
"Valideyn uşağını istəsə xristian, istəsə ateist, istəsə də müsəlman edə bilər".
Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında ilahiyyatçı Elşad Miri azyaşlı uşaqların Məkkəyə aparılmasına münasibət bildirərkən deyib.
Elşad Mirinin sözlərinə görə, kimsə ibadətə gedərkən uşağını da özü ilə aparmaq istəyirsə və buna imkanı çatırsa, burda qəbahətli bir şey yoxdur: "Bəzi insanlar ailələrini və kiçik yaşlı övladlarını Antalyaya gedərkən istirahətə aparırsa, Kəbəyə gedərkən niyə aparmasın? Belə bir qadağa yoxdur. Amma əslinə qalsa, gedib orda əziyyət çəkmələrinə və uşaqların onu dərk etməsnin heç bir əsası yoxdur. Yəni aparmaq istəyənlərə "aparma" demək olmaz. Uşağı aparmamaq insanı daha rahat edir. Çünki ordakı bir çox ibadətini rahat yerinə yetirə bilirsən".
İlahiyyatçı bildirib ki, beynəlxalq qanunlarda da valideyinin 15 yaşına qədər uşaqları yönləndirmək hüququ təsdiqlənir: "Valideyin istəsə, onu xristian, istəsə, ateist, istəsə də, müsəlman edə bilər. Buna heç kimin qarışmağa hüququ yoxdur. 15 yaşından sonra uşaq öz yolunu gedə bilər. Ola bilsin valideyinin verdiyi məsləhətlər doğru və düzgün əqidədirsə, onu yönləndirə bilər. Amma indi 5 və ya 7 yaşlı uşağı hər hansı bir dinə yönləndirmək və onun fikir yürütməsini düşünmək doğru deyil. Təsəvvür edək ki, məktəbə təzə gedən uşağa "sən fizika üzrə mütəxəssis olmalısan" deyirik. Qoy bu hələ bir əlifbanı və ondan əvvəlki dərsləri öyrənsin, sonra yönləndir".
Elşad Miri vurğulayıb ki, müsəlman çalışır, uşağı müsəlman olsun, xristian da çalışır, uşağı xristian olsun: "Bu da təbii bir prosesdir. Buna normal yanaşmaq lazımdır".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az