“Bu həddindən artıq ağır bir cərimədir və rekord bir cərimələnmədi. Heç dünyanın öndə gedən qəzetlərinə belə bu qədər ağır cəza kəsmirlər”.
Bunu Qaynar.info-ya “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu rəhbəri olduğu qəzetin 50 min manat cərimələnməsinə münasibət bildirərkən deyib.
R.Arifoğlunun sözlərinə görə, cəza tədbiri qəzeti çökdürməyə hesablanıb: “Məsələdə nazirin adının hallanması səbəbindən də bunu qəbul edə bilmirəm və obyektivliyini də yəqin ki, cəmiyyət qəbul etməyəcək. Hesab edirəm ki, bu vəziyyət fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın olan şirkətin cərimə məbləğindən imtinası ilə aradan qaldırılmalıdır. Biz bunu anlayışla qarşılayarıq. Təbii ki, biz də təkzib vermək şərtilə. Lakin bir qəzeti çökdürməyə hesablanmış cəza tədbirlərini heç cür qəbul etmirik, ona görə də müdafiə olunacağıq, müqavimət göstərəcəyik. Çünki söhbət bizim iş yerimizdən, qəzetimizdən gedir. Əks halda, biz onu itirəcəyik”.Baş redaktor qeyd edib ki, “Yeni Müsavat”ın 2 milyon manatdan çox cərimə riski var: “Onların cəriməyə bölüşdürülmüş misli hazırda 56 500 manatdır. Yəni bu məbləğ, artıq icraya yönəlmək ərəfəsindədir”.
R.Arifoğlu vurğulayıb ki, məmurların bu cür addımları mətbuatı çökdürmək və məhv etmək məqsədi güdür: “Dünyanın hər bir yerində məhkəmələr həqiqəti ortaya çıxarmaq, ədaləti bərpa etmək məqsədi ilə aparılır. Azərbaycanda isə məhkəmələr qəzetlərə qarşı cəza alətinə çevrilib, icra hakimiyyətinin əlində vasitədir. Bu prosesdə də gördük. Məhkəmə hakimləri Kəmaləddin Heydərovun adı gələn yerdə həqiqəti ədaləti kənara buraxıb, bu adın keşiyində dayanırlar. Bu da ürək ağrıdıcı və təəssüfedici bir haldır”.
Qeyd edək ki, Aprelin 3-də Ali Məhkəmə “Yeni Müsavat” qəzetinin “Gilan” konserv zavodunun məhkəmə iddiasına qarşı kassasiya şikayətinə baxıb. Hakim Zakir Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə əvvəlki instansiyaların çıxardığı 50 min manatlıq cərimə qərarını qüvvədə saxlayıb. Hakim tərəfləri qısa şəkildə dinləyib və yekunda qərarı dəyişməyib. Bu qərardan sonra “Yeni Müsavat” Avropa məhkəməsinə müraciət etməyi planlaşdırıb.
Xatırladaq ki, qəzetə qarşı iddia fövqəladə hallar nazirinə yaxın olduğu iddia edilən “Gilan” zavodunun “Jalə” şirələri ilə bağlıdır. Belə ki, 2009-cu ilin aprelində “Yeni Müsavat”da dərc olunmuş “Jalə 100 faiz təhlükəli şirədir”başlıqlı yazı qəzetin məhkəməyə verilməsinə səbəb olub. “Gilan”" zavodu bunun və digər uyğun materialların zavodun işgüzar nüfuzuna xələl gətirdiyini düşünür.
İlkin
Qaynar.info