Xəbər lenti

"Nöqsanları aradan qaldırıb Qafqaz Universitetini saxlamaq olardı" - Aslan İsmayılov
Ölkə13:26 20.07.2016

"Nöqsanları aradan qaldırıb Qafqaz Universitetini saxlamaq olardı" - Aslan İsmayılov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Təhsil ocağını bağlamaq ən böyük günahdır". 
Qaynarinfo.Az xəbər verir ki, bu sözləri hüquqşünas Aslan İsmayılov Qafqaz Universitetinin bağlanmasına münasibət bildirərkən deyib.
Aslan İsmayılov belə bir tədris ocağının bağlanmasının olduqca səhv addım olduğunu bildirib: "Bu dəqiqələrdə Qafqaz Universitetinin bağlanması xəbərini eşitdim. Bunun haradan qaynaqlandığını hamı kimi mən də bilirəm. Elə buradaca qeyd edim ki, dəfələrlə o universitetə dəvət alsam da heç vaxt orada olmamışam. Çünki Universitetin tək tədrislə bağlı olmadığını eşitmişdim. Bununla belə bu gün Azərbaycanda TQDK-nın imtahanlarından ən yüksək bal toplayan tələbələr də məhz orada təhsil alırdılar. Azərbaycanda korrupsiya çirkabına bulaşmayan da məhz bu tədris ocağı idi. Bu gün təhsilimizin acınacaqlı durumunda belə bir tədris ocağının bağlanmasını olduqca səhv addım sayıram".
"Qafqaz Universitetində ciddi problemlərin olduğu, hansısa qruplara bağlı olduğu, tək tədris məqsədi güdmədiyini anlayıram. Belə halda həmin nöqsanları aradan qaldırmaqla tədris ocağını saxlamaq, onun müsbət ənənələrini davam etdirmək olardı. Hakimiyyət isə başqa, ən yüngül və zərərli yolu seçdi. Sadəcə, ləyəndəki çirkli su ilə birlikdə orada çimizdirilən körpəni də küçəyə atdı. Yenə keçmiş Rusiyanın baş naziri Viktor Çernomırdinin məşhur ifadəsi yadıma düşdü: yaxşı etmək istəyirdik, həmişəki kimi alındı (xотели как лучше, а получилось как всегда)" - deyə hüquqşünas əlavə edib.
Xatırladaq ki, bu gün Qafqaz Universitetinin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib. Beynəlxalq Təhsil Mərkəzi bu gün keçirilən iclasında təsisçisi olduğu Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməsi barədə qərar qəbul edib.
Qaynarinfo.Az