Bu gün tanınmış şair, köşə yazarı Elnur Astanbəylinin doğum günüdür. Elnur Astanbəyli 1980-ci il oktyabrın 13-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. Gəncə Dövlət Universitetini bitirib. Bir çox aparıcı qəzetlərdə çalışıb. Xalq və modern üslubda şeirlər müəllifidir. Hazırda "Azadlıq" qəzetində köşə yazıları yazır.
Elnur Astanbəylinin 2012-ci ildə "Almadan küsən", 2014-cü ildə "Oktyabra məktublar" adlı şeir kitabları nəşr olunub.
Qaynarinfo.Az kollektivi Elnur Astanbəylini 36 yaşı münasibəti ilə təbrik edir və şeirlərindən seçmələri oxuculara təqdim edir.
O qadın
soruşursan nə var nə yox necəsən bu havada necə olum... belə də... günəşsizəm, yağışsızam, qarsızam o qadını darıxıram hələ də...
külək qovur buludları aramsız polis qovur mitinqçini amansız heç bir dərdi qovmaq olmur araqsız o qadını darıxıram hələ də...
bu gecənin ulduzu gül ətirli... günəş doğur, sabah olmur bir turlu... bir sevdaya bir ömürü bitirdim o qadını darıxıram hələ də... yanvar, 2004
Sonuncu siqaret (“Adamlar, ağrılar...” silsiləsindən)
bir Məhəmməd vardı heç kim yoxuydu bir özüydü, bir də dörd divardı... evinin yanında yekə ağ daş vardı hər gün axşama dönəndə gedib o daşın üstündə oturardı siqareti siqaretə calayardı biri sönməmiş o birinə yandırırdı gözləri zillənərdi uzaqlara və arabir həsrət həsrət-həsrət baxardı qonşuda “top-top” oynayan “dava-dava” oynayan uşaqlara arvadı uşaq üstə ölmüşdü Məhəmmədin illər keçdi – oğlu böyüdü şəhid oldu oğlunun ili çıxmamış qızı ər evində asdı özünü... o gündən ağzını bıçaq açmadı Məhəmmədin dindirdilər dinmədi Məhəmməd güldürdülər gülmədi Məhəmməd siqareti siqaretə calamadan keçdi günü hər siqaretlə o da için-için yandı korun-korun tüstüləndi siqaretlər söndü amma sönmədi Məhəmməd...
və bir gün qapını-pəncərəni bağladı arxadan od vurdu evə od vurdu – sonunsu siqaretini beləcə yandırdı Məhəmməd!...
Bütün küləklərə ithaf
yenə kim qovub salıb küçələrin canına bu dəli, bu sərsəri, bu bivec küləkləri şaqqıldayıb qopacaq hardasa bir ağacın ən iri bir budağı… o budaqla bərabər uşaqların qorxudan düşəcək ürəkləri
hardasa… eh, hardasa bir küçə fahişəsi yekəpər özgələrin ayaqları altından küləyin dağıtdığı saçlarını yığacaq; hansısa lap köhnə bir nağıldan qopan igid gündoğara çaparkən yıxılacaq atından
hardasa toqquşacaq elektrik xətləri yenə qısaqapanma… yenə işıqsız evlər… amma uşaq səsinə həsrət qalmış bir evdə nə ər, nə qadın bunun fərqində olmayacaq – onsuz da işıqsızdı bütün uşaqsız evlər! 17 mart, 2015
“Oktyabra məktublar” silsiləsindən
I şeir
Oktyabr! Göyüzünə de, qaralmasın yerüzünə de, otundan, çiçəyindən muğayat olsun yağışlara de, Oktyabr, yağışlara bir az da yağıb boş qədəhlərə dolsun, - barı sərxoşlar qəzəblənməsinlər...
yarpaqlara de, saralmasın, Oktyabr qaranquşlara de, getməsinlər durnalara de, Oktyabr, durnalara barı onlar belə kədərli ötməsinlər barı mahnılar qəribləməsinlər...
havalara de, soyumasın, Oktyabr, günəşə de, sozalmasın ürəklərə de, Oktyabr, ürəklərə barı onların istisi azalmasın barı sevgilər qripləməsinlər... oktyabr, 2012
rəsm dəftəri
qışdı soyuqdu səhərdən bəri evdə nə qaz, nə işıq – heç biri yoxdu və indi bumbuz otaqda hərdən nəfəsi ilə qızdıraraq barmaqlarını qızım çöldə üşüyən ağacları geyindirir rəsm dəftərində... dekabr, 2013
Tabut
(“Pis havalar” silsiləsindən)
son mənzilə apardığımız doğma adamın tabutu sanki indicə çiynimizdən sürüşəcək və içindən yarısı dişlənmiş alma düşəcək… noyabr, 2014
“Şəkilaltı sözlər” silsiləsindən 3 şeir
qürubun şəkli üçün
günəşin batışını seyr edərkən nə düşünür nə düşünür insan ömür həmişə çox qısa ölüm həmişə çox erkən... amma yenə bir təsəlli var: nə yaxşı doğulmusan, nə olsun öləcəksən?!
mitinqçinin şəkli üçün
quşlar öpər hər dəfə havada düyünlənmiş yumruqlarını göyləri inlədən “Azadlıq!” hayqırışlarını quşlar öpər
bax beləcə keçib gedər ömrü quşların dimdiyində
amma dərd eləməyə dəyməz, dostum, qəm eləməyə dəyməz o quşların yuva qurduğu gün də gələcək hətta ən amansız polisin dəyənəyində
dənizin şəkli üçün
bu qədər suyu bir yerdə görmək bir az da bizim gözlərimizin mərifəti deyilmi?...