“Nigar Rəhimova bu günə qədər bizi hədələyir. Oğlumu türmədə, onun körpələrini məktəbdə öldürəcəyini deyir”.
Bunu Qaynar.info-ya bu ilin yanvarın 8-də Qaradağ rayonu, Sahil qəsəbəsində iki qardaşı - Cavid və Cahid Rəhimovları qətlə yetirən Zaur Tərlanovun atası Ənvər Tərlanov deyir.
Onun sözlərinə görə, qardaşların anası Nigar Rəhimova hadisədən xəbərdar olub: “Zaur Tərlanov hadisədən öncə iki dostu ilə Sahil qəsəbəsindəki çayxanada olublar. Onlardan başqa heç kəs həmin yerdə olmayıb. Cavid və Cahid oğlumun yerini hardan bilirdi? Kimsə zəng edib oğlumun yerini onlara deyib. Müstəntiq isə deyir ki, qardaşlardan yalnız birinin telefonu üstündə olub. Ancaq oğlum hadisə yerində olan hər iki şəxsin telefonla danışdığını görüb. Bundan başqa qardaşlar Zaurun yanına gələndə anaları onlarla bir neçə dəfə danışıb. Üstəlik, hadisə olandan sonra da ora ilk gələn Nigar Rəhimova olub”.
Ənvər Tərlanov deyir ki, Cavid Rəhimov hadisədən öncə dəfələrlə ailəmizi narahat edib: “Onların məqsədi Zauru öldürmək olub. Mənim oğlumun onları öldürmək məqsədi olmayıb. Rəhimovlar gəlib Zaurun dostlarıyla oturduğu çayxanaya və oğlumu təhqir ediblər. Onu dəniz kənarına çağırıblar. Qardaşlar onu öz avtomobiliylə getmələrini istəyib. Zaur etiraz edib deyib ki, mən heç kəsin maşınına minmirəm. Cavidlə Cahid maşınına əyləşəndən sonra Zauru söyüblər. Zaurun dostları da onunla gəlmək istəyəndə Cavidlə Cahid qoymayıb. Başqa adamların gəlməməsi üçün söyüş söyüblər. Ancaq özləri başqa adamlara zəng edib köməyə çağırıblar, analarına da xəbər veriblər. Deməli, iki qardaş Zauru öldürmək məqsədilə dənizkənarına aparıblar. Zaur da özünü müdafiə edib. Çünki Cavidlə Cahidin onu öldürməsi planı olub. Axı, mənim oğlum onları davaya çağırmayıb, onlar çağırıb. Üstlərində silah, bıçaq olub”.
Zaur Tərlanovun atasının hüquqi nümayəndəsi olan “İnamla hüquq” MMC-nin direktoru Bəxtiyar Məmmədov deyir ki, Rəhimovlar qardaşı hadisə yerinə silahla gəlib: “Hadisə yerində Cahid və Cavid qardaşlarına məxsus maşından aşkar olunaraq ekspertizaya təqdim olunmuş silah təmizləmə üçün istifadə olunmuş yağlı əski parçasının olduğu halda bu günə qədər həmin əski parçası ilə hadisədən öncə hansı növdə silahın təmizlənməsi və kim tərəfindən silahın götürülməsi araşdırılmır. Məqsəd nədir? Deməli, istintaq hərəkətləri bir tərəfli qayda da aparılır. Bundan başqa müstəntiq Yusif Novruzov bu günə qədər zərəçəkmiş qismində tanınan Xanım Aslanovının istifadəsində olmuş mobil telefonu gələn zənglərini araşdırmır. Niyə Cahid və Cavid Rəhimov qardaşları Zaur Tərlanova qarşı hansı planları həyata keçirəcəklərinə diqqət yetirilmir?
Hüquq müdafiəçisi Baş Prokurorluğa müraciət edib: “Mənim müraciətimə 17 iyul 2015-ci il tarixdə Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəis müavini Qabil Qasımov yazılı cavab verərək işi Baş Prokurorluğun xüsusi nəzarətə götürdüyünü, ibtidai istintaqın davam etdiyini bildirib. Həmin cavab məktubundan o da qeyd edilir ki, təqsirləndirilən şəxsin əməllərinə düzgün hüquqi qiymət veriləcəyini, işin tam, hərtərəfli və obyektiv istintaq aparmaqla qanuni qərarın qəbulu təmin ediləcəyi vurğulanır. Təəssüf ki, müstəntiq Yusif Novruzov Qabil Qasımovun göstərişlərinə əməl etməyib. Hətta vəkil Mehman Əliyevin ardıcıl olaraq vermiş olduğu bütün vəsatətləri rədd edib”.
“Tərəfimizdən dəfələrlə müstəntiq Yusif Novruzovdan tələb etməyimizə baxmayaraq, hadisə baş verən günü cinayət aləmində “Yapon” ləqəbli Rəşad Məmmədovun və “Domba” ləqəbli Zamiq Əliyevin Nigar Rəhimovaya, eləcə də Cahid və Cavid qardaşlarına məxsus telefonlarına zənglərin giriş-çıxışı bu günə qədər araşdırılmayıb”, - deyə hüquq müdafiəçisi bildirib.
B.Məmmədov deyir ki, cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış Xanım Aslanovaya qarşı 2014-cü ilin avqust ayında Cavid Rəhimov odlu silahla qorxudub: “Zaur Tərlanova məxsus mənzildə olan 30 min manatdan çox pulu alıb. Bu barədə cinayət işində Xanım Aslanovanın ifadəsi var. Bütün bunlara baxmayaraq, yəni həm hadisə yerində silah təmizlək üçün istifadə olunan yağlı əskinin aşkar olunması, həm də qeyd etdiyim kimi Cavidin silah tətbiq etməsi faktı müstəntiq tərəfindən bu günə qədər müəmmalı səbəblərdən araşdırılmır. Çünki hadisə yerində olmuş silah maraqlı şəxslər tərəfindən götürülüb”.
Hüquq müdafiəçisinin sözlərinə görə, Cavid və Cahid qardaşlarını meyitləri ekspertizadan keçirilən zaman Nigar Rəhimovanın təsiri və təzyiqi ucbatından onların narkotik maddə aludəçiləri olub-olmamaları yoxlanılmayıb: “Əgər müstəntiq cinayəti birtərəfli araşdırmaq məqsədi olmasaydı, onda hadisə baş verən günü Cavid, Cahid, Nigar Rəhimovların, eləcə də “Domba”, Yapon” ləqəbli şəxslərin adlarına olan bütün telefon nömrələrini gələn zəngləri bu günə qədər araşdırılardı. Onda məlum olardı ki, qeyd etdiyim şəxslər Nigar Rəhimovanın təşkilatçılığı ilə Zaur Tərlanova qarşı planlı şəkildə öncədən qəsdin həyata keçirməsi hazırlanmışdı. Sadəcə olaraq Zaur Tərlanov yarımmüdafiə həddini aşmaqla özünü asılı olmayan səbəblərdən irəli gələrək qətl hadisəsi baş vermişdi”.
B.Məmmədov qeyd etdi ki, 12 avqust 2015-ci il tarixdə müstəntiq Yusif Novruzov müəmmalı səbəblərdən irəli gələrək iş otağı olduğu halda Nigar Rəhimovaya məxsus mənzilə getmiş, orada Nigar Rəhimovla birlikdə və vəkili Ceyhun Yusifovla görüşmüşdü: “Bundan bizim gec-tez xəbərdar olacağımıza görə, müstəntiq özünü sığortalamaq məqsədilə həmin görüş zamanı vəkil Ceyhun Yusifovu və Nigar Rəhimovanı səs yazılarını telefona yazmaqla bizi inandırmaq istəmişdi ki, onlar arasında münasibətlər çox kəskindi, heç bir isti münasibətlər yoxdur. Həmin danışıq yazılarında vəkil tərəfindən Nigar Rəhimovaya təkidlə bildirilir ki, Baş Prokurorluğun, Şəhər Prokurorluğun qarşısına get özünü benzinlə yandıracağını bildir və bu yolla prokurorluq orqanlarına təsir et. Qeyd etdiyim bu fakt prokurorluq orqanları tərəfindən əgər araşdırılarsa müstəntiq hətta həmin danışıq yazısını yaddaşdan silmiş olsa belə həmin danışıqları yenidən bərpa etmək olar. Onda da tam sübuta yetirilər ki, müstəntiqlə qarşı tərəfin isti münasibətləri var. Sual olunur, bu günə qədər hansı səbəbdən baş verə biləcək özünü intiharetmə faktına görə prokurorluq orqanlarını məlumatlandırmayıb?”.
Hüquq müdafiəçisi indiyə qədər bir neçə dəfə Baş Prokurorluğa həm yazılı, həm də mətbuat vasitəsilə müraciət edib: “Mətbuatda Zaur Tərlanovun işilə bağlı müstəntiq Yusif Novruzovun cinayət işi üzrə təkzib olunmaz sübutların, dəlillərin və faktların araşdırmamasına görə Respubika Baş Prokurorluğundan və Bakı Şəhər Prokurorluğundan dərhal cinmayət işini xüsusi nəzarətə götürməsini, istintaqın təzələnməsini, göstərilən xüsusatların qanuna müvafiq qayda da araşşrılmasını və müstəntiq Yusif Novruzov barəsində xüsusi qərardad çıxarmaqla ciddi cəzalandırılmasını xahiş edirəm”.
Məsələylə bağlı yazıda adıçəkilən Nigar Rəhimovayla əlaqə saxlasaq da, o bu məsələylə bağlı vəkili ilə məsələhətləşəndən sonra cavab verəcəyini dedi. Vəkil Ceyhun Yusifov bizimlə əlaqə saxladı və deyilənlərin böhtan olduğunu söylədi. Məsələylə bağlı məhkəməyə müraciət etdiklərini qeyd etdi.
Qaynar.info
Şərhlər