Xəbər lenti

"Sən öl" sözü niyə öldü? – Coşqun CALALOĞLU
Ölkə14:25 20.11.2013

"Sən öl" sözü niyə öldü? – Coşqun CALALOĞLU

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rayonda babamla söhbətləşirdik. 

Kişinin şəxsiyyət vəsiqəsindəki tarixlə desək yaşı 80-i keçib. Amma bu rəqəmlə razılaşmırdı. Deyir ki, qalın qar yağdığı il dünya gəlib. Həmin ili də aparıb çıxardır 1925-ci illərə. Xülasə, ordan-burdan danışırdıq ki, söhbət “sən öl” sözünə gəlib çıxdı. Baba israrla deyir ki, əvvələr “sən öl” sözü qarşısında qanun belə aciz idi. Kənddə, kəsəkdə adam öldü, qan töküldü kəndin ağsaqqalları və adlı-sanlı kişiləri yığışıb məsələni çözərmişlər. 

Baba bu sözlə bağlı bir epizod da danışdı: “Kəndimizdə yuxarı məhəllədən biri, aşağı məhəllədə bir kişinin arvadına sataşmışdı. Camaat bunu bildi. Amma həmin adam boynuna almırdı. Həmin adam kəndin adlı, sanlı ağsaqqallarına sən öl vurdu ki, mən filankəsin arvadına sataşmamışam. Amma bu hadisəni görənlər olmuşdu. Çünki kənd çox kiçik idi, belə şeylər gözdən, qulaqdan yayınmazdı. Hadisənin üstündən bir ay keçmişdi ki, yenidən ara qarışdı. 

Bəlli oldu ki, həmin adam yalan danışıb. Ən əsasda kişilərə sən öl vurub ki, mən bu işi eləməmişəm. Elə həmin axşamı kişini yalan danışdığına və ağsaqqallara sən öl vurduğuna görə, güllələdilər. Belə söhbətlər olardı. Sən öl sözü kişilərin namusu, qeyrəti ilə ölçülərdi. Nə məhkəmə, nə qanun… Kişiyə sən öl vurdun, ta keçdi”.

Babam bu epizodu danışandan sonra lap məəttəl qaldım. Doğrusu, kişilər əməlli-başlı ağızdan çıxan sözə dəyər verərmişlər. Xüsusən də sən öl sözünə. Qərara gəldim ki, bu sözün bu günündən də bir neçə kəlmə yazım. Çoxlarımıza da bəllidir ki, zaman sən öl sözünü də necə deyərlər keçmişdə qoyub. 

İraq olsun, indi cəmiyyətimizdə sən öl sözün qoyaq bir yana, heç ağır söyüşləri belə nəzərə almayan insanlar var. Beş manat borca görə kişi, kiçiyə ən ağır söyüşlər söyərək vədlər verir. Amma vaxtında nə sözünü tutur nə də ki, söyüşü. Bu bir yana, elələri var ki, arvadı onu yatağa buraxmadığına görə efirə çıxır, milyonların qarşısında ailəsinin sirlərini açır. Axı bu adamlar o kişilərin nəslindən, kökündən deyil? Müqayisə üçün bir neçə kəlmə yazdım. Daha yazmaq çox çətindir…

Babam görün axırda nə deyir: “Bala hər zaman ağzından çıxan sözə hörmət elə. Dostuna, tanışına da bu sözü eşitdir. Kişini kişi edən qolunun gücü yox, ağzının sözüdür".