlər etdim. Bu təbii işdir. Bildiyiniz kimi, bu, ekstremal idman növüdür. 1 səhv 1 həyatı apara bilər. Burda səhv bağışlanmır. Ona görə də paraşütlə düşərkən kuboku necə üzərimə bağlamalı olmağımı məşq etmişdim.
- Bildiyimə görə, yerə enəndə bir qədər problem yaşamısınız. Bu nə ilə bağlı idi?
- Təyyarə stadionun kənarından uçurdu. Fikir verdinizsə, mən təyyarədən stadiondan kənarda tullanış etdim. Hətta bəziləri düşünüb ki, mən meydançaya yox, kənara düşəcəyəm. Bizə deyilmişdi ki, təyyarə meydançanın üzərindən keçərsə, heç kimin fikri stadionda həmin an göstərilən görüntülərdə olmayacaq, hamı bizə baxacaq. Ona görə də pilotumuz kənardan uçurdu. Mən ona görə də uzaqdan yerə eniş etməli oldum və bir qədər problemli eniş etdim. Çəkim ağırdır. Paraşütüm 110 kq-dırsa, özüm 115 kq gəlirəm...
- Belə də fikir səsləndirildi ki, kubok qırılmasın deyə, ayağınıza güc salıb zədə almısınız...
- Yan ayağı üstü düşəndə kubokun üzərinə çıxa bilərdim. Belə olsaydı, o qırılacaqdı. Məşq zamanı problem yaşamamışdım. Çünki bizim aerodromun ərazisi stadiondan daha geniş - 20-30 hektardır. Sərbəst şəkildə ora düşmək olur. Həm də orda təyyarə aerodromun üzərindən keçərkən paraşütlə enirik. Burda isə kənardan mən paraşütlə meydançaya gəlməli idim. Təlimlər zamanı küləyin istiqamətini bildirən alət olur. Burda isə bayraqlara əsasən küləyin istiqamətini tuturdum. Orda küləyin istiqamətini bildirən cihaz qoymaqla biz bilməyən azarkeşləri "ayıltmış" olardıq. Təşkilatçılar sürpriz etmək istəyirdilər. Bunu təşkilatçılardan başqa, heç kim bilmirdi.
- Jurnalistlər bu "sürpriz"dən xəbərdar idi. Sadəcə, nə ilə düşəcəyiniz dəqiq bilinmir. Kimisi təyyarə, kimisi isə vertolyotla düşəcəyinizi deyirdi...
- Bizim aeroklubda vertolyot yoxdur. 2 AN təyyarəmiz var. Vertolyotla düşmək daha asandır. O dayanır. Bunda isə təyyarə 150 km sürətlə uçanda tullanırsan.
- Ola bilməz ki, bizim gözümüz önündə baş verən enişdə siz canınızı zədəsiz qurtardınız. Ayağınızdan zədə almadınız?
- Yox, vallah (gülür). Sadəcə, kubok sol üzümdən sıyırmışdı. Ancaq indi özünüz görürsünüz ki, üzümdə həmin sıyırtıdan cızıq da qalmayıb. Mənə zəng edəndə dedim ki, heç bir problem olmayıb. Gecə enişlərim olub, suya, dağlıq zonaya düşdüyüm anlar olub, bunlar daha qorxuludur. Meydançaya düşmək isə mənim üçün bunların yanında problem deyil.
- Özünüz Balakəndənsiniz. Ancaq "Neftçi" azarkeşi olduğunuzu bilirəm. Bəs, Balakənə yaxın olan "Simurq"a azarkeşlik etmirsiniz?
- Mən çox da güclü futbol azarkeşi deyiləm. Bilirəm ki, "Simurq" futbolçulara borcları üzündən dağıldı. Avropada bütün komandalarımıza azarkeşlik edirəm. Balakənin "Qafqaz" komandası var idi o vaxtlar. Ona azarkeşlik etsəm də, "Neftçi"nin yeri mənim üçün bir başqadır. Çünki SSRİ vaxtında həmişə bizi bu komanda yüksək liqada təmsil edib. Bu komandanın finalda "Qarabağ"a uduzması mənim üçün pis sürpriz oldu... Ümumiyyətlə, nəsə futbol Azərbaycanda inkişaf etməkdənsə, bir növ geriyə doğru gedir. Rövnəq Abdullayev bu qədər maliyyələşdirir, ancaq futbolumuz inkişaf etmir.
- Yaxşı, futboldan kənar sual verim. Yeni gənc nəsil paraşütçülər yetişirmi?
- Hazırda 90 nəfəri oktyabr çağırışından əvvəl öyrədirəm. Onlar könüllü yazılanlardır. 2 ay ərzində onlara təlim keçirəm. Daha sonra sertifikat veriləcək.
- Paraşütlə düşmək istəyənlərin sayı çoxdur?
- Bəli. Məsələn, sabah Balakənə yola düşürük. Qrup yığılıb. Onlara orda 6 saat təlim keçəcəyik. Ondan sonra paraşütlə yerə eniş edəcəklər.
- Oxucular üçün bu maraqlı ola bilər. Paraşütlə düşmək istəyənlər nə qədər pulundan keçməlidirlər?
- Əgər qalmağa Balakəndə evləri yoxdursa, orda oteldə gecəsi 15 manata qalmaq olur. Paraşütlə tullanmaq isə adambaşı 77 manatdır. Ancaq bu, 10 nəfərlik qrupa aiddir. Ümumilikdə onlar 770 manat pul keçirməlidirlər. 10 nəfərdən az qrup götürmürük. Ancaq ola bilər ki, qrupda 5 nəfər olar və həmin 5 nəfər 770 manatı ödəyər. Belə olan halda icazə var. 770 manat təlimatçının, 2 pilotun, mühəndisin və yanacağın xərclərini təşkil edir. Bizim üçün 1 nəfər də paraşütlə düşəndə eyni xərc edir, 10 nəfər də düşəndə. 1200 metr yüksəklikdən eniş olur. Hər hansısa problem olarsa, özüm də müdaxilə edirəm. Ancaq onlarda heç bir problem indiyədək olmayıb. Çünki onların paraşütlərini özümüz yığırıq. Müştərilərə yalnız idarəetməni öyrədirik. Onlar yerə 5 dəqiqə ərzində enir. 50 il ərzində görmədiklərini mən onlara 5 dəqiqə ərzində göstərirəm.
Səbuhi TOFİQOĞLU
Qaynar.info