Xəbər lenti

"Sovetski" hasarlandı, sakinlərə yataqxana təklif edilir - FOTOLAR
Ölkə18:11 31.05.2015

"Sovetski" hasarlandı, sakinlərə yataqxana təklif edilir - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının “Sovetski” adlanan ərazisi sözün həqiqi mənasında Suriyaya çevrilir. İndi burada nəinki yaşamaq, hətta küçələri dolanmaq belə təhlükəlidir. 
Musavat.com-un məlumatına görə, evlərini satmamaqda israrlı olanlar hələ də burada yaşasalar da, digər evlər ya tam, ya da natamam şəkildə sökülüb. Yarısökülmüş evlərdən qalan qalıqlar, boş qalmış ərazilər zibilxanaya və "bomj"ların məskəninə çevrilib. 
Hazırda adıçəkilən ərazidə bütün işlər dayandırılıb. Gedən yeganə proses "Sovetski"nin hasarlanması idi ki, bu da artıq bir həftə öncə yekunlaşıb. Söküntülər başlayan zaman ərazi dəmir örtüklərlə qapadılmışdı. İndi isə başqa bir materialla "Sovetski"ni hasarlayıblar. 
Yeni hasarlar Türkiyədən gətirilən betopan adlı lövhələrlə qurulur. Bu lövhələr sement tərkiblidir, suya-rütubətə və yanmaya qarşı davamlıdır. Məlumata görə, uzunluğu 2,5 metr, eni 61 sm olan bir lövhənin qiyməti 50 manat civarındadır. Yeni hasarlar əvvəlkilərdən fərqli olaraq, daha səliqəlidir və hündürdür.
Belə anlaşılır ki, hökumətin köhnə və alçaq hasarlara qane olmaması qarşıdan gələn Avropa Oyunları ilə əlaqədardır. Çünki bu hasarlar yalnız “Sovetski” küçəsi (indiki Nərimanov prospekti) boyunca, bir də sökülməkdə olan Murtuza Muxtarov küçəsinin “Beşmərtəbə” meydanına baxan hissəsində qurulur. Bu yolla da, "Suriya"ya bənzəyən ərazilər gizlədilir.
Məsələ ilə bağlı musavat.com-un əməkdaşına məlumat verən "Sovetski" sakinlərinin dediklərinə görə, bir neçə aydır ki, ərazidə söküntü işləri dayandırılıb: "Əvvəllər tez-tez icra nümayəndələri gəlirdilər. Camaatla danışıb, onları köçməyə razı salmağa çalışırdılar. Amma 2 aya yaxındır ki, heç kim gəlmir. Söküntü işləri də dayanıb. Arada nəsə iş görürlər, o da əvvəldən tam sökülməmiş evlərdə... İndi sakitlikdir. Nəsə təklif də yoxdur. Gözləmə rejimindəyik. Onsuz da burada qalanlar köçmək niyyətində olmayanlardır. Bəzilərinə yaxşı pul təklif etmirlər, bəziləri isə dədə-baba yurdunu satmaq istəmir. İndi də "Sovetski"ni hasarlayıblar. Bir həftə olar ki, işləri bitiriblər. Qısa müddət ərzində bizi qutuya "qapatdılar". Öz əl işlərini bu formada gizlədirlər. yəqin ki, turistlərə görə edirlər. Amma fikirləşmirlərmi ki, bir nəfər hasarın bu tərəfinə keçə bilər və Suriyaya çevrilmiş "Sovetski"ni görər?". 
"Sovetski"dən köçmək istəyən sakinlərdən biri olan Firudin Baxışov deyir ki, onun evinin kvadratı azdır. Təklif edilən pulla heç yerdə ev ala bilməyəcəyi üçün razılaşmır. Amma bu yaxınlarda onun kimi ev sahiblərinə maraqlı təklif irəli sürüblər: "Mən köçmək istəyirəm. Burada yaşanılası deyil axı. Toz-torpaq, sökülən evlər... Artıq "Sovetski" müharibə görmüş, bombalanmış əraziyə bənzəyir. Amma verilən pulun qarşılığında ayağımı da tərpədən deyiləm. Çünki evimin kvadratı azdır və verilən pulla daxma da almaq olmaz. Lakin bu yaxınlarda mənim kimi balaca kvadratı olan ev sahiblərinə maraqlı bir təklif irəli sürdülər. Artıq bununla razılaşanlar da var və onlar köçüblər. Bizə “Gənclik”də olan 2 yataqxanadan birində mənzil təklif etdilər. Getdim, baxdım. Pis deyil, yaxşıdır. Təzəlikcə təmir də ediblər. Amma... məsələ burasındadır ki, sənəd vermirlər. Tutaq ki, mən indi razılaşdım, ailəmlə köçdüm həmin yataqxanaya. Kim zəmanət verir ki, bir müddət sonra məni heç kim bayıra atmayacaq?! Mən buna görə də, güvənmirəm. Qanun yox, məhkəmə yox. Nəyə güvənim? Ona görə də, köçmürəm". 
Əldə etdiyimiz məlumata görə, "Sovetski"də söküntü işlərinin dayanmasına səbəb Avropa Oyunlarıdır. Manatın kəskin ucuzlaşması və qarşıdan gələn mötəbər oyuna görə, artıq xərclərin olmaması üçün söküntü və tikinti işləri dayandırılıb. Oyunlar başa çatdıqdan sonra proses yenidən davam edəcək. 














Qaynar.info