
"Rusiya istəmir ki, Qarabağ münaqişəsi həll olunsun".
Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin rəhbəri Con Kerinin Qarabağla bağlı fikirlərini şərh edərkən deyib.
Zərdüşt Əlizadənin sözlərinə görə, Con Kerri əslində həqiqəti deyib: "O Amerika kimi böyük bir dövlətin siyasətçisidir. Bu məsələni anlamaq üçün heç dövlət katibi olmağa ehtiyac yoxdur. Azərbaycan və Ermənistan rəhbərliyi güzəşti sülhə hazır deyil və heç buna çalışmırlar. Ermənistan prezidentinin öz xalqına verdiyi vədlər Qarabağı işğal altında saxlamaq niyyətini nümayiş etdirir. Azərbaycan rəhbərliyinin çıxışı da onu göstərir ki, Bakı Qarabağ mövzusunda güzəştə getməyəcək. Belə şəraitdə güzəştli sülh mümkün deyil".
Politoloq bildirib ki, Con Kerrinin açıqlamasının başqa bir səbəbi də var: "Bir az dərinə gedib həqiqətə yaxınlaşmaq lazımdır. Bu məsələdə hər iki dövlət azad mövqe nümayiş etdirə bilmirlər. Ermənistana bu mövqeyi Rusiya əmr edir və məcburi şəkildə buna əməl olunur. Əks halda hakimiyətini itirə bilər. Hakimiyəti qorumaq üçün dövlətə böyük ziyan gətirən addımlar atılır. Xalqları da barışmaz ruhda tərbiyə edirlər. Rusiya istəmir ki, Qarabağ münaqişəsi həll olunsun. Qarbağ münaqişəsi Rusiya siyasəti üçün vacibdir. Təkcə Cənubi Qafqazda deyil, Ukraynada, Moldovada da problemlərdən Rusiya siyasəti səmərəli istifadə edir. Xalqları bir-birinə qırdırmaqla, sonra da guya vasitəçi rolu oynamaqla Rusiya siyasi nüfuzunu qoruyub saxlayır, hətta artırır".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az