
Son vaxtlar Azərbaycanda uşaqların valideynləri tərəfindən döyülərək öldürülməsi və ya intihar etməsi halları artıb. Cəmiyyətdə artan ümumi aqressiya fonunda uşaqların taleyi xüsusi narahatlıq doğurur. Uşaqların hüquqları ilə bağlı beynəlxalq konvensiyalara qoşulmuş ölkələrlə müqayisədə Azərbaycanda bu sahədə çoxsaylı problemlər qalmaqdadır. Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri, hüquqşünas Nazir Quliyev Qaynarinfo.Az-a müsahibəsində həmin problemlərdən və onların çıxış yollarından danışıb:
- Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi ilə bağlı problemli məsələlərdən biri də hüququ pozulan uşaqlarla bağlı vətəndaşların haraya müraciət edəcəklərini bilməmələridir. Bu, qanunvericiliyimizdəki boşluqlardan irəli gəlir, yoxsa, məlumatsızlıqdan?
- Azərbaycan respublikasının qanunvericiliyinə görə uşaqların hüquqlarının qorunması hər bir şəxsin borcudur. Uşaq hüquqlarının müdafiəsi qanunla tənzimlənən məsələdir. Bu baxımdan uşaqlara qarşı edilən zorakılığa qarşı hər bir vətəndaş mübarizə aparmalıdır. İnkişaf etmiş ölkələrdə xüsusi "Qaynar xət"lər fəaliyyət göstərir ki, nəinki uşaqlara, böyüklərə qarşı da hər hansı zorakılıq, hüquq pozuntusu baş verdikdə dərhal "Qaynar xətt"ə müraciət edilir, hüquq mühafizə orqanları bununla məşğul olur. Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar da, respublikanlın qanunvericiliyi də təsbit edir ki, biz uşaqlara qarşı hər hansı hüquq pozuntusunu, zorakılıq hallarını gördükdə. bunu xəbər verməlıiyik. Eyni zamanda bizim qanunvericiliyə əsasən ağır cinayətlər barədə bilib xəbər verməmək, özü də hüquqi məsuliyyət yaradır.
- Bununla belə, xarici ölkələrdə adiləşmiş bu ənənə Azərbaycanda ümumiyyətlə mövcud deyil. Sizcə, bunun səbəbləri nədir?
- Azərbaycanda dövlət orqanlarında uşaqlarla bağlı xüsusi “Qaynar xətt” xidmətləri var. Bir çox ölkələrdə bu xidmətlər vahid fəaliyyət göstərir. Yəqin filmlərdə də görmüsünüz. Amerikada “911 qaynar xətt"i var: insanlar istənilən bir narahatedici hadisə ilə bağlı oraya müraciət edirlər. Mən özüm səfərdə olarkən müşahidə etmiəm ki, uşaqları təhklükəli vəziyyətdə görmək bu ölkə vətəndaşlarının “Qaynar xətt”ə dərhal müraciət etməsinə kifayət edir. Məsələn, uşaq yüksək mərtəbəli binanıın pəncərəsindən baxırsa, maşınların hərəkət etdiyi yerlərdə futbol oynayırlar və ya velosiped sürülərsə, insanlar dərhal “Qaynar xətt”ə zəng vururlar və bu işin araşdırılması ilə artıq bu xidmətin əməkdaşları məşğul olur. Onların valideynləri kimdir, uşaq harada yaşayır- bütün bunları həmin xidmətin əməkdaşları müəyyən edir. Daha sonra isə lazım gəldikdə valideynlər məsuliyyətsizliyə görə, hüquq – mühafizə orqanlarında cavab verirlər. Azərbaycanda isə bu praktika az yayılıb, mən deyərdim ki, ümumiyyətlə mövcud deyil.Bu da bizim mentalitetimizdə kök atmış bir neçə zərərli məsələlərlə bağlıdır. Birincisi, bizdə insanlar düşünürlər ki, uşaq ailənin mülkiyyətidir və onunla necə davranmaq valideynlərin şəxsi hüuqudur. İkinci tərəfdən isə qonşudan polisə şikayət etmək Azərbaycanda ayıb sayılır. Vətəndaşlar yalnız öz hüquqlarının pozulması ilə müşaiyət olunan hansısa ciddi hallar baş verdikdə, necə deyərlər, əlacsız qalanda polisə müraciət edirlər.
- Amma polisə müraciət edən insanlar barədə məlumatın məxfiliyinin qorunmaması da burada böyük rol oynayır...
- Bəli, bir çox hallarda insanlar müxtəlif qurumlara məlumat verdikdə, məlumatın vacuibliyi qalır bir tərəfdə, o insanların prosesdə rolu önə çəkilir. Bir çox ölkələrdə məlumat verən şəxslərin informasiya məxfiliyi qorunur. Hətta müvaqiq qurum zorakılıq haqda məlumatı aldıqdan sonra şübhə yaratmamaq üçün birbaşa həmin ailəyə yox, ümumiyyətlə, həmin binaya gedir, qonşuluqdakı evlərdə də olur, söhbət aparır. Həmin ailə hiss etmir ki, ondan şikayət edilib.Digər tərəfdən də polisin vəziyyətə sonradan nəzarət etmək imkanları yoxdur. Sosial xidmətlərə çıxış elə olmalıdır ki, polis təhsildən yayınan, baxımsız olan, küçə uşaqlarını, dilənçiliklə məşğul olan uşaqları o Mərkəzə yönəldə bilsin. Belə bir imkan yoxdur və ona görə də bizdə hüquq-mühafizə orqanları yalnız hansısa cinayət baş verdikdən sonra işə qarışır. Halbuki bu cinayətin qarşısı vaxtında alına bilərdi. Polis üçün sonradan işi harasa yönəltməık üçün imkanlar olmalıdır. Reabilitasiya mərkəzləri olmalıdır, orada sosioloqlar, psixoloqlar uşaqlarla, valideynlərlə işləməlidir. Biz Alyans olaraq uşaqlar arasında sorğular aparanda məlum olurdu ki, zorakılığa məruz qalan uşaqlar heç yerə müraciət etmək istəmirlər. Çünki bilirlər ki, axşam yenə həmin ailəyə qayıdacaqlar.
- Azərbaycanda bu sahədə də vətəndaş məlumatsızlığı hökm sürür. Vətəndaşlar bilmirlər ki, belə hallarda müraciət etmək üçün polisdən başqa qurumlar da var. Dövlət qurumları və QHT-lər braşürlər hazırlayıb əhaliyə paylaya bilərlər ki, uşaqlara qarşı zorakılıq hallarında haraya müraciət edə bilərlər...
- Hər bir ölkə uşaq hüquqları konvensiyasına qoşulanda öhtəliklər götürür. O öhtəliklərdən biri də uşaqların maraqlarını qorumaq üçün dövlət orqanlarının səfərbər edilməsidir. Yəni bütün bu mexanizmləri yaratmaq dövlət orqanlarının vəzifə borcudur. Ictimai təşkilatlar, digər qurumlar burada sadəcə köməkçi funksiyasını yerinə yetirir. Təəssüf ki, bəzi dövlət qurumlarının “Qaynar xət”ləri statistika xarakterli fəaliyyət göstərir. Dövlət orqanlarının “Qaynar xətt”ləri arasında Ombudsman Aparatının və Daxili İşlər Nazilriyinin İnsan alveri üzrə “Qaynar xətt”ləri mümkün qədər çevik və məhsuldar fəaliyyət göstərir. Onlar üçün elə imkanlar olmalıdır ki, müraciət edənləri sosial xidmətlərə yönəldə bilsinlər. “Qaynar xətt”in müraciətin sonrakı dövrdə izlənmə mexanizmi olmalıdır. QHT Alyansının “Qaynar xətt”ləri müəyyən müddət çox məhsuldar işlədi. Təəssüf ki, sonradan maliyyə mənbələrin kəsilməsi və Azərbaycanda xarici donorların fəaliyyətinin azalması bu xidmətlərin genişlənməsinə imkan vermədi. Həmin “Qaynar xət”lərin fəaliyyəti təkcə məlumatı qəbul etməklə bitmirdi, sonradan sosioloq psixoloqların prosesə qoşulması ilə davam edirdi. Onlar da nə vaxt prosesə qoşula bilərlər? Uşaqların etimadının qazanılmasından sonra. Əks halda uşaq geniş məlumat vermək istəməyəcək. O “Qaynar xətt”i işlədiyi dövrlərdə elə uşaqlar var idi ki, illərlə ürəklərində saxladıqları hissləri bölüşürdülər. Çünki əmin idilər ki, bu işçilər onlar üçün çalışır, hansısa mütəmadi görüşlər aparır.
- Qanuna görə hansı hallar uşağa qarşı zorakılıq sayılır? Azərbaycanda son dövrlərdə əksər analar telefonlara, sosial şəbəkələrə çox vaxt ayırır. Biz qohum-qonşuda, küçədə belə hallara tez-tez rast gəlsək də, nə edəcəyimizi bilmirik. Bizim qanunlar belə hallarda hüquqi məsuliyyət yaradırmı?
- Çox təəssüf ki, biz Azərbaycanda zorakılıq deyəndə daha çox fiziki zorakılığı nəzərdə tuturuq və fikirləşirik ki, zorakılıq dedikdə, uşağın üzündə, bədənində hansısa bir göyərmə nişanələri olmalıdır. Amma müasir dövrdə “psixi, mənəvi, cinsi zorakılıq” terminləri də geniş yayılıb. Bu zorakılıq növlərini, xüsusən də mənəvi və psixoloji zorakılığı müəyyən etmək üçün artıq peşəkarlığa ehtiyac var. Dünya təcrübəsində zorakılığın qiymətləndirilməsi və məxfiliyin qorunması çox önəmlidir. Bir çox ölkələrdə artıq uşağa etinazıslıq da zorakılıq kateqoriyasının daxilində gedir. Çünki cinayət qanunvericiliyində hərəkət və hərəkətsizlik var. Şəxsin hərəkətsizliyi cinayətə yol açırsa, bu da hüquqi məsuliyyət yaradır. Uşağı nəinki evdə nəzarətsiz qoyub getmək, onun maraqlarını nzərə almamaq belə zorakılıq sayılır. Amma bütün bu halları müəyyən etmək üçün, peşıkar yanaşma olmalıdır.- Valideynlikdən məhrum etməylə bağlı qanunvericiliyimizdə hansı boşluqlar var?
- Belə hallar İnzibati Xətalar Məcəlləsində müəyyən müddəalarla tənzimlənsə də, qanunvericiliyin özündə boşluqlar var. Ailə Məcəlləsində valideynlik hüququndan məhrumetmənin əsaslarında "Uşaqla amansız davrandıqda" yazılır. “Amansız” dedikdə isə, qeyd etdiyim kimi, bizdə yalnız fiziki təzyiqləri ehtiva edir. Haluki valideyn etinasızlığı sonrakı bütün fəsadlara, faicələrə yol aça bildiyi üçün ən böyük zorakılıq sayıla bilər.Bizdə adətən ailələr dağıldıqda valideynlərdən birinin tələbi ilə bu baş verir. Amma uşağa qarşı zorakılığa görə, valideynlikdən məhrum edilmə halına praktikada rast gəlməmişəm. Bununla belə düşünürəm ki, valideyn hüququndan məhrum etmə son qərar olmalıdır. Yalnız uşağın həyatına təhlükə olduqda bu üsula əl atmaq olar. Çünki uşaq müəssisələri uşaqlar üçün yaxşı mühit deyil, onlar üçün məhbəs kimi bir şeydir.
Qızılgül Abdinova
Qaynarinfo.Az

