
"Qarabağ"ın bosniyalı qapıçısı İbrahim Şexiç Yaponiyada kuboka sahib çıxıb.
Qaynarinfo.az xəbər verir ki, gündoğar ölkədə 1978-ci ildən bəri keçirilən ənənəvi Kirin Kubokunun (Kirin Cup) builki qalibi Bosniya və Herseqovina yığması olub.
Bu komanda yarımfinalda Danimarkanı penaltilərdə 4:3 (əsas hissə 2:2 başa çatıb - red.), finalda isə bu turnirin ən çox - 11 dəfə qalibi olmuş meydan sahibi Yaponiyanı 2:1 məğlub edib. Hər 2 görüşdə İbrahim Şexiç 90 dəqiqə meydanda olub. Bu turnirdə III yeri isə Bolqarıstanı 4:0 məğlub edən Danimarka tutub.
Bununla da Avropa çempionatına qatılmaq şansını pley-offda itirmiş Bosniya və Herseqovina yığması bu kubokla azarkeşlərinə kiçik təsəlli verib. Təşkilatçılar qalibə kubokdan əlavə, 250 min dollar da təqdim edib.
Qaynarinfo.az

