Xəbər lenti

"Polisin məni tapacağını onsuz da bilirdim"
Ölkə17:59 11.05.2015

"Polisin məni tapacağını onsuz da bilirdim"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Ağır Cinayətlər Məhkəməsində 1976-cı il təvəllüdlü Bakı şəhər sakini Sabir Gülməmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org saytının əldə etdiyi məlumata görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib.
İstintaq yolu ilə müəyyən edilib ki, Sabir Gülməmmədov 2 avqust, 2014-cü ildə “Muğan” bağında Emin Mirzəyevlə mübahisə zamanı ona bıçaqla xəsarət yetirib. Yaralı ətrafdakı şəxslərin köməyi ilə təcili olaraq xəstəxanaya çatdırılıb.
S.Gülməmmədov hadisədən bir ay sonra Nəsimi Rayon Polis İdarəsi (RPİ) 22-ci polis bölməsinin (PB) əməkdaşları tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxs qismində dindirilən Sabir Gülməmmədov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində zərərçəkmiş şəxsi hadisə baş verən günə kimi tanımadığını göstərib: “Parkın yanından keçərkən adını sonradan bildiyim Emin Mirzəyev mənə yaxınlaşıb mobil telefonumu istədi. Kiməsə zəng vurub sonra özümə qaytardı.
Parkda gəzişərkən Eminin bir neçə nəfərlə otların üstündə oturub yemək yeyib araq içdiklərini gördüm. Məni də süfrəyə dəvət etdilər. Müalicə aldığım üçün içki içmədim, yemək yeməklə kifayətləndim. Süfrədəkilər araq almaq lazım olduğunu bildirəndə cibimdən 5 manat çıxarıb verdim ki, alıb içsinlər. Bir qədər sonra Eminlə süfrədəki şəxslər arasında mübahisə yarandı. Özüm də bilmədən mübahisəyə qoşuldum. Emin üstümə gələndə süfrədən bıçaq götürüb onu qorxutmaq istədim. Bıçaq Eminin qarın nahiyəsinə dəydi. Onu vurmaq niyyətim olmayıb. Emin özü mənə dedi ki, tez qaç, buradan uzaqlaş, yoxsa polislər səni tutacaqlar.
Hadisə yerindən dərhal uzaqlaşdım. Ağciyərimdə problem olduğu üçün müalicə alandan və ailəmlə vidalaşandan sonra polisə gəlib təslim olmuşam”.
Təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadəsi ilə istintaqdakı ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.
Əvvəllər oğurluğa və qəsdən adam öldürdüyünə görə məhkumluq həyatı yaşayan Sabir Gülməmmədov ifadəsində 2010-cu ildə həbsxanadan azadlığa buraxıldığını, hadisə baş verən gün mağazadan yemək və spirtli içki aldığını, parkdakı otluğun üstündə süfrə açdığını, tanımadığı şəxsləri süfrəyə dəvət etdiyini göstərib: “Onlar da özləri ilə ərzaq gətirmişdilər. Bir az yemək yedikdən sonra araq qurtardı. Yanımda əyləşən qaraşın oğlana çıxarıb pul verdim ki, gedib araq alsın. Buna görə aramızda mübahisə düşdü, ünvanıma nalayiq söyüşlər söydü. Onun çiynindən tutub yerə yıxdım. O, cibindən bıçaq çıxarıb məni vurmaq istəyəndə qolunu burub bıçağı əlindən aldım və özünə zərbə vurdum.
Hadisə bir dəqiqənin içərisində baş verdiyindən hamı çaşqın vəziyyətdə idi. Hadisə ilə bağlı nə ailə üzvlərimə, nə də qohumlarıma xəbər vermədim. Düşünürdüm ki, onsuz da polis əvvəl-axir gəlib məni tapacaq. Ona görə də polisə könüllü təslim olmağı fikirləşdim. Müalicəmi davam etdirəndən sonra polisə gedib hadisə barədə xəbər verdim”.
Zərərçəkmiş şəxs qismində dindirilən Emin Mirzəyev məlum hadisədən bir gün əvvəl soyadının dəyişdirilməsi ilə bağlı Nizami Rayon Məhkəməsinə getdiyini göstərib: “Həmin gün “28 may” metrosunun yaxınlığında yerləşən “Muğan” bağına gedib parkdakı oturacağın üstündə yatmışdım. Yatdığım zaman telefonumu tanımadığım şəxslər cibimdən oğurlamışdılar. Oyanıb telefonumu oğurlayanları tapmaq üçün parkın içində gəzərkən bir neçə nəfərin otun üstündə içki içdiklərini gördüm. Marketdən araq alıb onlara qoşuldum ki, bəlkə telefonumu oğurlayıb-oğurlamadıqlarını öyrənə bildim.
Məclisdəkilərin sayı get-gedə artırdı. Telefonumu oğurladıqlarını güman etdiyim şəxslərlə mübahisəmiz düşdü. Adını sonradan bildiyim Sabir də onların arasında idi. Mübahisə zamanı Sabir nəsə dedi, sonrasa bıçaqla qarın nahiyəmə vurdu. Tanımadığım adamlar bıçağı Sabirin əlindən aldılar. Özüm ona dedim ki, tez qaç, uzaqlaş buralardan. Hətta bıçağı Sabirin əlindən alan şəxs polis çağırmaq istəyəndə qoymadım. Sonradan huşumu itirdim”.
Məhkəmənin hökmü ilə Sahib Gülməmmədov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qaynar.info