Xəbər lenti

""Azadlıq" qəzetinin ad günü çap edilməməsi şəraitində qeyd olunacaq" - Açıqlama
Ölkə09:07 21.12.2016

""Azadlıq" qəzetinin ad günü çap edilməməsi şəraitində qeyd olunacaq" - Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dekabrın 24-də "Azadlıq" qəzetinin ad günüdür.

27 ildir ki, fəaliyyət göstərən "Azadlıq" qəzeti bu ilin sentyabr ayından etibarən nəşri dayandırıb. Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, qəzetin nəşri dayanandan etibarən müxtəlif instansiyalara müraciət edilsə də, problem həll olunmur: 

"Çox təəssüf ki, "Azadlıq" qəzetinə yaradılmış müxtəlif maneələr hələ də qəzetin çapını imkansız edir. Biz yaranmış vəziyyətlə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşovla dəfələrlə görüşdük. O problemin həllinə kömək edəcəyinə söz verdi. Ancaq bu günə qədər heç bir nəticə yoxdur. Qəzetə qarşı yaradılmış problemlər davam edir. Azərbaycan mətbuat tarixinin parlaq qəzetlərindən biri olan "Azadlıq" qəzetinin sənədləri qəbul olunmur və müxtəlif bəhanələrlə qəzetin çapına imkan verilmir".

Rahim Hacıyev təəssüflə bildirdi ki, qəzet öz ad gününü çap edilməməsi şəraitində qeyd edəcək:

"Çox təəssüflər olsun ki, dekabrın 24-də "Azadlıq" qəzetinin 27 yaşı tamam olacaq və "Azadlıq" qəzetinin ad günü çap edilməməsi şəraitində qeyd olunacaq".

Redaktor həmçinin qey etdi ki, qəzet üçün hüquqi dalan yaradılıb və dalandan çıxmaq onlar üçün mümkünsüzdür:

"Qəzetin çapı ilə bağlı müraciətlər olunsa da, buna imkan verilmir. Qəzet üçün hüquqi dalan yaradılıb və bu dalandan heç cür çıxmaq olmur.  Problemin başlıca səbəbi isə "Qasid" firmasının bizə olan borcunu ödəməməsidir. "Qasid" firması rəsmi şəkildə təsdiq etmişdi ki, bizə 69 min manat borcu var. Qəzetin alacağı məbləğ verəcəyi məbləğdən çoxdur. Ancaq səylərə baxmayaraq nəticə yoxdur".

Qeyd edək ki, "Azadlıq" qəzeti 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının həftəlik nəşri kimi yaradılıb. İlk sayı həmin il dekabrın 24-də işıq üzü görüb. Qəzetin ilk redaktoru Nəcəf Nəcəfov olub.

Pərvin Zeynal

Qaynarinfo.Az