
"Son zamanlar boşanma halları sürətlə çoxalır. Bunun müqabilində ikici dəfə ailə quran cütlüklər də artır. Hansı ki, dünənə qədər bu məsələ Azərbaycan reallığında dəstəklənmirdi. Nişanı qayıtmış qızın sonradan ailə qurması çətin olurdu. İndi artıq bu kimi hallar gündəmdən çıxıb. Bir dəfə ailə qurub boşanan xanımı da normal qəbul edirlər. Bunlar qloballaşmanın gətirdiyi nüanslardan biridir".
Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında psixoloq Elnur Rüstəmov hazırkı durumda ailələrdəki gərginliyin uşaqlarda yaratdığı psixoloji pozuntulardan danışarkən deyib.

Elnur Rüstəmovun sözlərinə görə, günümüzün reallıqları insanların psixologiyasına hansısa bir formada təsir göstərir:
"İfrat informasiya ilə yüklənmək, dolayısı ilə qaçaraq həyat keçirməyimiz, stress, gərginlik insana təsir edir. Bunlar şəxsi həyata, ailə daxili münasibətlərə təsir göstərir. güvənsizlik, əhval-ruhiyyənin tez-tez dəyişməsi, fikirlərdə uyğunsuzluq kimi hallara gətirib çıxarır. Elə ailə var ki, iki uşağı var. Bunlardan biri bir həyat yoldaşından, digəri isə o biri həyat yoldaşındandır. Əlbəttə bunlar arasında münasibətlərdə problem olar. Onlara yanaşmada fərqlilik olar. Bu da uşağın psixologiyasına təsir edər. Bunlar qaçılmaz bir faktlardır".
Psixoloq qeyd edib ki, bu gün Azərbaycanda daha çox türk və rus seriallarına baxılır:
"Bunlarla bizim aramızda saat fərqi var. Türk kanallarında deyilir ki, "artıq yatmaq vaxtıdır". Ancaq bu da bizdə ssaat fərqilə gecə saat 10-11-ə gəlib çıxır. Hansı ki, bu vaxt uşaq çoxdan yatmalı idi. Uşaqlar üçün cizgi filmi verən kanallar var. Valideyn maariflənməlidir. Uşaqla münasibət düzgün qurulmalıdır. Valdeyn deməlidir ki "sən bir seriya cizgi filminə baxırsan və biz gedib yatırıq". Valideyn uşaq yatandan sonra televizora baxa bilər. Əslində problem varsa, həll yolları da var. Sadəcə valideynin özü bu problemin həllində maraqlı olmalıdır. Əlbəttə valideyn əyləşib seriala baxırsa və reklam arası uşaq yatızıdırırsa bu normal deyil. Bu da gərginlik yaradır".
Elnur Rüstəmov uşaqların təhsilinə də toxunaraq bildirib ki, hazırda dərs yükü əvvəlki illərlə müqayisədə çoxdur:
"Aşağı sinflərdə uşaqlar nə qədər yüklənir. Valdeynlər dərsdən sonra uşağı hazırlığa qoymaq məcburiyyətində qalır. Bəzən də özləri məşğul olur. Ancaq elə ailələr var ki, xüsusilədə xanımlar özləri işləmir və uşaqla da məşğul olmur. Uşaqların dərs mənimsə prosesində çətinlik yarana bilər. Uşaq gərgin ola bilər, qavranış pozuntusu, ünsiyyət pozuntusu və fobiyalar yarana bilər. Ancaq bunların həll yolu da var. Bu gün bizim valideynlər tənbəllik nümayiş etdirir. Uşaqla vaxt keçirmir. Telefonu uşağa verir ki, sən buna bax, mən seriala baxım. Valideyn daha asan və rahat yola gedir".
Psixoloqun fikrincə bizim ən böyük problemimiz ailələrin bu sahədə yetərincə maariflənməməsidir:
"Problemli uşaqlar da var. Ancaq bundan qat-qat çox olan problemli ailələr var ki, uşağın psixoloji pozuntuları ordan yaranır. Ailədə ana bir söz, ata digər söz deyir. Uşaq bilmir hansına qulaq assın. Əslində bu ailədə uşaq girovdur. Bu məqamlar nəzərə alınmalıdır. Bunlar uşaqlarda nitq pozuntusuna, kəkələməyə gətirib çıxarır".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az