Xəbər lenti

"Nida"çıların ittiham aktı yayımlandı - MƏTN
Ölkə13:01 25.10.2013

"Nida"çıların ittiham aktı yayımlandı - MƏTN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Media forum” saytı “Nida” Vətəndaş Hərəkatı və “Azad Gənclik” Təşkilatından olan fəallara ittiham aktından bir parçanı təqdim edir. İstintaq Baş Prokurorluq aparıb:   

- İstintaqla müəyyən edilmişdir ki, 2013-cü ilin fevral ayında Bakı şəhərində hüquqi qeydiyyata alınmayan “Nida” adlı qurumun üzvləri Həsənov Rəşad Zeynalabdin oğlu, Quliyev Bəxtiyar Səməndər oğlu, Məmmədli Üzeyir Məhəmməd oğlu, Axundov Rəşadət Fikrət oğlu, Qurbanlı Zaur Araz oğlu, Novruzlu Şahin İbrahim oğlu, Əzizov Məmməd Rasim oğlu, eləcə də Rüstəmzadə İlkin Bəkir oğlu və digərləri ictimai-siyasi sabitliyi pozmaq, dövlət hakimiyyəti və idarəçilik orqanlarının fəaliyyətini iflic edərək ictimai asayişin kütləvi pozuntularına yol vermək məqsədi ilə 10 mart 2013-cü il tarixdə Bakı şəhərində paytaxt sakinləri və qonaqların yalnız istirahəti üçün nəzərdə tutulan, çoxsaylı tarixi-memarlıq tikililərinin, ictimai-iaşə, ticarət, xidmət və əyləncə obyektlərinin mövcud olduğu Fəvvarələr meydanında qanunsuz aksiya keçirilməsi və həmin aksiyada xaos və çaşqınlıq yaratmaq, ictimai qaydanı qorumaq üzrə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələri olan polis əməkdaşlarını qorxudub güclərini zəiflətmək, destruktiv qüvvələrin diqqətini cəlb etməklə siyasi və maddi dəstək əldə etmək, gəncləri qanunsuz aksiyalarda iştiraka həvəsləndirmək üçün tərkibi tezalışan maye yanacaq benzindən və tüstüsüz barıtdan ibarət “Molotov kokteyli”, “tüstü şaşkaları”, yəni partlayıcı qurğular tətbiq etməklə yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar təşkil etmək barədə razılığa gəliblər.
 
Əvvəlcədən hazırlanmış plan və vəzifə bölgüsünə əsasən, “Nida”nın İdarə Heyətinin üzvləri Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov, Zaur Qurbanlı və digərlərinin tapşırıq və rəhbərliyi ilə müəyyən destruktiv qüvvələrin kütləvi iğtişaşlara cəlb olunması nəzərdə tutulan şəxslərin maliyyələşdirilməsi üçün ayrılan 94.100 manat və 589,35 manata bərabər 750 ABŞ dolları məbləğində pul vəsaitlərinin Şahin Novruzlunun yaşadığı ünvanda saxlanması, İlkin Rüstəmzadənin 10.03.2013-cü il tarixdə “Əsgər ölümlərinə son” adı altında Bakı şəhərində kütləvi aksiyanın keçirilməsinə çağırışları internet sosial şəbəkəsində yerləşdirməsindən sonra Bəxtiyar Quliyev, Şahin Novruzlu və Məmməd Əzizov internet informasiya ehtiyatlarında “Molotov kokteyl”inin hazırlanması qaydalarına dair zəruri məlumatları toplamış, dəfələrlə görüşərək əldə etdikləri məlumatları bölüşüb partlayıcı qurğuların hazırlanması barədə müzakirələr aparmış, həmçinin iğtişaşlara daha çox sayda insanların cəlb olunması üçün “Facebook” sosial şəbəkəsində qanunsuz aksiyaya çağırış müraciətlərini paylaşaraq əhali arasında yayılması üçün vərəqələr tərtib etmiş, mütəşəkkil dəstə tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan, partlayış və yanğın törədə bilən əldəqayırma üsulla hazırlanmış, istifadəyə yararlı, tez alışan maye yanacaq benzindən, mineral yağlardan ibarət, mayenin dağılmaması və uçmaması üçün pambıq parçadan ağzına həm də fitil rolunu oynayan tıxac vurulmuş 0,5 litrlik şüşə qablarda 20 ədəd “Molotov kokteyli” qarışığı kimi istifadəsi nəzərdə tutulan yandırıcı (alışdırıcı) vasitələri, 0,5 litrlik şüşə qabların üzərinə skotç vasitəsilə içinə “Sokol" tipli tüstüsüz barıt olan nitrosellüloza doldurulmuş 10 ml-lik şprislər bərkidilməklə hazırlanmış 2 ədəd partlayıcı qurğunu, kütləvi iğtişaşın iştirakçılarının fəallıqlarını artırmaq məqsədilə onlar arasında yaymaq üçün istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan Bəxtiyar Quliyev 255,40 qram həşiş qatranından və 15,48 qram qurudulmuş marixuanadan, Şahin Novruzlu 252,27 qram həşiş qatranından, Məmməd Əzizov isə 174,54 qram qurudulmuş marixuanadan ibarət şəxsi istehlak miqdarından artıq narkotik vasitəni qanunsuz olaraq əldə edib yaşadıqları ünvanlarda 10 mart 2013-cu il tarixinə Bakı şəhərində təşkil edilən kütləvi iğtişaş üçün saxlamışlar, lakin 7 mart 2013-cü il tarixdə həmin ünvanlarda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar edilən yuxarıda qeyd olunan cinayətin vasitə və alətləri götürülmüşdür.
 
Həmçinin Quliyev Bəxtiyar Səməndər oğlu və Rüstəmzadə İlkin Bəkir oğlu 1 mart 2013-cü il tarixdə Bakı şəhərində bir qrup şəxslə Dənizkənarı Milli Parkın ərazisində gündüz vaxtı, saat 15 radələrində ictimai qaydanı kobud surətdə pozaraq bədii-estetik dəyərlərə malik memarlıq abidəsi olan yaşlı kişinin bürünc materialdan hazırlanmış tökmə fiqurunun arxa və baş hissələrində ictimai mənəviyyatın pozulmasında ifadə olunan davamlı təkrarlanan əxlaqa zidd və qurşaqdan yuxarı üst geyim paltarlarını soyunduqdan sonra isə çılpaq vəziyyətdə qərəzli xaotik al-qol hərəkətləri ilə bir daha nümayiş etdirmiş, onun qeyd olunan hərəkətlərinin, yəni ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələri olan Dənizkənarı Bulvar İdarəsinin mühafizəçilərinə və polis əməkdaşlarına, eləcə də digər şəxslərin qanuni tələblərinə nümayişkaranə surətdə tabe olmayıb müstəsna həyasızlıqla öz hərəkətlərini dayandırmaması ilə müqavimət göstərmiş, yaşadığı cəmiyyətin etik normalarına zidd hərəkətlərini lentə almaqla 6,16 meqabit həcmində süjet hazırlayıb geniş auditoriya kimi internet sosial şəbəkəsində qeyd olunan video süjetin kütləvi surətdə izlənilməsi üçün 1 mart 2013-cü il tarixdə ‘‘Harlem Shake-Park Bulvar” adı ilə “Youtube.com” saytında yerləşdirilib kütləvi surətdə yayımlamaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq etmişlər.

Qaynar.info