Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) Nizami rayonunda yerləşən cərimə meydançasında yanğın baş verdi. Hadisə nəticəsində 40-a yaxın avtomobil yanaraq külə dönüb.
Hadisə baş verdikdən sonra DYP yanğınla bağlı yaxşı bir bəhanə tapdı. Sən demə, güclü külək cərimə meydançası ərazisindən keçən yüksək gərginlikli elektrik xəttini qırıb və elektrik xətti meydançada olan avtomobillərin üzərinə düşüb, nəticədə yanğın başlayıb. Doğrusu, bu xəbər yayılanda sosial şəbəkələrdə və mediada maraqlı suallar, müzakirələr ortaya çıxdı. Təbii ki, bu müzakirələr səbəbsiz və əsassız deyildi.
Bu gün Bakıda avtomobillərin say çoxluğu göz önündədir, amma bu maşınların heç də çoxu imkanlı insanlara məxsus deyil. Bunlar sadəcə imkanlı şəxslərin xaricdən Bakıya gətirib kreditlə vətəndaşlara sırıdığı avtomobillərdir. Ölkədə elə bir insan olmaz ki, banklara borclu olmasın. Ola bilsin ki, bu maşınların sahiblərinin də əksəriyyəti hələ də banklara borcludur.
Keçək mətləbə. Bu gün baş vermiş yanğınla bağlı ortaya çıxan suallardan biri də məhz cərimə meydançasının yüksək gərginli elektrik xətlərinin altında olmasıdır. Niyə? İndiyədək gözündən tük yayınmayan polisimiz necə olub ki, bunun fərqinə varmayıb? Bəlkə, yanğın baş verdikdə orada bir çox insan da həlak olaydı, o zaman məsuliyyəti kim üzərinə götürəcəkdi? Ramiz Zeynalovmu, yoxsa kresloya otuzdurulduğu gündən 3 il keçməsinə baxmayaraq, xalqla yalnız Vaqif Əsədovun dili ilə danışan Nuşirəvan Səfərov?
İnsafən, Vaqif Əsədov arada mavi ekranlarda, mediada görünür, heç olmasa, problemlərin onluq olmadığını deyir. Gəlin dua edək ki, Ramiz Zeynalovun sözçüsü Kamran Əliyev də yalnız özlərinin dinlədiyi meyxanalarda deyildiyi kimi "arada bir" telefonlara cavab versin!
Heç kəsə sirr deyil ki, Bakıda yol polisinin həyata keçirdiyi reydlər əksər hallarda sürücülərin qanunsuz cərimələnməsi ilə nəticələnir. Hətta onlara yazılan "bal" da bir müddət sonra "səxavətli əllər" tərəfindən silinir. Bunu dəfələrlə görmüşük, şahidi olmuşuq. Ola bilsin ki, durub buna görə bizi günahlandıra bilərlər, ancaq tam əminliklə deyə bilərik ki, bu ölkədə insanlar ya bala düşür, ya da...
Bakıdakı cərimə meydançaları isə gün ərzində bir neçə dəfə dolub-boşalır, hər dəfə sürücülər kütləvi şəkildə cərimə olunur. Maraqlı məqam odur ki, sürücüləri yerindəcə cərimə edirlər və onlara verilən ödəniş kağızı qanuni sənəd olmur. Demək, bu pullar da şəxsi ciblərə, daha dəqiq desək, "fırta" gedir. Gün ərizindən isə bu meydançalarda toplanan pulun 10 min manatlarla ölçüldüyünü deyənlər də var. Əgər bunu nəzərə alsaq, demək Ramiz müəllimin "çinovnik"ləri heç də az qazanmırlar. Hələ bu pulun bir başının BŞDYPİ-yə gedib çıxdığını nəzərə alsaq, onda bir "Yanıq Kərəmi" sifarişi ortaya çıxır...
Uzağa getməyək, bu hallarla "Cavanşir" körpüsünün (keçmiş "Qaqarin" körpüsü) yanındakı cərimə meydançasında daha çox rast gəlmək olur. Kaş elə bu körpünün adı Qaqarin qalaydı, Cavanşirin adı rüşvətə bulaşmayaydı.
Bəli, söhbət "Cavanşir" körpüsünün yanındakı cərimə meydançasından gedir. Doğrusu, burada vəziyyət izaholunmaz həddədir. Burada çalışan yol polis müfəttişləri insanlarla kobud davranmaqla yanaşı, onları təhqir etməkdən belə çəkinmirlər. DYP-ə edilən şikayətlər isə nəticə vermir, əslində, şikayətlərə heç baxan da yoxdur. Sanki Ramiz Zeynalov özü şərait yaradıb ki, bu meydançalar günahı oldu, olmadı avtomobilləri sürücülərin əlindən alıb meydançaya doldursunlar, sonra da ciblərini boşaldıb yola salsınlar. Əslinə qalsa, iki dəfə biz də bu cərimə meydançasında qanunsuzluqla üzləşmişik və bizə qarşı da qanunsuzluq edilib. Amma bundan kimə şikayət edəsən, meydançaları özünün qazanc meydanına çevirən məmurlaramı, yoxsa bu qədər qanunsuzluğa bilərəkdən göz yuman Ramiz Zeynalovamı?
Heyhat! Kimdən kimə şikayət edəcəksən? Adamın özündən özünəmi? Bilirsiniz, bu nəyə oxşayır. Bilmirsinizsə, deyim. Bunun cavabı məşhur mahnıda verilib: "Səndən yar, sənə yar, şikayətim var..."