Xəbər lenti

"Qaraca Çobanın yurdu"ndan reportaj – FOTOLAR
Ölkə13:05 18.11.2013

"Qaraca Çobanın yurdu"ndan reportaj – FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu yol hayana gedir?.."

“28 May” metrostansiyasının qarşısında görüşüb vağzala getdik. Getməmişdən öncə Dərbəndlə bağlı xeyli araşdırma aparmışdıq. Qatara mindikdə də ilk müzakirəmiz əvvəl hansı ərazilərə getmək, planlaşdırmanı necə qurmaqla bağlı oldu.

Bizimlə eyni kupedə yol gedən Rusiya vətəndaşı olan 2 axısxa türkü Dərbəndə getdiyimizi anlayıb bizə tövsiyə verməyə başladı. Onlardan biri: "Orada hamı silahlı adamlardı, ehtiyyatlı olun", "Çox pis vaxtda gedirsiz, məhərrəmlik ayında orada vəziyyət yaxşı olmur, dindarların bir-biri ilə problemləri olur", - dedi.

Dərbəndə çatmamış bu qədim Azərbaycan şəhəri haqqında ilk təəssüratların stressini atmaq üçün yolçuluq ənənələrinə uyğun olaraq çantamızdakı azuqələri çıxardıb, qoyduq ortaya (Mən bunu “yolçuluq ənənəsi” adlandırıram). Qatarda yolun uzun və ya qısalığından asılı olmayaraq, hamı özü ilə yol azuqəsi götürür. Yəni ac oldu, olmadı, hamı qatarda mütləq nəsə yeməlidir.

Səhərə yaxın - saat 6-da artıq sərhəddə idik. Azərbaycan sərhədini keçəndən sonra Rusiya gömrükçülərinin yoxlamaları başladı. Pasportlarımızı toplayıb yoxlamağa başladılar. Sıra Orxana (Fotoqraf Orxan Əzimov) çatanda dedilər ki, bu adamı Rusiyaya buraxa bilmərik. Səbəb isə Orxanın illər əvvəl götürdüyü pasportda şəklin indiki görünüşünə oxşamaması idi. Gömrük işçisi olan xanım heç cür inanmaq istəmirdi ki, fotodakı insan qarşında duran adamdır. Uzun çək-çevirdən sonra viza vərəqəsində olan şəkilə baxıb, standart suallarını verərək pasporta möhür vurdu.

Əzizim, Dərbənd gözəl, dərə gözəl, bənd gözəl...

Nəhayət, Dərbənd ərazisinə keçdik. Qatardan düşəcəyimiz vağzalda bizi Orxanın bir tanışı gözləyirdi. Qatardan enəndə bizi qarşılayan adamdan ilk eşitditdiyimiz söz Dərbəndin bütün ab-havasını bizə məlum etdi: "Cüməniz xeyir...”

Dağıstanın əməkdar artisti Əjdər Mamedov (bizi qarşılayan adam) səfər boyunca bizim xidmətimizdə olacaq taksi sürücüsünu çağırdı. Saçları ağarmış Bahadır kişi azərbaycanca təmiz danışırdı. Bu isə işimizi daha da rahatlaşdırırdı. Səhər yeməyi yedikdən sonra qərarlaşdırdıq ki, saat 12-yə qədər dincələk. Saat 12-də isə sürücü bizi götürüb “Cümə məscidi”nə aparsın. 5-ci gün olduğu üçün bu gün məsciddə qələbəlik gözlənilirdi.

Məscidə olarkən mənə elə gəlirdi ki. Azərbaycanın hansısa rayonundayam. Çünki burada hamı Azərbaycan dilində danışırdı. Sonradan isə mənə məlum oldu ki, Dərbənd əhalisinin 90 faizi azərbaycandillidir. Şəhərdə rəsmi dil rus dili olsa da, Dərbənd qapılarının, tarixi yerlərin adları və bir sıra ictimai xəbərdarlıqlar Azərbaycan dilində yazılmışdı.

HAŞİYƏ: Dərbənd Azərbaycanın qədim şəhərlərindən biridir. Hazırda Dağıstan Respublikasının tərkibində yerləşir. Fars dilində Dərbənd sözü "dər" və "bənd" kəlmələrinin birləşməsindən əmələ gəlib. Bu da darvazalı sədd, keçid, bənd deməkdir. Ərəblər Dərbəndə Bab, Bab əl-Hədid, Bab əl-Əbvab, türklər Dəmir qapı Dərbənd, monqollar Kahulqa, Kahalqa deyirmişlər. Azərbaycanın ilk liman şəhəri olan Dərbənd bütövlükdə tarixin danışan eksponatlarından biridir. Burada tarix yazıldığı kimi danışır, həm də abidələrin dilində...

Biz ora çatanda insanlar yenicə toplanmağa başlayırdı. Məscidin ərazisini gəzib, axund və digər şəxslərilə məscidin tarixi haqqında söhbətləşdik. İslam aləminin ilk məscidlərindən olan Dərbənd “Cümə məscidi” VIII əsrin əvvəllərində tiklib. Təbii zəlzələ nəticəsində ciddi zədələnmiş məscid 1368-1369 -cu illərdə bakılı memar Tacəddin Musa oğlu tərəfindən hakim Afriburzun zamanında əsaslı təmir olunub. Məscidə sonralar da müxtəlif əlavələr edilib, lakin bu tarixi binanın qədimliyi demək olar ki, tam qorunub saxlanılıb.

Məsciddə çəkiliş aparmaq üçün icazə almağımız çətin oldu. Uzun-uzadı xahişlərdən sonra məscidə cavabdeh şəxs olan Seyid Heydərdən çəkiliş üçün icazə ala bildik. Plan strukturu baxımından məscidin analoqu olmayan daxili hissəsi eni istiqamətində çoxsaylı hissələrə bölünərək nəhəng memarlıq orqanizminə dinamik xarakter verir. Burada interyer boyunca meşəsayağı düzülmüş daş sütunlar və onların sonluğunu tamamlayan oxvari taxtabanlar dini tikilinin monumental obrazını bir az da artırır. Məscidin daxili fəza həllinin çoxsaylı meflərə bölünməsi və mərkəzdəkinin geniş formada olub hakim mövqeyə durması interyer kompozisiyasının memarlıq qanunauyğunluğunu qabardır. Simmetrik sistemə malik olan ibadət zalı fasadı və portalı boyunca ornament və Quran ayələrilə bəzədilmiş təbəqəli mərkəzi zalla tamamlanır. Dərbəndin gözəlliklərini təsvir etmək üçün buraya səyahət edən istənilən əcnəbiyə təkcə bu abidə kifayət qədər əsas verir. 

Dərbənd müsəlmanlarının baş bəlası - sünni-şiə davası

Biz binanın içinə daxil olanda şiələrin axundu xütbə oxuyurdu. Bir neçə dəqiqədən sonra azan veriləcəkdi, namaz başlayacaqdı. Məsciddin içini çəkib, bitirdikdə artıq insnalar namazlarını qılıb qurtarmışdılar, amma məscidə gələnlərin sayı getdikcə artırdı (Orada öyrəndik ki, yeni gələnlər sunni təriqətinə aid olan dindarlardır). Camaat namazı qurtaranda bir qrup şəxs bizə yaxınlaşıb məscidi tərk etməyimizi xahiş etdi: 

- Niyə çıxmalıyıq?

- Bundan sonra burda sunnilərin namazı başlayacaq.

- Nə olsun?

- Onlar müxaliflərdir. İmkan vermərik onları çəkəsiz. Bura şiə məscididir. Heç kim bilməməlidir ki, burda sünnilər də namaz qılır.

- Əksinə bu daha yaxşı olar. Hamı görər ki, siz tolerant insanlarsız, birgə namaz qılırsız.

- Yox olmaz. Onlar məhərrəmlik ayında toy edirlər.

- Axı...

Yan tərəfdən gələn və ləzgi ləhcəsi ilə danışan orta boylu, idmançı görkəmli adam dialoqu pozdu: "Olmaz deyirlərsə, demək olmaz. Daha nə mübahisə edirsiz? Gedin başqa yerləri çəkin". 

Bütün bunlar Orxan üçün təəccüblü olsa da, əvvəllər dini mədrəsədə oxuduğum üçün, burada mənim üçün qeyri-adı heç nə yox idi. Ona görə də oradan çıxıb birbaşa məscidin düz qarşısında yerləşən süvenirlər satılan mağazaya girdik. Məqsədimiz Dərbənd səfərimizin xatirəsi kimi bir-iki maraqlı süvenir alıb Bakıya gətirmək idi.

Mağazada da maraqlı situasiya ilə qarşılaşdıq. Burada satılan süvenirlərin 90 faizi Bakıya aid idi: Qız qalası, üzərində Azərbaycan bayrağı olan stəkanlar, Bakının ümumi görünüşünü əks etdirən qablar və içində müxətlif dualar yazılmış bir neçə dairəvi qab...

Sürücümüz Bahadır dayıya zəng etdik ki, gəlib bizi götürsün. Sürücü gəlib hara getmək lazım olduğunu soruşdu. Dedik ki, Qalaya getmək istəyirik. "Qalaya bu vaxt getməyin heç bir mənası yoxdur. Birazdan duman düşəcək, heçnə çəkə bilmərsiz", - deyə Bahadır dayı bizi fikrimizdən daşındırdı.

“Qız ağacı, qoz ağacı - hər gələn bir daş atar...”

Dərbəndin məşhur Qızlar hamamı...


Qərarlaşdırdıq ki, yolumuzu yaxınlıqda olan qızlar hamamına salaq. Məsciddən təqribən 300 metr məsafədə yerləşən 2 hamam var. Bu hamamlardan biri XIII əsrdə tikilib. Hazırda UNESCO tərəfindən tarixi abidə kimi qeydiyyata alınıb və qorunur. Hamam 4 otaqdan – vanna və 2 kiçik otaqdan ibarətdir.

Qızlar hamamına bitişik hissədə isə XVII əsrə aid qadınlar hamamı yerləşir. Hər iki hamamın tikilişi zamanı otaqlarda yerləşən qübbələrdə bayırla içəri arasındakı olan təmas - işıqlandırma sistemi nəzərə alınıb.

Hamamlar tikilərkən nəzərə alınan əsas amillərdən biri də onların İslam dünyasının ilk məscidlərindən olan Dərbənd “Cümə məscidi”nə yaxınlığıdır. Yerli bələdçilərin dediyinə görə, bu, məscidə cümə xütbələrinə və digər dini ayinlərə gedən insanlar üçün şəraitin yaradıldığından xəbər verir. Belə ki, qadınlar da məscidə getməzdən öncə hamamda çimirmişlər.

Gecənin sükütunu pozan güllə səsləri: “Burada Qəribi ağlamaq tutur...”

Günün sonuna yaxın şəhərin mərkəzi küçələrində, parklarda gəzməyə çıxdıq. Amma sürücümüz buna da qarşı çıxdı. Səbəb isə təhlükə idi. Bizə şəhərdə əlimizdə fotoaparatla istədiyimiz kimi gəzə bilməyəcəyimizi anlatdı. Uzun mübahisədən sonra razılaşdıq ki, özümüzü yaxşı apararıq... Şəhərin mərkəzinə gəldiyimizdə bələdçimizin haqlı olduğunu anlamağa başladıq. Hər 200 metrdən bir əllərində avtomatlı, maskalı hərbiçilər dayanmışdı. İstənilən gözlənilməz hərəkətə atəşlə rekasiya verə bilərdilər. Sürücüdən şəhərdə təhlükəsizlik tədbirlərinin niyə bu qədər sərt olduğunu soruşduq. Çox az danışan sürücümüzün cavabı da qısa oldu: "Axşam özünüz görərsiz. Bu axşam olmasa da, sabah mütləq biləcəksiz".

Heç bir əlavə söz demədən yolumuza davam etdik. Şəhərin mərkəzi hissəsində müasir tikililərə uyğun heç bir nüans yoxdur. Bütün yaşayış binaları sovet dövründə tikilib, yeni tikililər isə ancaq fərdi yaşayış evləridir. Sürücümüz bizə şəhərdə yalnız yeganə yeni tikilmiş bina olan və tikintisi yarıda saxlanılmış binanı göstərir: "O binanı burada azərbaycanlılar tikdirdi. 18 mərtəbəli yaşayış binasıdır. Binanın tikintisində səhvlərə yol verildiyinə görə, yerli icra hakimiyyəti tikintini dayandırıb... Tarixin ən böyük qalalarından birini tikən xalq (Əli ilə uzaqdan görünən Dərbənd qalasını göstərir) indi adi yaşayış binası da tikə bilmir...

32 xalq, 36 telekanal

Yenidən qaldığımız otelə tərəf yola düşdük. Qayıdarkən bizi ilk qarşılayan Əjdər Məmmədov bizimlə əlaqə saxladı. Yuxarıda qeyd etdiyim kimi Əjdər həm də müğənnidir və Dağıstanın əməkdar artistidir. Əjdərin təkidi ilə axşam yeməyi üçün onlara getdik. Həyat yoldaşı bizim üçün Dərbənd xəngəli hazırlamışdı. Yeməklərimizi yedikdən sonra isə Əjdərin yaradıcılığı ilə tanış olduq. Bir neçə klipinə baxdıq. Daha sonra Dərbəndəki  TV-lərin fəaliyyəti ilə bağlı maraqlandıq. Əjdərin dediyindən məlum oldu ki, Dağıstan Muxtar Rrespublikasının (Dərbənd də bura daxildir) 36 telekanalı var. Bu kanalların təqribən yarısının studiyası balaca Dərbənd şəhəri ərazisində yerləşir. Şəhərdə ümumilikdə 32 xalqın nümayəndəsi yaşayır və TV-lər demək olar ki, bu xalqların hər biri üçün efir şəraiti yaradır...

Gecə saat 10 radələri olardı. Sürücümüz Bahadir kişidən zəng gəldi: “Sizə demişdimmi axşam görəcəksiz?”

- Nə olub, Bahadır əmi?

- Şəhərdə atışma var. Əlisilahlılar kafelərin birinə girib insanlara atəş açıblar.

- Səbəb?

- Səbəbini bilmirəm. Zəng elədim ki, özünüz təkbaşına evdən çıxmayın. Bir azdan gəlib sizi götürüb, apararam otelə...

Qeyd: Hər axşam vıyıldayan güllə səsləri təkcə gecənin süktunu pozmur,  həm də bura qonaq gələn əcnəbilərin yuxusuna haram qatır.  Amma dərbəndlilər bizdən fərqli olaraq, bu səslərə adətkərdə olublar. Onların “güllə qorxusu” yoxdur, bəlkə də güllə səsləri altında uyumaq onlar üçün ayrı bir ovqatdır.  

- Tarixi Dərbənd qapıları və Dərbənd qalası.
- Dərbəndəki azərbaycanlılar!
- Növbəti gecə, növbəti atışma...
- Dərbənd məzarlıqlarının ən bahalı məzar daşı hansı azərbaycanlı məmurun valideynlərinindir?
- Fətəli xanın Dərbənd izi...
- Mübahisəli “Nizami Gəncəvi parkı...”


Bütün bunlar növbəti reportajımızda...

Pərviz Əzimov
FOTOLAR: Orxan Əzim

Qaynar.info

Qeyd edək ki, reportaj  Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Tarixi izlər" layihəsi çərçivəsində Dərbən səfəri zamanı hazırlanıb.