
Milli Məclisdən verilən məlumata görə, Azərbaycan prezidentinin təqdimatı ilə bununla bağlı Cinayət Məcəlləsinə yeni 278.2 maddəsinin salınması təklif olunur. Layihəyə əsasən, Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Layihə Milli Məclisə təqdim olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.İlahiyyatçı Elşad Miri Qaynarinfo.Az-a açıqlanmasında Azərbaycanda belə bir qanunun qəbul ediləcəyinin gözlənilən olduğunu deyib. "Türkiyədə baş verən hadisədən sonra, Azərbaycan dövlətinin də qarşılaşa biləcəyi hücumların, taktikaların, dövlət çevrilişi cəhdlərinin qarşısının alınması üçün belə bir addım atması başa düşüləndir. Çünki Türkiyənin özündə sonradan terrora cəhd edən qurumun həmişə şüarı “döyənə əlsiz, söyənə dilsiz” yanaşması idi. Guya “mülayim İslam” anlayışını ortaya çıxarmışdı, dinlərarası dialoq deyərək, başqa dinlərə yumşaq yanaşmağı təbliğ edən bir xidmət hərəkatı idi. Amma sonra gördük ki, bu hərəkat 240-dan çox insanın şəhid olmasına səbəb oldu. Vertolyotlarla, tanklarla insanlara hücum etdilər, onları qətl etdirlər".
Elşad Miri Nardaran hadisələrindən sonra Azərbaycanda bu istiqamətdə qanunların sərtləşdiriləcəyini gözlədiyini deyib:"Türkiyədəki hadisələrin oxşar, yüngül versiyası Nardaran hadisələri olmuşdu. Nardaran hadisələrindən sonra Türkiyədəki hadisələr belə bir məsələnin gündəmə gətirilməsini şərtləndirdi".İlahiyyatçı deyib ki, bununla belə qanunda açıq qalan məsələlər var: "Mənim qorxum odur ki, sabah bu qanundan sui istifadə edilə bilər. Necə ki, Türkiyədə də FETÖ-cü deyə fərqli adamları da həbs edirlər. Müəyyənləşdirilməlidir ki, dini şüar deyəndə nə nəzərdə tutulur? “Məsçiddə dini təbliğat aparmaq olar, kənarda olmaz” anlayışı nə deməkdir? Xaricdə dini təhsil alıb gələn Azərbaycan vətəndaşlarına dini təbliğat aparmaq qadağandırsa, Azərbaycanda təhsil alan vətəndaşla onların fərqi nədir-bunlar hamısı açıq qalan məsələlərdir. Məncə, qanunun müzakirəsi zamanı bu boşluqların doldurulmasına çalışmaq lazımdır".
Qızılgül
Qaynarinfo.Az