Xəbər lenti

"Sınıq Körpü" Buraxılış Məntəqəsinin bir qoçusu var... - FOTOLAR
Ölkə13:54 20.08.2014

"Sınıq Körpü" Buraxılış Məntəqəsinin bir qoçusu var... - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vətəndaşlar iddia edir ki, "Nehrəmli" ləqəbli Kənan Məmmədov vəziyyəti daha da pisləşdirib; onun Qazax sakinlərini döydürməsi iddiaları da yayılıb

20 avqust səhər saatlarında Qazax rayon "Sınıq Körpü" Buraxılış Məntəqəsində nəqliyyatın və insanların gediş-gəlişində sıxlıq yaşanıb.

Son bir-iki həftədə insanların çoxsaylı şikayətlərini nəzərə alaraq vəziyyəti yaxından araşdırmaq məqsədilə müsavat.com-un müxbiri "Sınıq Körpü" buraxılış məntəqəsinə baş çəkib. Onun yazısı:

-Səhərin gözü təzəcə açılmasına baxmayaraq, sərhəddə sıxlıq yaşanırdı. Yük maşınları, sərnişin daşıyan maşınlar boy-boya verib növbə gözləyirdi.

Əksəriyyət yaranmış vəziyyətdən şikayətçi olsa da, biri-birindən ehtiyat eləyib danışmaq istəmirdi. Ancaq başlarını bulamaqlarından, maşını bir müddətlik tərk edib bir kölgəlikdə əyləşməklərindən aydınca sezmək olurdu ki, heç kimin ürəyi boş deyil.

Buraxılış məntəqəsində növbə gözləyən Qəhrəmanov İlkinin dediyinə görə sıxlıq tez-tez baş verir, saatlarla davam edir. O bildirib ki, elə hallar olur, insanlar gömrükdə saatlarla gözləməli olurlar.

"Mən ara-sıra Gürcüstana gedib-gələn biri kimi deyə bilərəm ki, ümumiyyətlə, "Sınıq Körpü" buraxılış məntəqəsində nəqliyyatın və insanların gediş-gəlişində növbələr çox olur. Bunun da başlıca səbəbi məntəqənin işçilərinin ləng işləməsidir. Yoxlamalar həddindən artıq uzun çəkir. Gürcüstan tərəfdə isə bu prosedur çox sadədir".

Şəxsi maşınıyla növbədə dayanan digər vətəndaş Kamal Ələkbərov isə növbələrin yaranmasının təbii hal olduğunu deyib. O qeyd edib ki, özgə ölkələrə baxanda hələ bizim gömrükçülər yaxşı işləyirlər.

"Növbə yaranmalıdır. Bu təbii haldır. Bütün sivil dövlətlərdə belədir. Mən İrana tez-tez gedirəm. Hər o üzə adlayıb ölkəmizə qayıtmaq üçün İran gömrüyünü keçəndə deyirəm ki, qurban olum öz ölkəmizə. Bizdə vəziyyət yaxşıdır, vallah".

"Buraxılış məntəqəsinin rəisi "Nehrəmli" ləqəbli Kənan Məmmədov ərazidə "qoçu"luq edir. Əvvəl adamlar rahat-rahat bu üzdən o üzə, o üzdən bu üzə keçər, alverlə, müəyyən xırda-xuruş işlərlə ailəsini dolandırardı. İndi vəziyyət çox pisdir", - qəfil bir səs gəldi.

Bu sözləri deyən bir nəfər ağsaqqal idi. Ard-arda dayanaraq uzun-uzadı bir sıra düzəldən maşınların şəklini çəkdiyimizi görüb yaxınlaşmışdı. O əlavə etdi ki, rəis, ərazidən quş belə uçurtmur; "qoçu"larını da başına yığıb hökmranlıq edir: "Dövlətin idarəsinə "dədə mülkü"ymüş kimi münasibət göstərir".

Bu qədər şikayətə rəğmən o ağsaqqal da yaxınlıqda mağazası olduğunu bəhanə gətirib digərləri kimi çəkingənlik etdi; adını deməkdən boyun qaçırdı.

Qeyd edək ki, yazıda adı çəkilən "Nehrəmli" Kənan Məmmədov təxminən iki ay bundan qabaq bazarlıq məqsədilə Gürcüstan tərəfə keçmək istəyən 4 nəfər Qazax rayon İkinci Şıxlı kənd sakinini "Sınıq körpü" buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına döydürmüşdü.

Hikmət Carçılı Orhun, Qazax