Ədliyyə naziri Fikrət Məmmədov hesab edir ki, Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarından bəzi hallarda ucuz sensasiya yaratmaq, məhkəmə-hüquq sisteminin fəaliyyətinə kölgə salmaq üçün istifadə olunur.
“Media forum” saytının məlumatına görə, ədliyyə naziri bu fikirlərini aprelin 8-də rəsmi dövlət orqanı olan “Azərbaycan qəzeti”ndə çap olunmuş müsahibəsində açıqlayıb.
Fikrət Məmmədov bildirib ki, heç bir dövlət ədalət mühakiməsinin tam təkmil olduğunu deyə bilməz: “Avropa Məhkəməsinin ötən il bütün Avropa dövlətləri üzrə çıxardığı qərarların üçdə birinin məhz ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu ilə bağlı olması bunu bir daha sübut edir.
Avropa Məhkəməsinin həmin qərarları ilk növbədə hüquq sisteminin daha da təkmilləşdirilməsi və inkişafı, insan haqlarının etibarlı təminatı naminə əsaslı mənbə kimi qəbul olunur. Elə Məhkəmənin presedent hüququ da məhz buna xidmət edir. Təəssüf ki, Avropa Məhkəməsinin ölkəmizlə bağlı qərarları bəzi hallarda ucuz sensasiya yaratmaq, məhkəmə-hüquq sisteminə qərəzli qiymət vermək, yaxud onun fəaliyyətinə kölgə salmaq naminə istifadə olunur”.
Nazir Azərbaycandan Avropa Məhkəməsinə şikayətlərin və məhkəmənin Azərbaycana qarşı qərarlarının artması barədə xəbərləri təkzib edib. Fikrət Məmmədov deyib ki, Azərbaycana qarşı çıxarılan qərarların sayı nəinki artıb, əksinə 2013-cü ildə azalaraq 8 qərar təşkil edib: “Halbuki Avropa Konvensiyasının tələblərinin pozulması ilə bağlı əhalisinin sayı Azərbaycanla təxminən eyni olan Macarstana qarşı 40, Yunanstana qarşı isə 32 qərar çıxarılıb. Əhalisinin sayı ölkəmizə nisbətən daha az olan Bolqarstana, Moldovaya, Slovakiyaya qarşı çıxarılan qərarların sayı Azərbaycanla müqayisədə 2-3 dəfə çoxdur.
Ümumiyyətlə, Avropa Məhkəməsinə Azərbaycandan daxil olan şikayətlərin sayı ümumi Avropa göstəricisindən 2 dəfədən çox aşağıdır.
Amma bu bizdə heç də arxayınlıq yaratmır, Avropa Konvensiyasının və məhkəmə presedentlərinin öyrənilməsi və tətbiqi, habelə hüquq sistemimizin inkişafı naminə istifadəsi işi əzmlə davam etdirilir”.
Qaynar.info